📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qızım sərxoş vəziyyətdə olan atası tərəfindən 13-cü mərtəbədən atılaraq öldürülüb" - ŞİKAYƏT

2023-05-02 11:23:00

Dilarə Bağıyeva: "Nizami rayon prokuroru Pərviz İbayev 8 yaşlı uşağın ölüm faktına əsassız olaraq intihar donu geyindirib"

"Görünür, Vahid Nadirovun anası, Almaz Nadirovanın Ramiz Mehdiyevin qaynının evində xidmətçi kimi çalışması bu işdə ciddi təsiredici rol oynayır"

"Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin və Nizami Rayon Prokurorluğunun məsul işçiləri tərəfindən bir neçə sənədin saxtalaşdırılmasına yol verilib"

Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 5, mənzil 13-də yaşayan Dilarə Ehtibar qızı Bağıyeva 8 yaşlı qızı Fərəh Nadirovanın ata cinayətinin qurbanı olduğunu və nəticədə 27.11.2020-ci il tarixdə faciəvi şəkildə dünyasını dəyişdiyini bildirib.

"Baş prokurorun qəbullarında olarkən dəfələrlə cinayət hadisəsini təhrif edən bir çox qərəzli, qanun pozuntusuna yol verilmiş sənədləri təqdim etsəm də, vəsatətlərim təmin edilmir, Pərviz İbayev və sabiq müstəntiq Elvin Şahmirzəli haqqında qanunamüvafiq tədbirlər görülmür" 

Belə ki, cinayət hadisəsinin Bakı şəhəri, Nizami rayonunda baş verdiyini deyən şikayətçinin iddiasına görə, qızı Fərəh Nadirova spirtli içki aludəçisi və həmin gecə sərxoş vəziyyətdə olan atası Vahid Ağaəli oğlu Nadirov tərəfindən, hündürmərtəbəli binanın 13-cü mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən zorakılıq, şiddət, işgəncə zəminində yerə atılaraq öldürülüb: "Hadisə gecəsi Nadirov Vahid tərəfindən həm ölüm, həm də döyülmə hərəkəti törədilib. Nizami Rayon Prokurorluğunun sabiq müstəntiqi Elvin Şahmirzəli ölüm faktını döyülmə faktından ayıraraq 28.11.2020-ci il tarixdə Cinayət Məcəlləsinin (CM) 125-ci maddəsi ilə başlanan cinayət işinə hadisədən 3 ay sonra bir çox qanun pozuntularına yol verərək xitam qərarı verib. Nəzərə almayıb ki, hər ikisi eyni anda bir gecədə baş verib və ortada işi ağırlaşdıran ölüm faktı var. Həm ölüm, həm də döyülmə faktı ilə bağlı Nizami Rayon Prokurorluğuna şikayətlər etdim, vəsatətlər verdim. Bundan sonra CM-nin 133.1-ci maddəsi ilə Nadirov Vahidə qarşı ittiham irəli sürüldü və 15.03.2021-ci il tarixdə baxılması üçün məhkəməyə verildi. Məhkəmə iclasları 6 aydan çox davam edib. İş üzrə toplanmış bütün sübutlar məhkəmədə tədqiq edilərək qiymət verilib, hesab edilib ki, həmin sübutlar cinayəti törətməkdə mötəbər və mümkündür. Məhkəmə Nadirov Vahidi təqsirli bilirək barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərək 14 oktyabr 2021-ci il tarixdə məhkəmə zalında həbs edib. Lakin o, cəzasını çəkməmiş Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarının 2.1 və 30-cu bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzadan azad edildi, 8 Noyabr Zəfər Günü münasibətilə amnistiya qərarı tətbiq edildi".

