Qərbdən Naxçıvana milyardlıq dəstək – İnanaq?
Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Bizim “Qlobal Şəbəkə” İnvestisiya Proqramımız var və bu proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağıq. Bu, dövlət və özəl sektordan, ümumilikdə, 2 milyard avroyadək investisiyanın cəlb edilməsinə imkan yarada bilər. Layihələrə, məsələn, Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər“, - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Bəyanatın ən incə məqamlarından biri layihələrə Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılmasının daxil edilməsidir. Bu addım, Aİ-nin regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bərabər, həm də birbaşa maliyyə dəstəyi verməyə hazır olduğunun rəsmi nümayişidir. Belə bir bağlantının reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Türkiyə üzərindən Avropaya yeni, kəsintisi olmayan alternativ cənub marşrutu qazandırır.
İqtisadçı Eldəniz Əmirov Musavat.com-a bildirib ki, Zəngəzur dəhlizi 2020-ci ilin dekabrında koridor olaraq müzakirə mövzusu idisə, bu gün artıq o kontekstdən çıxaraq, daha böyük anlamda dünya güclərinin mübarizə apardığı coğrafi məkana çevrilib. İqtisadçının sözlərinə görə, məhz buna görə ABŞ və Ermənistan dəhlizin işlədilməsi üçün şirkət yaradıb:
“Şirkətin 76 faizlik payı ABŞ-ə, 24 faiz isə Ermənistana aiddir. Belə bir vəziyyətdə Rusiya tamamilə kənarda qaldı. 5 il öncə Rusiya bu dəhliz üzərində əsas oyunçulardan biri hesab olunurdu. Rusiya ərazidən çıxdıqdan sonra digər güclər, o cümlədən Avropanın bu dəhlizdə bərqərar olması və öz maraqlarını müdafiə etməsi çox önəmli idi. Bu kontekstdən yola çıxaraq, bir neçə məqsəd formalaşdı. Bu məqsədlərdən biri Avropanın Cənubi Qafqazda sülhü iqtisadi layihələrlə möhkəmləndirməkdir. Buna görə də Avropa Komissiyası bu paketi “Bağlantı vasitəsilə sülh” adlandırır. Məntiq bundan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpa olunacağı təqdirdə iqtisadi qarşılıqlı asılılıq artacaq, bu da sülhü dayanıqlı edəcək. Digər tərəfdən Avropa Azərbaycanı, təkcə enerji tərəfdaşı deyil, eyni zamanda, bir çox marşrut üzrə, məsələn Avropa-Xəzər dənizi-Mərkəzi Asiya marşrutunun əsas halqası kimi görür. Azərbaycan Rusiyadan yan keçən alternativ dəhlizin əsas infrastrukturlarına sahibdir. Bu kontekstdə Avropa üçün Azərbaycan və Zəngəzur dəhlizi son dərəcə önəmlidir”.
İqtisadçı hesab edir ki, Avropa İttifaqı həmçinin, regional təsirləri balanslaşdırmağa cəhd edir:
“Aİ müxtəlif layihələr vasitəsilə həm iqtisadi iştirakını artırır, həm Türkiyə ilə əlaqəni gücləndirir, həm də Rusiya və İran üzərindən keçən alternativ marşrutlardan asılılığı azaldır. Yəni geosiyasi baxımdan Aİ-nin bu təşəbbüsləri başadüşüləndir. Hesab edirəm ki, Naxçıvana qrant ayrılması ilə bağlı hədəf digər hədəflərlə uzlaşır. TRIPP layihəsi ilə birbaşa əlaqə olmasa da, o coğrafiyada bütün proseslər bir-birilə əlaqədardır. TRIPP Naxçıvanı, Azərbaycanı, Türkiyəni və Avropanı birləşdirən logistik şəbəkə olaraq qeyd olunur. Naxçıvan kontekstində mövqeyi güclənən istənilən təşkilat, ölkə, siyasi birlik həm də TRIPP üzərində mövqeyə malik olur. Çünki layihənin növbəti istiqaməti Naxçıvandır. Layihə ilə bağlı Naxçıvanda normal infrastruktur formalaşdırılmasa, o zaman layihənin əhəmiyyəti nisbətən azalır. ABŞ nə etsə də, TRIPP layihəsinin davamı uğurlu olmasa, Ermənistan ərazisindəki uğur tamamlayıcı gücə malik olmayacaq. Avropa Komissiyası bunu nəzərə alaraq, Naxçıvanda bərqərar olmaq istəyir. Başqa sözlə, qrantı TRIPP-in maliyyələşdirilməsi kimi yox, regional nəqliyyat və ticarət təşəbbüsünün mümkün qədər dəstəklənməsi kimi dəyərləndirmək olar”.