Rəsmi gəliri olmayanlar üçün kredit imkanı – Ekspertdən mühüm AÇIQLAMA
Rəsmi iş yeri və sabit maaşı olmayan insanların kredit götürməsi bank sektorunda tez-tez müzakirə olunan mövzulardan sayılır. Banklar və kredit təşkilatları adətən müştərinin aylıq gəlirini, iş təcrübəsini və ödəmə imkanlarını əsas meyar kimi nəzərə alırlar. Bu səbəbdən rəsmi gəliri olmayan şəxslərin kredit alma prosesi daha çətin görünür.
Bəs belə insanlar hansı alternativ üsullarla kredit əldə edə və maliyyə imkanlarından yararlana bilərlər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, rəsmi iş yerinin olmaması avtomatik olaraq kredit almaq imkanının olmadığı anlamına gəlmir.
Onun sözlərinə görə, müasir kredit qiymətləndirmə sistemlərində əsas meyar yalnız əməkhaqqı deyil, vətəndaşın ümumi ödəmə qabiliyyəti və maliyyə davranışıdır: “Hazırda bank sektorunda izafi likvidlik müşahidə olunur. Bu isə kredit bazarında rəqabəti artırır və bəzi bankların risk idarəetməsi siyasətində daha çevik yanaşmalar tətbiq etməsinə səbəb olur. Nəticədə kredit qərarı verilərkən artıq təkcə rəsmi əməkhaqqı deyil, müştərinin ümumi maliyyə profili də nəzərə alınır. Hətta bəzi hallarda vətəndaşın hazırda rəsmi gəliri olmasa belə, əvvəlki illərdə formalaşdırdığı müsbət kredit tarixçəsi, vaxtında yerinə yetirdiyi öhdəliklər və bankla uzunmüddətli münasibətləri kredit qərarında həlledici rol oynaya bilir”.
E.Quliyev qeyd edib ki, Azərbaycanda bununla bağlı praktik nümunələr də mövcuddur: “Məsələn, bəzi müştərilərin rəsmi iş yeri olmasa da, bankın debet kartından aktiv istifadə etməsi, mütəmadi alış-veriş etməsi, hər ay cashback (keşbək) qazanması və hesabında sabit pul dövriyyəsinin formalaşması bank üçün mühüm siqnaldır. Bank bu maliyyə davranışını təhlil edərək müştərinin ödəmə intizamını qiymətləndirə bilir. Nəticədə bəzi hallarda həmin müştərilərə heç bir əlavə gəlir arayışı tələb olunmadan, məsələn, 1.000-1.500 azn kredit limiti olan kredit kartları təklif edilir. Bu, bankların artıq yalnız rəsmi əməkhaqqına deyil, müştərinin real maliyyə davranışına əsaslanan qərarlar qəbul etdiyini göstərən real bazar praktikasıdır”.
Ekspert əlavə edib ki, bank hesabı üzrə müntəzəm daxilolmalar, girov, zamin və mövcud kredit tarixçəsi də kredit qərarında mühüm rol oynayır: “Son illərdə banklar alternativ məlumat mənbələrindən daha geniş istifadə etməyə başlayıblar. Bank hesabı üzrə pul dövriyyəsi, kommunal ödənişlərin intizamı və digər maliyyə göstəriciləri müştərinin risk profilinin formalaşdırılmasında əhəmiyyətli yer tutur. Xüsusilə rəqəmsal bankçılığın inkişafı və açıq bankçılıq (open banking) mexanizmlərinin tətbiqi ilə kredit qiymətləndirilməsi daha çevik və daha dəqiq olacaq. Gələcəkdə banklar müştərinin maliyyə vəziyyətini yalnız maaş arayışı ilə deyil, müxtəlif məlumat mənbələri əsasında kompleks şəkildə qiymətləndirəcəklər.
Bununla belə, vətəndaşlara tövsiyəm odur ki, gəlirlərini mümkün qədər bank sistemi üzərindən rəsmiləşdirsinlər, hesablarında aktiv dövriyyə formalaşdırsınlar və kredit öhdəliklərini vaxtında yerinə yetirsinlər. Çünki uzunmüddətli perspektivdə ən güclü “zəmanət” məhz müsbət kredit tarixçəsi və şəffaf maliyyə davranışıdır”.