Ruhəngiz Allahverdiyeva tənqidlərə sərt cavab verdi
71 yaşlı Əməkdar artist Ruhəngiz Allahverdiyeva yeni klipindəki obrazı və geyim tərzi ilə bağlı sosial şəbəkələrdə səslənən tənqidlərə münasibət bildirib. Hurriyyet.info bildirir ki, sənətçi məşhur "Məndən bir də olmayacaq" mahnısını rok üslubunda yenidən təqdim edib və klipdə fərqli imicdə görünməsi müzakirələrə səbəb olub.Müğənni səsləndirilən iradlara "Xəzər axşamı" proqramında cavab verib. O bildirib ki, geyimində qeyri-adi və ya açıq-saçıq heç nə olmayıb:“Oradakı geyimimdə açıq-saçıq bir şey yox idi. Zatən nənələrimiz də belə geyiniblər. Şalvar geyiniblər, üstündən də tumanbağı, yəni ətək. Belə geyiniblər də. Burada nə var ki?”
Ruhəngiz Allahverdiyeva qeyd edib ki, mahnının yeni rok versiyası dinləyicilərin böyük əksəriyyəti tərəfindən müsbət qarşılanıb. Onun sözlərinə görə, tənqidlərin əsas hissəsi ifadan çox səhnə obrazı və geyimi ilə bağlı olub:“Əslində mahnımın yeni variantı çoxlarının xoşuna gəldi. Bəyənməyənlər isə daha çox qiyafəmə irad tutdular. Hətta izləyicilərdən biri yazmışdı ki, "Mahnını qara günə qoydunuz". Amma ümumilikdə yeni tərzdə təqdim etdiyim mahnı 90 faiz insanın xoşuna gəldi”.