Qarabağ qaziləri Şəhidlər Xiyabanında aclıq aksiyasına başlayır - VÜQAR TOFİQOĞLUNA DƏSTƏK!
Bir qrup Qarabağ qazisi “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Tofiqoğluna (Məmmədov) dəstək məqsədilə aclıq aksiyası keçirməyi planlaşdırır.
Hurriyyet.info xəbər verir ki, bu barədə Vüqar Məmmədovun Hüquqlarını Müdafiəsi Komitəsinin baş katibi, Qarabağ qazisi Məğrur Bədəlsoy məlumat verib. Onun sözlərinə görə, aclıq aksiyasının 10.06.2026-cı il, saat 10:00 dan başlayaraq keçirilməsi nəzərdə tutulur.
M.Bədəlsoy bildirib ki, aksiya ilə bağlı aidiyyəti rəsmi qurumlara – Bakı Şəhər İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə, eləcə də təhlükəsizliyin təminatı üçün Daxili İşlər Nazirliyinə müraciət olunub:
“Artıq 8-ci aydır saxta, qondarma, gülünc ittihamla həbs olunan qazi jurnalist Vüqar Tofiq oğlu Məmmədovun bütün hüquqları kobud şəkildə pozulur. Hətta hazırda saxlandığı penitensiar müəssisədə də adi insan, məhbus hüquqlarına sayğı duyulmur.
Biz qanuni, konstitusion yolla savaş dostumuzun müdafiəsinə qalxmaq , onun hüquqlarının pozulmasını toplumun, dövlətin 1-ci şəxslərinin diqqətinə çatdırmaq üçün piket keçirmək qərarına gəldik, lakin BŞİH məqsədəuyğun saymadı.
Qazi jurnalis Vüqar Məmmədova qarşı haqsızlığa dirəniş olaraq Konstitusiya ilə təsbit edilən etiraz hüququmuzdan yararlanıb, 10.06.2026-cı il saat 10-dan başlayaraq ŞƏHİDLƏR XİYABANINDA 3 günlük ACLIQ AKSİYASI keçirmək haqqında XƏBƏRDARLIQ edirik.
DİN-in təhlükəsizliyimizi təmin etməyini diləyirik”.
Jalə FAMİLQIZI
Hurriyyet.info
