📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamədən çıxılmalıdır - ADP-dən BƏYANAT

2026-05-25 20:01:34

Rusiya ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamədən çıxılmalıdır - ADP-dən BƏYANAT

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən bir sıra mühüm ictimai-siyasi hadisələr geniş şəkildə müzakirə olunub.

Partiyanın mətbuat xidmətindən Hurriyyet.info-ya bildirilib ki, İdarə Heyəti beynəlxalq münasibətlər sistemində müşahidə olunan son proseslərə xüsusi diqqət ayıraraq, ABŞ-la İran arasında üçüncü tərəfin vasitəçiliyi ilə həyata keçirilən diplomatik danışıqları müsbət qiymətləndirib. Bildirilib ki, tərəflər arasında müəyyən razılaşma memorandumunun imzalanması istiqamətində irəliləyişlərin olması regionda və dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, mümkün sülh memorandumunun imzalanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb və tərəflərə hər hansı təxribat xarakterli addımlardan çəkinmək tövsiyə olunub.
Toplantıda Rusiya-Ukrayna müharibəsi ətrafında yaranmış vəziyyət də geniş müzakirə edilib. Son günlər Rusiya tərəfindən Ukrayna şəhərlərinə və mülki obyektlərə qarşı həyata keçirilən raket hücumları qətiyyətlə pislənilib. Qeyd olunub ki, münaqişənin beynəlxalq hüquq normaları, Ukraynanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həll olunması vacibdir. Bildirilib ki, müharibənin uzanması yalnız region üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır. Bu kontekstdə ABŞ və İran arasında son dövrdə müşahidə olunan hərbi eskalasiyanın qısa müddətdə dayandırılması və tərəflərin danışıqlar masasına qayıtması müsbət nümunə kimi qiymətləndirilib.
İdarə Heyəti ABŞ, Rusiya və Çin arasında münasibətlərin inkişafını və aparılan yüksək səviyyəli təmasları da diqqət mərkəzində saxlayıb. Xüsusilə ABŞ, və Rusiya Prezidentlərinin Çin Xalq Respublikasına səfəri və böyük dövlətlər arasında dialoqun davam etdirilməsi beynəlxalq təhlükəsizliyin qorunması baxımından mühüm amil kimi qiymətləndirilib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan bu dövlətlər arasında mövcud ziddiyyətlərin siyasi və diplomatik yollarla həll olunması dünya sabitliyi üçün xüsusi əhəmiyyət daşıyır.
Toplantıda Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş verən ictimai-siyasi proseslər də müzakirə olunub. Seçki proseslərinə mümkün xarici müdaxilə cəhdləri, xüsusilə Rusiya ərazisində fəaliyyət göstərən bəzi erməni dairələrinin mövcud Paşinyan hakimiyyətinə qarşı səsləndirdiyi təxribat xarakterli bəyanatlar tənqid olunub. İdarə Heyəti hesab edib ki, hər hansı dövlətin başqa bir ölkənin daxili siyasi proseslərinə müdaxilə etməsi demokratik prinsiplərə ziddir və beynəlxalq ictimaiyyət Ermənistanda keçiriləcək seçkilərin azad və xarici təsirlərdən uzaq şəraitdə baş tutması üçün daha prinsipial mövqe nümayiş etdirməlidir.
İdarə Heyəti Moskvada yerləşən Erməni Tapan Muzeyində qondarma “artsax”a həsr olunmuş daimi ekspozisiyanın açılmasını da kəskin şəkildə pisləyib. Bildirilib ki, bu cür addımlar Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi təxribat xarakteri daşıyır və Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərər vurur. Qeyd olunub ki, bu hadisə iki ölkə arasında 2022-ci ildə imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin prinsipləri ilə ziddiyyət təşkil edir. Bununla əlaqədar olaraq Azərbaycan hökumətinə sözügedən sənədə yenidən baxılması, o cümlədən mövcud şərait nəzərə alınaraq həmin bəyannamədən çıxılması məsələsinin də nəzərdən keçirilməsi ilə bağlı çağırışlar səsləndirilib.
Toplantıda Türkiyədə Cümhuriyyət Xalq Partiyası ətrafında baş verən ictimai-siyasi proseslər də müzakirə olunub. İdarə Heyəti bildirib ki, Türkiyədə yaranmış vəziyyətin ölkənin Konstitusiyası, qanunvericiliyi və hüququn aliliyi prinsipləri çərçivəsində həll olunması vacibdir. Vurğulanıb ki, Türkiyənin regionda və beynəlxalq müstəvidə nüfuzunun qorunması, eləcə də ölkədaxili ictimai-siyasi sabitliyin saxlanılması üçün bütün məsələlərin demokratik və hüquqi mexanizmlər əsasında həll olunması xüsusi əhəmiyyət daşıyır.
İdarə Heyəti ölkədə sosial siyasətlə bağlı məsələlərə də toxunaraq, uşaqlara dövlət dəstəyi və uşaq pulu ilə bağlı aparılan müzakirələri diqqət mərkəzində saxlayıb. Uşaq pulunun verilməsinə qarşı yönəlmiş bəzi çağırışlar tənqid olunaraq bildirilib ki, uşaqların sosial müdafiəsinin gücləndirilməsi dövlətin əsas prioritetlərindən biri olmalıdır. Qeyd edilib ki, Azərbaycanın da qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası dövlətlərdən uşaqların sosial rifahının və iqtisadi problemlərinin həlli istiqamətində ciddi addımlar atmağı tələb edir.
Toplantıda Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranovun baş vermiş avtoqəza nəticəsində həyatını itirməsi məsələsi də müzakirə olunub. İdarə Heyəti mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Bildirilib ki, regionda mövcud həssas vəziyyət fonunda belə bir hadisənin baş verməsi müəyyən suallar yaradır və məsələnin bütün detalları ilə obyektiv şəkildə araşdırılması vacibdir. Bununla bağlı Azərbaycan tərəfinin İranın aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq aparmasının və hadisənin səbəblərinin şəffaf şəkildə araşdırılmasının əhəmiyyəti vurğulanıb.
Sonda İdarə Heyəti qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını və bütün İslam aləmini təbrik edib. Bildirilib ki, Qurban bayramı İslam dünyasının ən müqəddəs və mənəvi dəyərlərlə zəngin bayramlarından biri olmaqla, cəmiyyətdə birlik, həmrəylik, mərhəmət və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İdarə Heyəti bütün xalqımıza sülh, əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.

Hurriyyet.info