Vahid Nadirovun anası, Almaz Nadirovanın Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin Yura adlı qaynının evində 15 ildən artıqdır ki, xidmətçi kimi çalışdığını vurğulayan Dilarə Bağıyeva qeyd edib ki, tətbiq olunmuş amnistiya qərarı ilə onun zərərçəkmişin bütün vətəndaşlıq hüquqları tapdanıb: "Nizami rayon prokuroru Pərviz İbayev hadisə gecəsindən əsassız, sübutsuz, intiharın heç bir əlaməti, izi olmadığı halda, hətta araşdırma aparmadan, intiharın olub-olmamasını dəqiqləşdirmədən, hadisənin səhəri, yəni 28.11.2020-ci il tarixdə Nizami rayon 25-ci polis bölməsinin və prokurorluq orqanının qərəzli mövqeyindən irəli gələrək CM-nin 125-ci maddəsi ilə cinayət işinin başlanması haqda qərar verərək, 8 yaşlı uşağın ölüm faktına əsassız olaraq intihar donu geyindirib. Qərəzli mövqe tutan prokuror Pərviz İbayev araşdırmalar aparmadan CM-nin 125-ci maddəsi ilə açılmış cinayət işinin Nizami Rayon Prokurorluğunun icraatında olan müddət ərzində CM-nin 120-ci maddəsinə tövsif etməyib, süründürməçilik, bezdirmə mövqeyi tutmuş, cinayət işinin qərəzsiz aparılmasını təmin etməmiş, dəfələrlə cinayət işinə xitam qərarı vermişdir. Pərviz İbayev 8 yaşlı uşağı öldürən qatilin cinayət məsuliyyətindən boyun qaçırması üçün bilərəkdən bir çox qanun pozuntularına yol verib. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində 7 ay davam edən cinayət işi üzrə süründürməçilik hökm sürür, cinayət işində CM-nin 120-ci maddəsinin tərkib hissəsini sübut edəcək bir çox xüsusatlar, faktlar, dəlillər olmasına baxmayaraq, cinayət işi hələdə CM-nin 125-ci maddəsindən 120.1-ci maddəsinə tövsif edilmir. Görünür, Vahid Nadirovun anası, Almaz Nadirovanın Ramiz Mehdiyevin Yura adlı qaynının evində 15 ildən artıqdır ki, xidmətçi kimi çalışması bu işdə ciddi təsiredici rol oynayır. Baş prokuror Kamran Əliyevin qəbullarında olarkən dəfələrlə cinayət hadisəsini təhrif edən bir çox qərəzli, qanun pozuntusuna yol verilmiş sənədləri təqdim etsəm də, qaldırdığım vəsatətlərim təmin edilmir, Nizami rayon prokuroru Pərviz İbayev və sabiq müstəntiq Elvin Şahmirzəli haqqında istintaq müddətində qanunamüvafiq tədbirlər görülmür. Əksinə sabiq müstəntiq Elvin Şahmirzəli cinayət işinin icraatı müddətində bir çox qanun pozuntusuna yol verməsinə baxmayaraq, nədənsə vəzifəsi yüksəlir və Baş Prokurorluğun İstintaq İdarəsinə yeni təyinat alır".

"Sabiq müstəntiq Elvin Şahmirzəli istintaq dövründə ona həvalə edilmiş mühüm əhəmiyyət kəsb edə biləcək bütün fakt və sübutları gizlədib, ilkin təxirəsalınmaz istintaq hərəkətlərini aparmayaraq onların izini itirib" 

