"Repetitorsuz qəbul" planı ilə bağlı İLGİNC DETALLAR
Azərbaycanda məktəblərin repetitor asılılığından xilas olması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bakı şəhərində 31 ümumi təhsil müəssisəsində tətbiq olunacaq yeni təmayül tədris modeli ilə bağlı ən çox diqqət çəkən məqam şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan ali məktəblərə qəbul imtahanlarına hazırlaşa bilməsinin hədəflənməsidir. Təhsil qurumları hesab edir ki, gücləndirilmiş məktəbdaxili tədris həm şagirdlərin akademik nəticələrini artıracaq, həm də repetitorluğa olan tələbatı əhəmiyyətli dərəcədə azaldacaq. Lakin bu, Azərbaycanda ilk belə təşəbbüs deyil. Təmayül tədrisi əvvəlki illərdə tətbiq edilsə də, gözlənilən nəticəni tam vermədiyi və repetitor bazarına ciddi təsir göstərmədiyi barədə fikirlər səsləndirilmişdi. Bu səbəbdən yeni modelin uğur qazanacağı, yoxsa yenə də kağız üzərində qalacağı ilə bağlı suallar yaranır.
Bəs məktəblər doğrudan da ali məktəbə hazırlığın əsas ünvanına çevrilə biləcəkmi?
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Musavat.com-a danışıb.

Onun fikrincə, Bakı şəhərində 31 ümumi təhsil müəssisəsində tətbiq olunacaq yeni təmayül tədris modeli Azərbaycan təhsil sisteminin ən böyük problemlərindən olan repetitor asılılığı ilə mübarizədə atılmış addımdır:
"Bu modeli əvvəlki uğursuz təmayülləşmə cəhdlərindən fərqləndirən əsas məqam odur ki, məktəb artıq Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul proqramını rəqib və ya kənar element kimi görmür, əksinə, tamamilə həmin proqrama adaptasiya olunur. Sadə dillə desək, orta məktəb proqramı kənara qoyulur və dərslər yalnız universitet imtahanında düşən mövzular üzrə qurulur. Hansı ki, biz uzun müddətdir bu təklifi irəli sürürdük. Əvvəlki illərdə təmayülləşmə sadəcə bəzi fənlərin saatlarının mexaniki şəkildə artırılması ilə məhdudlaşırdı. Şagird yenə də ağır, yüklənmiş kurikulumu oxumağa məcbur idi. Yeni model isə köklü fərqlərə malikdir. Belə ki, dərsləri adi bölüşdürmə ilə deyil, abituriyent hazırlığında real təcrübəsi olan peşəkar müəllimlər keçəcək. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirərək həm nəzəriyyəni, həm də praktiki test məşğələlərini daxildə həll edəcəklər. Eynilə hazırlıq kurslarında olduğu kimi, məktəblərdə mütəmadi aylıq sınaq imtahanları təşkil olunacaq və s".
İlqar Orucov qeyd edib ki, yeni model həm də valideynləri minlərlə manatlıq repetitor xərcindən azad etmək üçün tam hüquqlu baza yaradır:
"Çünki dövlət bu xidməti məktəb daxilində tamamilə ödənişsiz təklif edir. Bu, xüsusilə aşağı və orta gəlirli ailələr üçün böyük sosial dəstəkdir. Lakin psixoloji tərəf fərqlidir. Cəmiyyətdə illərdir və həm də haqlı olaraq formalaşmış "repetitor yanına getməyən uşaq universitetə girə bilməz" stereotipi mövcuddur. Valideynlərin bu kimi qorxularının aradan qaldırılması və pullarının repetitorlara xərcləməkdən imtina etməsi üçün bu 31 məktəbin ilk məzunlarının DİM imtahanlarında kütləvi şəkildə 500-600+ bal toplaması şərtdir. Uğurlu nəticə vizual olaraq sübut olunmayana qədər, düşünürəm ki, valideynlər yenə də paralel olaraq uşaqlarını repetitor yanına qoymağa meylli olacaqlar".
