📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan Rusiyadan uzaqlaşır: Bakı yeni enerji marşrutuna çevrilir

2026-07-21 17:52:06

Qazaxıstan Rusiyadan uzaqlaşır: Bakı yeni enerji marşrutuna çevrilir

Qazaxıstan Ukraynanın Qara dənizdə tankerlərə endirdiyi zərbələrdən sonra neft ixracı marşrutlarını yenidən nəzərdən keçirməyə başlayıb.

Modern.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, ölkə yaxın vaxtlarda Novorossiysk limanı üzərindən neft ixracını dayandıra bilər.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, qərarın əsas səbəbi Qara dənizdə təhlükəsizlik risklərinin kəskin artmasıdır.

Məlumata əsasən, tanker şirkətləri artıq Novorossiysk terminalına gəmilər göndərməyi təhlükəli hesab edirlər.

Son insident zamanı Nelsa tankerinə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Novorossiysk terminalında neft yüklənərkən pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Hücum nəticəsində gəmidə yanğın baş verib.

Bloomberg qeyd edir ki, yaranmış vəziyyət Qazaxıstanı alternativ ixrac marşrutlarına üstünlük verməyə məcbur edə bilər.

Bu fonda ən real alternativlərdən biri Azərbaycan üzərindən keçən Transxəzər marşrutu hesab olunur. Son illərdə Bakı və Astana Xəzər dənizi vasitəsilə neft daşımalarının artırılması istiqamətində əməkdaşlığı genişləndirib. Qazaxıstan neftinin bir hissəsi artıq Aktau limanından tanker vasitəsilə Bakıya çatdırılır, buradan isə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə dünya bazarına çıxarılır.

Mütəxəssislər hesab edirlər ki, Qara dənizdə təhlükəsizlik risklərinin artması Azərbaycanın enerji və tranzit mərkəzi kimi strateji əhəmiyyətini daha da gücləndirə bilər. Bu isə Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolunun artmasına əlavə təkan verə bilər.