📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RƏQƏMSAL TƏRBİYƏ - Uşaqlarımızı təhlükədən necə qoruyaq?

2026-07-07 14:11:53

RƏQƏMSAL TƏRBİYƏ - Uşaqlarımızı təhlükədən necə qoruyaq?

Azərbaycanda sosial media platformalarında qeydiyyat üçün minimum yaş həddinin 16 yaş müəyyən edilməsi ilə bağlı müzakirəyə çıxarılmış qanun layihəsi bütünlükdə gənc nəslin gələcəyinə təsir edəcək rəqəmsal fundamentin formalaşmasında mühüm yer tutur.

Məlum olduğu kimi, layihəyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə şəxsi hesab açması qadağan edilir, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunur.

Bu qanunun sırf hüquqi tərəfi ilə yanaşı, dövlətin indidən qarşısını almağa çalışdığı problemlər tərəfi də var. Hansı ki, bu problemlər artıq özünü göstərməkdədir və onların qarşısı vaxtında alınmasa, cəmiyyət üçün daha böyük fəsadlar yarada bilər.

Rəqəmsal uşaqlıq dövrü uşaqların sağlam inkişafına təhdid törədən kiber risklər, zərərli kontentlər, asılılıq kimi problemlər yaradır və artıq yaradıb. Bu prosesin qarşısının alınması dövlətin qanunvericilik mexanizmləri tətbiq etməsini zəruri edir.

Müasir dövrdə uşaqlar internetə çox erkən yaşda qoşulurlar və bu zaman təhlükələrlə qarşılaşırlar. Qlobal araşdırmalara görə, uşaqların 60%-dən çoxu internetdən hər gün istifadə edir və onların ilk rəqəmsal təması orta hesabla 5-7 yaş aralığına təsadüf edir. Məsələn, kiberbullinq (onlayn təqib və təzyiq) uşaqların psixologiyasına ağır zərbə vurur. Zərərli məzmunlar uşaqları zorakılıq və pis vərdişlərlə üz-üzə qoyur. Ekran asılılığı fiziki hərəkətsizliyə və sosial izolyasiyaya səbəb olur. Şəxsi məlumatların sızması uşaqları kibercinayətkarların hədəfinə çevirir və sair.

Bütün bunların qarşısının alınmasında dövlət və valideyn birgə fəaliyyət göstərməlidir. Lakin bunun üçün həm də valideynin müəyyən səviyyədə də olsa, rəqəmsal bilikləri olmalıdır. Bu isə təəssüf ki, hər zaman olmur…

Odur ki, dövlətin uşaq siyasəti artıq yalnız fiziki qayğı ilə məhdudlaşa bilməz. Belədə rəqəmsal mühitdə təhlükəsizlik, xüsusilə də uşaqlarla bağlı təhlükəsizliyin təminatı dövlət strategiyasının tərkib hissəsinə çevrilir. Bu zaman əsas məqsəd uşaqların azad informasiya almaq hüququnu pozmadan onları risklərdən qorumaqdır. Bunun üçün həm qanunla tənzimlənən, həm də maarifləndirici bir mühit qurulmalıdır.

Həssas məqam uşaqların BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə təsbit olunmuş informasiya almaq və ifadə azadlığı hüququ ilə təhlükəsizlik ehtiyacları arasında düzgün balansı tapmaqdır. Bu səbəbdən dövlətin siyasəti "tam qadağan etmək" deyil, uşağın rəqəmsal mühitdə sərbəst, lakin qorunan şəkildə hərəkət etməsini təmin edən - tənzimlənən ekosistem yaratmağa yönəlib.

Uşaqların rəqəmsal dünyada təhlükəsizliyini təmin etmək yalnız qanunların deyil, həm də ailə daxili düzgün yanaşma və kollektiv məsuliyyət tələb edir. Bunun üçün texniki nəzarət proqramlarından istifadə edilməlidir. Burada yenə də valideynin rəqəmsal savadlılığına ehtiyac var. Ancaq ən azından valideyn tərəfindən uşaqlar üçün ekran vaxtı limitləndirilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, azyaşlıların yaş qrupuna görə gündəlik rəqəmsal cihaz istifadəsi 1-2 saatla məhdudlaşdırılmalı, yuxudan öncə rəqəmsal cihazlarla təmas kəsilməlidir.

Qadağalar qoymaqla yanaşı, uşaqlarla internetin riskləri barədə danışılmalıdır. Valideyn elə etməlidir ki, uşaq onlayn mühitdə hər hansı təzyiq və ya qorxulu məzmunla qarşılaşdıqda bunu mütləq valideynə bildirməkdən çəkinməsin.

Uşaqlara şəxsi məlumatların toxunulmazlığı öyrədilməlidir. Onlara internetdə tam ad, ev ünvanı, məktəb adı, cari məkan və ya şəxsi fotoşəkilləri heç kimlə, xüsusən də yad şəxslərlə paylaşmamağın vacibliyi izah edilməlidir.

Eləcə də sosial media platformalarından ciddi hesabatlılıq tələb olunmalıdır. Vətəndaş cəmiyyəti və dövlət qurumları yerli qanunvericiliyin tələblərinə əsasən, azyaşlıları hədəf alan alqoritmlərin dayandırılması üçün texnoloji şirkətlər üzərindəki nəzarət mexanizmlərini davamlı olaraq gücləndirməlidir.

Bəli, rəqəmsal uşaqlıq dövrü qaçılmaz bir reallıqdır və texnologiyanı uşaqların həyatından tamamilə çıxarmaq mümkün deyil. Ona görə də əsas hədəf rəqəmsal dünyanı qadağalarla məhdudlaşdırmaq yox, onu uşaqlar üçün daha təhlükəsiz və faydalı bir məkana çevirməkdir. 

Bu missiya yalnız dövlətin sərt qanunvericilik tənzimləmələri və ya sosial media şirkətlərinin texniki alqoritmləri ilə həll oluna bilməz. Təhlükəsiz rəqəmsal gələcək dövlətin hüquqi mexanizmləri, sosial media şirkətlərinin məsuliyyəti və valideynlərin ayıq-sayıq nəzarətinin birgə əməkdaşlığından asılıdır. Yalnız bu üçbucağın düzgün qurulması sayəsində gələcək nəsilləri rəqəmsal dünyanın təhdidlərindən qorumaq mümkündür./azpolitika.info