Rus dilini bilməyəndən alim olmaz? – Salayevə ALİM cavabı
“Nə vaxtsa kimsə yenə də rus sektorunu bağlamaq məsələsini qaldırsa, mən o dəqiqə döyüşməyə hazıram, o dəqiqə! Hələ ki, mən sağam, rus məktəblərini söküb-dağıtmaq istəsələr, qabağında dayanmağa hazıram”. Bunu Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev "Yazılan və yoxulan" verilişində deyib.
Rejissor bildirib ki, Rusiyanın Azərbaycana münasibətini və həyata keçirdiyi siyasəti kəskin şəkildə tənqid etsə də, rus dilini və mədəniyyətini həmin siyasətlə eyniləşdirməyin düzgün olmadığını düşünür: “Mən çox vətənpərvər bir adamam. Mənim Rusiyanın bizimlə münasibətindən, xarici siyasətindən zəhləm gedir, nifrət edirəm. Mən o ölkəyə fəlakətdən başqa heç nə arzulamıram. Amma dil ayrı şeydir. Hindistanda İngiltərəyə qarşı çıxan ziyalıların hamısı ingilisdilli idi. Siz hansısa rus dilini mükəmməl bilməyən, səviyyəli bir elm adamını təsəvvür edə bilərsiniz?”
Salayevə görə, Rusiyanı ilahiləşdirmək olmaz: “Rus tarixi şərəfli bir tarix deyil, amma dil ayrı bir şeydir. Rus dilini, rus mədəniyyətini Rusiyadan ayırmaq lazımdır. Bu dil artıq təkcə rusların dili deyil. Məsələn, Çingiz Aytmatovun da dilidir", – deyə o vurğulayıb.
Doğrudanmı rus dilini mükəmməl bilmədən səviyyəli elm adamı olmaq mümkün deyil?

Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev Musavat.com-a bildirib ki, Salayevin fikri ilə tamamilə razıdır. “O, öz baxışlarını açıq şəkildə ifadə edib. Əgər azad cəmiyyətin olduğunu qəbul ediriksə, deməli, hər kəsin öz fikrini sərbəst bildirmək hüququ var. Mən də onun bu yanaşmasına haqq qazandırıram, rus dilini mükəmməl bilmədən yüksək səviyyəli elm adamı olmaq mümkün deyil. Bunun əsas səbəbi və izahı isə elmi ədəbiyyatlarla bağlıdır. Söhbət elm sahəsindəki kütləvi ədəbiyyatların çapından və tərcüməsindən gedir. Diqqət yetirsəniz, elə bizim dövrdə də Azad Mirzəcanzadə, Arif Mustafayev və ya digər akademiklərimiz, Mirabbas Qasımov kimi böyük alimlərin elmi rəhbərləri Moskvada olub. Onlar tanınmış alimlərin aspirantları olublar və elmi işlərini rus dilində yazıb, bu dildəki zəngin ədəbiyyatdan bəhrələniblər”,_ deyə E.Əliyev qeyd edib.
Onun sözlərinə görə, bu qəbildən olan yüzlərlə alimin adını çəkmək olar: “Məsələn, Azərbaycanın ən görkəmli filosoflarından Həsən Quliyev, Rəhman Bədəlov, Əbülhəsən Abbasov, Əli Abbasov kimi simalar rusdilli olmaqla yanaşı, həm də son dərəcə milli adamlar idi. Onlar rus dilini mükəmməl bilirdilər, lakin bu, onların milli kimliyinə heç bir xələl gətirmirdi. Şübhəsiz ki, rus dilinin onların elmə gəlməsində və bir intellektual kimi formalaşmasında rolu böyük olub. Çünki vaxtilə intellektual və düşünən təbəqənin böyük bir kəsimini məhz rusdilli ziyalılar təşkil edirdi və onların əksəriyyəti xalqını sevən milli insanlar idi. Hətta Məmməd Əmin Rəsulzadə də qeyd edirdi ki, rus mərkəzlərini və məktəblərini bitirən insanlardan bizə ziyan gəlmədi”.
Etibar Əliyev əlavə edib ki, filologiya və ya Azərbaycan ədəbiyyatı sahəsində bəlkə də yerli dillə irəliləmək olar: “Amma dünya ədəbiyyatı və geniş elmi miqyasda fundamental bir tədqiqat və ya elmi iş yazılırsa, rus dilinə (və qlobal elmi dillərə) böyük ehtiyac var. Bu baxımdan, Ayaz Salayevin fikirlərini tamamilə dəstəkləyirəm. İndi alimlər öz kitabxanalarına baxsınlar, orada Azərbaycan dilində nə qədər, rus dilində nə qədər kitab var? Düzdür, hazırda dünyada elmin dili ingilis dilidir. Bizim ingilis dilli, müxtəlif aparıcı dünya universitetlərində təhsil alan və fəxr etdiyimiz xeyli gəncimiz var. Onların ingilis dilində təhsil alaraq böyük gələcəyə addımladıqları danılmazdır.
Amma elə bir dövr olub ki, rus dilli mühitdə nəhəng alimlər, akademiklər yetişib. Onların sırasına akademik Məcid Rəsulovu, Sabir Hacıyevi, eləcə də humanitar sahədə fəaliyyət göstərmiş böyük filoloqları və digər görkəmli alimləri əlavə etmək olar. Həmçinin böyük fizik Bəhram Əsgərovu misal göstərmək olar ki, onun kitabı Moskva Dövlət Universitetində dərs vəsaiti kimi tədris olunurdu. İndi isə gözləyək görək, ingilis dilli mühitdən gələnlər necə olacaq, yeni nəslin millilik keyfiyyətləri onlarda hansı səviyyədə olacaq - üstün, yoxsa daha aşağı səviyyədə olacaq?"