Şikayətçi hesab edir ki, cinayət əməlini törədən Vahid Nadirov hadisə gecəsi şübhəli şəxs qismində həbs edilərək təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilməli idi: "Buna əsas verən şahid Gülalıyeva Səyyarə Müşfiq qızının hadisə gecəsi Daxili İşlər Nazirliyinin (DİN) 102 məlumat mərkəzinə zəng edərək "ata uşağı pəncərədən aşağı atdı" kimi verdiyi məlumatıdır. Polis və prokurorluq əməkdaşları hadisə yerinə çağırışla çıxmışdılar. Polis əməkdaşları Nadirov Vahidi hadisə yerindən əlini burub, polis maşınına oturdub polis şöbəsinə aparmışdılar. Lakin Nizami rayon prokuroru Pərviz İbayev heç bir araşdırma aparmadan hadisənin səhəri, tezdən Nadirov Vahidin sərbəst buraxılması barəsində Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinə şifahi tapşırıq verib. Ortada ölüm faktı və şahid zəngi olmasına baxmayaraq, Pərviz İbayev şəxsi məqsədlərini güdərək, tutduğu vəzifəsindən sui-istifadə edərək, səlahiyyətini aşaraq Nadirov Vahidi sərbəst buraxaraq təxirəsalınmaz hərəkətlərin görülməsi istiqaməti üzrə bütün işlərin qarşısını alıb. Cinayət hadisəsinin üstündən 2 ildən artıq müddət keçdiyinə və bir çox mötəbər faktların mövcudluğuna baxmayaraq, Nadirov Vahid hələ də şübhəli şəxs qismində həbs edilməyib, cinayət işində şahid qismində tanınır. İstintaq işini aparan 2-ci müstəntiq Şahin Məmmədov, 1-ci müstəntiq Elvin Şahmirzəlidən fərqli olaraq, qaldırdığım vəsatətlər əsasında Fərəhin atası tərəfindən pəncərədən atılması ilə bağlı mühüm əhəmiyyət kəsb edən çoxsaylı faktlar, sübutlar aşkar etdi. Respublika Prokurorluğu Şahin Məmmədovun aşkar etdiyi fakt və sübutları nəzərə almayıb, nəticədə Şahin Məmmədov öz iradəsindən asılı olmayaraq cinayət işinə xitam qərarı verib. Sabiq müstəntiq Şahin Məmmədovun verdiyi xitam qərarından sonra iş üzrə mühüm olan sənədlərlə tanış olub, surətini almışam. Respublika Prokurorluğuna cinayət işində üzə çıxan qanun pozuntusunu sübut edən sənədləri təqdim etdikdən sonra Baş Prokurorluq Şahin Məmmədovu sənədləri mənə təqdim etməsinə görə tənbeh edib. Bunu sübut edəcək müstəntiqin səs yazısı mövcuddur. Bu səs yazısı Fərəhin atası tərəfindən atılıb öldürülməsi faktının bağlı qalması istiqaməti üzrə prokurorluq orqanının sənədlər üstündə qərəzli mövqeyini göstərərək, maraqlı tərəf olmasını sübut edir. Göründüyü kimi, ilkin ibtidai istintaq dövründə cinayət işinin aparılması ona həvalə edilmiş 1-ci sabiq müstəntiq Elvin Şahmirzəli istintaq dövründə ona həvalə edilmiş mühüm əhəmiyyət kəsb edə biləcək bütün fakt və sübutları gizlədib, mənə məlumat verməyib, istintaqın aparılması üçün mühüm əhəmiyyət kəsb edən bir çox faktın üstündən sükutla keçib, ilkin təxirəsalınmaz istintaq hərəkətlərini aparmayaraq onların izini itirib. Sabiq müstəntiq Şahin Məmmədovdan sonra cinayət işinin araşdırılması Nizami Rayon Prokurorluğunun müstəntiqi İlham Xankişiyevə həvalə olunub. İlham Xankişiyev bir gənc müstəntiq kimi, ağır cinayət işlərində heç təcrübəsi olmayan, səriştəsiz, bu yola yeni başlayan, prokuror Pərviz İbayevin qərəzli göstərişini, mövqeyini müdafiə edən və işin içində iştirak edən digər 3-cü qeyri-obyektiv müstəntiqdir. Bir rayon prokurorluğunda eyni cinayət işi üzrə ayrı-ayrı vaxtlarda istintaq hərəkəti dövründə 3 müstəntiq təyinatı prosessual və kobud qanun pozuntularının olmasından xəbər verir. Hazırda cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Vətən Əliyev tərəfindən davam etdirilir. Vətən Əliyev cinayət işində sayca 4-cü müstəntiqdir".

"Nadirov Vahid Fərəhi güclə əlimdən qoparıb sürüyüb otağa atandan sonra yenidən məni fasilələrlə sürüyüb, döyməyə davam etdi"

Cinayət işinin materialları içərisində olan və qızının atası Vahid Nadirov tərəfindən 13-cü mərtəbədən atılaraq öldürüldüyünü təsdiq edən bir neçə mühüm faktı açıqlayan Dilarə Bağıyevanın sözlərinə görə, həmin binanın 11-ci mərtəbəsində yaşayan qonşusu Gülalıyeva Səyyarə Müşfiq qızı öz mənzilinin eyvanından hadisə anını görərək, Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə zəng edib şahid qismində məlumat verib: "Səyyarənin yaşadığı mənzilin eyvanından yataq otağının pəncərəsi birbaşa görünür. Həmin zəngdə şahid Səyyarə deyir ki, çox həyəcanlıdır, ürəyi partlayır, ata uşağı pəncərədən aşağı atdı. Şahid Gülalıyeva Səyyarənin izahatı müstəntiq Elvin Şahmirzəli tərəfindən dərhal alınmayıb, bununla da cinayət hadisəsinin CM-nin 120-ci maddəsi ilə başlanmasının qarşısı alınıb, şahidin DİN-nin 102 məlumat mərkəzinə zəng edərək cinayət hadisəsi barədə verdiyi məlumatı aylar sonra verdiyi rəsmi izahatlarında təhrif olunub, zəng edib verdiyi məlumatdan fərqlidir. Müstəntiq Elvin Şahmirzəli şahid Gülalıyevanın 102 məlumat mərkəzinə zəng edərək "ata uşağı pəncərədən aşağı atdı, çox həyəcanlıyam, ürəyim partlayır, xahiş edirəm tez olun" kimi verdiyi məlumatın səs yazısını cinayət işi ona həvalə olunan müddətdə əldə etmək üçün DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinə sorğu göndərməyib, əldə etməyib və sistemdən silinməsinə görə birbaşa məsuliyyət daşıyır. Şahid Gülalıyeva Səyyarə Elvin Şahmirzəlinin köməyi ilə istintaqa verdiyim izahatlarımla tanış olub və aylar sonra zəngi barəsində verdiyi məlumatı mənim izahatlarımdan istifadə edərək öz rəsmi izahatlarında müstəntiqlə baş-başa verib düz-qoş ediblər. Bundan başqa, Daxili İşlər Nazirliyi Kriminalistika Tədqiqatlar İdarəsi tərəfindən hadisə yerinin müayinəsi zamanı pəncərənin dəstəyindən, pəncərə altlığından, pəncərə altındakı radiatordan götürülmüş əl izlərinin tədqiqatı zamanı müəyyən olunub ki, Fərəhin əl-barmaq izləri adıçəkilən yerlərdə aşkar edilməyib. Bu da o deməkdir ki, qızım Fərəh pərdəni çəkməyib, pəncərəni açmayıb özünü aşağıya atmayıb, qəza baş verməyib".