Ekspert vurğulayıb ki, bu layihənin kağız üzərində qalmaması və real effektivlik verməsi üçün Elm və Təhsil Nazirliyi və aidiyyəti qurumlar iki mühüm riski sıfırlamalıdır:
"Birincisi, müəllimlərin maddi motivasiyasıdır. Belə ki, repetitorluqdan yüksək gəlir əldə edən peşəkar müəllimi məktəbdə tam enerji ilə saxlamaq üçün onlara xüsusi əməkhaqqı bonusları və ya differensial maaş sistemi tətbiq olunmalıdır. Maddi motivasiya olmasa, müəllim dərsi köhnə qaydada tədris etməyə davam edəcək. İkincisi, şagird kontingentinin seçimi doğru həyata keçirilməlidir. Bu siniflərə hamı deyil, yalnız oxumaq istəyən, müəyyən baza biliyi olan şagirdlər seçilməlidir. Sinifdə oxumaq istəməyən şagird təbii ki, bütün dərsin keyfiyyətini aşağı sala bilər. Düşünürəm ki, bu model Azərbaycan təhsilinə və məktəbinə olan inamın bərpası üçün faydalı ola bilər. Məktəblər doğrudan da ali məktəbə hazırlığın əsas ünvanına çevrilə bilər, sadəcə icra prosesində bürokratik formalizmdən uzaq durmaq və hər bir məktəbə ciddi daxili nəzarət tətbiq etmək lazımdır".
İlqar Orucov əlavə edib ki, digər vacib bir məqam - məktəbləri hazırlıq kursu statusuna gətirib çıxarmamaqdır:
"Məktəbin funksionallığı həm də gələcək üçün sağlam, milli və bəşəri dəyərlərə sahib olan vətəndaş yetişdirməkdir. Bu, məsələnin ən həssas və strateji nöqtəsidir. Təhsil sadəcə test mexanikasından ibarət deyil və məktəbi sırf "qəbul konveyerinə" çevirmək böyük risklər daşıyır. Yeni təmayül modelinin icrasında ən böyük təhlükə məktəblərin öz ali missiyasını itirərək sadəcə bir hazırlıq kursu statusuna enməsidir. Orta məktəbin fundamental funksiyası təkcə universitetə abituriyent hazırlamaq deyil, ilk növbədə cəmiyyət üçün sağlam, geniş dünyagörüşünə malik, milli-mənəvi dəyərləri mənimsəmiş vətəndaş yetişdirməkdir. Əgər biz məktəbi tamamilə yalnız qəbul imtahanı fənlərindən ibarət bir məkana çevirsək, fərd olaraq inkişafı yarımçıq qalmış nəsil qazanarıq. Bu balansın qorunması üçün yeni modeldə mütləq qeyd edəcəyim mexanizmlər nəzərə alınmalıdır. Tərbiyə işinin, vətəndaşlıq məsuliyyətinin, xarakterin, sosial və emosional intellektin formalaşdırılmasına diqqət mütləq artırılmalıdır. İmtahan marafonu şagirdlərdə ciddi stress və depressiya yaradır. Məktəb idman, incəsənət, debat klubları və sosial layihələr vasitəsilə şagirdin psixoloji dayanıqlığını təmin etməlidir. Kurslar bunu etmir, lakin məktəb etməyə borcludur.
Məktəb mühiti şagirdə cəmiyyətdə insanlarla düzgün ünsiyyət qurmağı, çətinliklərə qarşı iradə nümayiş etdirməyi və sağlam xarakter formalaşdırmağı öyrədir. Tərbiyə prosesi dərsin içində, müəllimin şagirdə göstərdiyi fərdi münasibətdə gizlənir. Şagird qəbul imtahanında Azərbaycan tarixi və ya ədəbiyyat fənnindən 100 faiz nəticə göstərə bilər, lakin bu fənlər ona sadəcə quru fakt kimi yox, milli kimlik və mənəviyyat pasportu kimi tədris olunmalıdır. Ali məktəbə yüksək balla girən, lakin vətəndaşlıq borcunu, sosial məsuliyyətini dərk etməyən bir gənc cəmiyyət üçün faydalı ola bilməz. Hazırlıq kursları fərdi rəqabətə əsaslanır. Məktəb isə şagirdə komandada işləməyi, empatiya qurmağı və rəqabəti sağlam şəkildə aparmağı öyrətməlidir. Məktəbin əsas hədəfi gələcək üçün savadlı idarəçi, mühəndis və ya həkim yetişdirməklə bərabər, həm də vicdanlı insan tərbiyə etməkdir. Bir sözlə, yeni model uğur qazanmaq istəyirsə, tədris planında qəbul fənlərinin saatını artırarkən məktəbin daxili nizam-intizamını, tərbiyəvi tədbirlərini və mənəvi mühitini zəiflətməməlidir".