Ronaldo üçün misilsiz dron şousu - Madeyra futbol kralını belə yola saldı
Portuqaliyanın Madeyra muxtar bölgəsində, Kriştiano Ronaldonun doğulduğu Funşal şəhərində futbol əfsanəsinin dünya çempionatındakı son oyunundan sonra misli görünməmiş dron şousu təşkil olunub.
Hurriyyet.info xəbər verir ki, yüzlərlə pilotsuz uçuş aparatının eyni anda havaya qalxaraq yaratdığı görüntülər həm meydandakı uğurlarla adını tarixə yazdıran futbolçuya ehtiramın, həm də onun doğma şəhərinə və ölkəsinə qazandırdığı şöhrətin rəmzi kimi bütün dünyanın diqqətini cəlb edib.
Gecə səmasında əvvəlcə Ronaldonun silueti canlandırılıb. Ardınca onun dünyaca məşhur "Siuuu" qol sevinci, "CR7" loqosu, Portuqaliya bayrağı və "Thank You, Ronaldo" – "Təşəkkürlər, Ronaldo" sözləri minlərlə tamaşaçının alqışları altında işıq effektləri ilə formalaşdırılıb. Görüntülər qısa müddətdə dünya mediasının əsas xəbərlərindən birinə çevrilib.
Şou təkcə futbolçuya vida mərasimi deyil, həm də Madeyranın dünyada tanınmasına verdiyi töhfəyə minnətdarlığın ifadəsi kimi təqdim olunub.
Məlumdur ki, Kriştiano Ronaldo uzun illərdir Portuqaliyanın, xüsusilə də doğulduğu Madeyra adasının ən böyük simvollarından biri hesab edilir. Bu gün Funşalda onun adını daşıyan hava limanı, muzey və müxtəlif turizm obyektləri fəaliyyət göstərir.
Xatırladaq ki, Portuqaliya millisi dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Bununla da 41 yaşlı Kriştiano Ronaldo futbolçu karyerasında altıncı və son dünya çempionatını başa vurub.