Şikayətçi qeyd edib ki, Vahid Nadirov hadisə baş verdiyi gün gecə saatlarında evə içkili gəldikdən sonra hamamda duş kabinəsinin şüşəsini qırıb özünü yaralayıb: "Onun bədənin müxtəlif nahiyəsində, həmçinin sol əlinin üzərində qanlı kəsik xəsarətləri olması haqda ekspert rəyi var. Yataq otağının qapısının dəhlizə açılan üzü tərəfdə, hamam qapısının üzərində, mətbəx otağının qapısının və çərçivəsinin üzərində, dəhlizdəki divar kağızlarında, dəhlizdəki istilik radiatorunun arxa hissəsindəki divar kağızında, yataq otağının pəncərəsinin sağ tərəfində pəncərədən sağ tərəfə doğru olan divar kağızının yuxarı hissəsinin üzərində, internet modeminin üzərində damcı və sürtülmə xarakterli qan izləri 2-ci müstəntiq Şahin Məmmədovun apardığı istintaq hərəkətləri dövründə aşkar edilərək Məhkəmə Tibbi Ekspertizasına təqdim edilib. Bildirmək istəyirəm ki, Fərəhin qan qrupu Nadirov Vahidin qan qrupu ilə AB 4 kimi eynilik təşkil edib. Fərəhin, sərxoş atası tərəfindən pəncərədən atılmamışdan əvvəl qanlı xəsarəti olmayıb, yəni bu halda həmin qan izləri Nadirov Vahidə məxsusdur. Onu da bildirim ki, Nadirov Vahid Fərəhi güclə əlimdən qoparıb sürüyüb otağa atandan sonra yenidən məni fasilələrlə sürüyüb, döyməyə davam etdi. Nadirov Vahidin məni fasilələrlə sürüyüb, döyməkdə məqsədi Fərəhi pəncərədən aşağıya atması faktının bütün şübhələrini onun üzərindən yayındırmaq, Fərəhi pəncərədən atması faktını mənim tərəfimdən tez aşkar edilməyib guya mənim yanımda olması abu-havasını yaratmaq olub".

"İbtidai istintaq hərəkətini aparan müstəntiq Elvin Şahmirzəli hadisə yerinə baxış protokolunda imzamı saxtalaşdırıb"

Dilarə Bağıyeva iddia edir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin məsul polis işçiləri və Nizami Rayon Prokurorluğunun məsul işçiləri tərəfindən bir neçə sənədin saxtalaşdırılmasına yol verilib: "Bundan başqa, ibtidai istintaq hərəkətini aparan müstəntiq Elvin Şahmirzəli hadisə yerinə baxış protokolunda imzamı saxtalaşdırıb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində təqdim olunmuş imza nümunələrim yoxlanılaraq imzanın mənə məxsus olmaması sübüta yetirilib. Lakin imzamım saxtalaşdırılmasına yol vermiş müstəntiq Elvin Şahmirzəli bu günə kimi məsuliyyətə cəlb olunmayıb, qaldırdığım vəsatətlərə baxmayaraq barəsində qanuna müvafiq tədbirlərin görülməsi təmin edilməyib. Odur ki, bütün bunları nəzərə alaraq, "Hürriyyət" vasitəsiylə müvafiq qurumlara müraciət edərək, hazırda Baş Prokururluğun İstintaq İdarəsində icraatda olan cinayət işində ortada cəsədin olması, lakin cinayət hadisəsinə hüquqi qiymət verilməməsi, cinayəti törədən şəxsin Nadirov Vahidin olmasına rəğmən, qərəzli aşkar edilməməsi, cinayət işində qanun pozuntularına yol verən məmurların, ölkə başçısının yürütdüyü qanun siyasətində şəffaflıq, ədalət normalarını pozaraq qarşı çıxmaları haqda siqnal verib, bu oyuna son qoymalarını və Nadirov Vahidin törətdiyi cinayət əməlinə görə istintaq hərəkəti dövründə həbs olmasını, istintaq orqanından işin baxılması üçün məhkəməyə verilməsini artıq dərəcədə xahiş edirəm".

"Hürriyyət"