"Rus məktəblərini sökərlərsə, qabağında mən dayanacağam" – Ayaz Salayevdən QALMAQALLI çıxış
"Nə vaxtsa kimsə yenə də rus sektorunu bağlamaq məsələsini qaldırsa, mən o dəqiqə döyüşməyə hazıram, o dəqiqə! Hələ ki, mən sağam, rus məktəblərini söküb-dağıtmaq istəsələr, qabağında dayanmağa hazıram".
Hurriyyet.info xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev "Yazılan və yozulan" verilişində deyib.
Rejissor bildirib ki, Rusiyanın Azərbaycana münasibətini və həyata keçirdiyi siyasəti kəskin şəkildə tənqid etsə də, rus dilini və mədəniyyətini həmin siyasətlə eyniləşdirməyin düzgün olmadığını düşünür:
"Mən çox vətənpərvər bir adamam. Mənim Rusiyanın bizimlə münasibətindən, xarici siyasətindən zəhləm gedir, nifrət edirəm. Mən o ölkəyə fəlakətdən başqa heç nə arzulamıram. Amma dil ayrı şeydir. Hindistanda İngiltərəyə qarşı çıxan ziyalıların hamısı ingilisdilli idi.
Siz hansısa rus dilini mükəmməl bilməyən, səviyyəli bir elm adamını təsəvvür edə bilərsiniz?
Rusiyanı ilahiləşdirmək olmaz. Rus tarixi şərəfli bir tarix deyil, amma dil ayrı bir şeydir. Rus dilini, rus mədəniyyətini Rusiyadan ayırmaq lazımdır. Bu dil artıq təkcə rusların dili deyil. Məsələn, Çingiz Aytmatovun da dilidir", – deyə rejissor vurğulayıb.