📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya nəşri: "Paşinyanın ayağı Kremlə uzun müddət dəyməyəcək..."

2026-07-07 10:28:08

Rusiya nəşri:

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri Moskva ilə İrəvan arasında münasibətlərin əvvəlki mərhələdən fərqli müstəviyə keçdiyini göstərən mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilir. Son iki ildə Paşinyan yeddi dəfə Rusiyaya səfər etsə də, bu dəfə diqqət çəkən əsas məqam onun Rusiya prezidenti Vladimir Putinlə deyil, baş nazir Mixail Mişustinlə görüşməsi oldu. Diplomatik praktikada belə nüanslar təsadüfi hesab edilmir və tərəflər arasındakı siyasi münasibətlərin səviyyəsini əks etdirən mühüm göstəricilərdən sayılır. 

Hurriyyet.info  xəbər verir ki, Rusiyanın "Vedemosti" nəşri səfrlə bağlı təhlilində qeyd edib ki, Moskvanın Paşinyana münasibətindəki dəyişiklik əslində, yeni proses deyil. Bunun əsası hələ 2026-cı ilin aprelində Putinlə keçirilən son görüş zamanı qoyulmuşdu. Həmin görüşdə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik məsələləri müzakirə olunsa da, əsas diqqət Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətinə yönəlmişdi. Putin həmin görüşdə açıq şəkildə bəyan etmişdi ki, Moskva Ermənistanın Avropa ilə münasibətlərini inkişaf etdirmək istəyinə qarşı deyil. Lakin o, eyni zamanda vurğulamışdı ki, Ermənistanın həm Avropa İttifaqına, həm də Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqına tamhüquqlu üzvlüyü "tərifinə görə mümkün deyil". Bu fikir Kremlin İrəvana ünvanladığı ən açıq geosiyasi xəbərdarlıqlardan biri hesab edildi. Bundan sonra baş verən hadisələr isə Moskvanın narahatlığını daha da artırdı. Ermənistan Avropa İttifaqı ilə siyasi dialoqu genişləndirdi, Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirdi, Qərb institutları ilə inteqrasiyanı sürətləndirdi. Eyni zamanda Avropa Komissiyasının rəhbərliyi və bir sıra Avropa liderlərinin İrəvana ardıcıl səfərləri Rusiyada Ermənistanın geosiyasi kursunun dəyişməsi kimi qiymətləndirildi.

Picture background

Moskva hesab edir ki, Paşinyan hökuməti bir tərəfdən Rusiyanın yaratdığı iqtisadi imkanlardan, enerji resurslarından və Avrasiya İqtisadi İttifaqının bazarından yararlanmaq istəyir, digər tərəfdən isə ölkəsini Qərbin siyasi və təhlükəsizlik sisteminə inteqrasiya etdirməyə çalışır. Kreml isə belə balans siyasətinin uzunmüddətli perspektivdə davam edə bilməyəcəyini düşünür.

Qafqaz üzrə politoloq Artur Atayev nəşrə dedyib ki, məhz bu səbəbdən Paşinyanın ayağı hələ uzun müddət Kremlə dəyməyəcək. Onun sözlərinə görə, Moskva artıq Ermənistan baş nazirinə əvvəlki etimadı göstərmir və İrəvanın son illərdə atdığı addımları Rusiyanın strateji maraqlarına zidd hesab edir. Ekspert bildirir ki, Paşinyanın Avropa İttifaqına inteqrasiya kursu, Qərb liderləri ilə intensiv təmasları və Rusiyanın regiondakı təsir imkanlarını zəiflədə biləcək təşəbbüslərə dəstək verməsi Kremlin siyasi dairələrində ciddi narazılıq yaradıb. Atayev hesab edir ki, Rusiya rəhbərliyi Paşinyanın həm iqtisadi dividendləri Moskvadan əldə edib, həm də siyasi legitimliyi Brüsseldən qazanmaq cəhdlərini qəbul etmir. Onun fikrincə, Ermənistan iqtisadi baxımdan hələ də Rusiyadan ciddi şəkildə asılıdır. Ölkənin ixracının əhəmiyyətli hissəsi Rusiya bazarına yönəlir, yüz minlərlə erməni vətəndaşı Rusiyada çalışır, Avrasiya İqtisadi İttifaqı isə Ermənistan iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalır. Buna görə də İrəvanın yaxın perspektivdə bu inteqrasiya məkanından imtina etməsi iqtisadi baxımdan ciddi risklər yarada bilər.

"Valday" Beynəlxalq Diskussiya Klubunun eksperti Andrey Kortunov isə proseslərə daha praqmatik yanaşır. Onun fikrincə, Putinlə görüşlərin tam dayanacağını söyləmək doğru olmaz. Ermənistan rəhbərliyi Avropa İttifaqına üzvlüyü hələlik uzunmüddətli siyasi məqsəd kimi görür və bununla bağlı konkret təminatlar əldə etməyib. Bu səbəbdən də İrəvan həm Rusiyanı tam itirmək, həm də Avropa istiqamətindən imtina etmək istəmir. Kortunov hesab edir ki, Mişustinlə keçirilən görüş də məhz iqtisadi gündəliyin qorunmasına xidmət edir. Çünki hazırkı mərhələdə Moskva ilə İrəvan arasında iqtisadi əlaqələrin saxlanılması hər iki tərəfin maraqlarına uyğundur. Siyasi münasibətlərdə yaşanan gərginlik isə iqtisadi əməkdaşlığın tam dayanmasına gətirib çıxarmayıb.

Picture background

Ermənistanlı politoloq və iqtisadçı Qrant Mikaelyan da hesab edir ki, son səfərin nəticələrini şişirtmək düzgün olmaz. Onun sözlərinə görə, səfər zamanı səsləndirilən bəyanatlar əsasən diplomatik xarakter daşıyır və real siyasi nəticələr yalnız tərəflər mövcud problemlərin həlli istiqamətində konkret addımlar atacağı halda ortaya çıxacaq.Mikaelyan vurğulayır ki, Ermənistan-Rusiya münasibətlərində əsas böhran iqtisadi deyil, siyasi etimadın azalmasıdır. İrəvan Rusiyadan öz məhsulları üçün bazarın tam açılmasını və iqtisadi əməkdaşlığın genişləndirilməsini gözləyir. Moskva isə Ermənistan rəhbərliyinin xarici siyasət kursunda Rusiyanın maraqlarını daha çox nəzərə almasını tələb edir. Bütün bunlar göstərir ki, Moskva ilə İrəvan arasında münasibətlər yeni mərhələyə daxil olub. Hər iki tərəf əməkdaşlığı tam pozmaq niyyətində olmasa da, qarşılıqlı etimadın əvvəlki səviyyədə olmadığı artıq açıq hiss olunur. Kremlin Paşinyana münasibətində yaranan siyasi məsafə də məhz bu etimad böhranının nəticəsi kimi qiymətləndirilir. Münasibətlərin gələcək istiqaməti ilk növbədə Ermənistanın Qərb və Rusiya arasında hansı geosiyasi seçimi edəcəyindən asılı olacaq.