📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya SOCAR-ın “zapravkasın” niyə vurdu?

2026-07-06 14:18:29

Rusiya SOCAR-ın “zapravkasın” niyə vurdu?

Siyasi şərhçi deyir ki, müasir müharibələrdə raketlər və dronlar diplomatiyanın davamına çevrilir, hər bir zərbə müəyyən mesaj daşıyır...

Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda Azərbaycanın bu ölkədəki neft-qaz infrastrukturu, diplomatik nümayəndəlikləri və digər iqtisadi obyektlərinə qarşı baş verən hücumlar səngimir.

Hurriyyet.info  xəbər verir ki, ötən gün Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib. Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi dron hücum zamanı partlayış baş verib.

“SOCAR Energy Ukraine” şirkəti məlumatı təsdiqləyərək bildirib ki, üç ədəd “Şahed” tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib. Şirkətin məlumatına görə, qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb.


Bu, Rusiyanın Ukraynadakı Azərbaycana aid obyektlərə ilk hücumu deyil. Ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi. Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.

2025-ci il noyabrın 14-də gecə saat 01:00 radələrində Rusiyanın Kiyevə endirdiyi raket və pilotsuz uçuş aparatları hücumu zamanı "İsgəndər" tipli ballistik raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşmüşdü. Partlayış nəticəsində səfirliyin hasarının bir hissəsi tamamilə dağılmış, inzibati bina zədələnmiş, konsulluq şöbəsinə ziyan dəymişdi. Səfirliyə aid xidməti avtomobillər yararsız vəziyyətə düşməklə yanaşı diplomatik nümayəndəliyin ərazisinə ciddi maddi zərər vurulmuşdu.

Azərbaycan tərəfi bu hadisəni beynəlxalq hüququn, xüsusilə diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndirmiş, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmaqla ona rəsmi etiraz notası təqdim olunmuşdu.

28 avqust 2025-ci ildə səfirliyimizin yaxınlığına – təxminən 50 metr məsafəyə endirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binası, konsulluq şöbəsi və səfirin iqamətgahı zədələnmişdi. Qeyd edək ki, hələ 2022-ci ilin aprel ayında Ukraynadakı bütün Azərbaycan diplomatik nümayəndəliklərinin dəqiq koordinatları Rusiya tərəfinə rəsmi qaydada göndərilib. Rusiya Müdafiə Nazirliyi həmin koordinatların nəzərə alınacağını bildirmişdi.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, beynəlxalq siyasətdə təsadüflər olur: “Ancaq eyni təsadüf 5-6 dəfə təkrarlanırsa, o artıq statistika deyil, siyasi qanunauyğunluq kimi qiymətləndirilir. Ukraynada Azərbaycanın diplomatik nümayəndəlikləri və dövlət şirkəti SOCAR-a məxsus obyektlər ardıcıl şəkildə raket və pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalır. Xarkovda fəxri konsulluq dağıdılıb, Kiyevdə səfirlik ərazisi dəfələrlə vurulub, Odessada neft bazası, Nikolayevdə yanacaqdoldurma məntəqəsi hədəfə çevrilib. Bütün bunları ayrı-ayrı epizodlar kimi təqdim etmək artıq inandırıcı görünmür. Azərbaycan hələ 2022-ci ildə Ukraynadakı bütün diplomatik obyektlərinin koordinatlarını rəsmi qaydada Rusiya Müdafiə Nazirliyinə təqdim etmişdi. Moskva da həmin koordinatların nəzərə alınacağını bildirmişdi. Əgər koordinatlar məlumdursa, bəs niyə eyni obyektlər təkrar-təkrar zərər görür?”


Siyasi şərhçi deyib ki, müasir müharibələrdə raketlər və dronlar diplomatiyanın davamına çevrilir, hər bir zərbə müəyyən mesaj daşıyır: “Xüsusilə də həmin zərbələr başqa bir dövlətin diplomatik və iqtisadi maraqlarına toxunursa, burada alt mənalar da olmamış deyil. SOCAR sıradan kommersiya şirkəti deyil. Bu şirkət Azərbaycanın enerji siyasətinin, dövlət iqtisadiyyatının və beynəlxalq nüfuzunun simvollarından biridir. Onun obyektlərinin ardıcıl şəkildə zərər görməsi istər-istəməz geosiyasi məna kəsb edir. Çünki enerji infrastrukturu artıq iqtisadi aktiv deyil, strateji təsir alətidir. Moskva son illər Cənubi Qafqazda əvvəlki dominant mövqeyini sürətlə itirir. Azərbaycan öz xarici siyasətini daha müstəqil şəkildə qurur, regional təşəbbüslərin əsas iştirakçısına çevrilir, enerji və nəqliyyat layihələrində rolunu genişləndirir. Belə şəraitdə Rusiyanın Azərbaycana münasibətində narahatlıq elementlərinin meydana çıxması təəccüblü deyil. Ancaq əgər bu narahatlıq diplomatik obyektlərin və iqtisadi infrastrukturun təhlükəsizliyi hesabına nümayiş etdirilirsə, bu artıq ikitərəfli münasibətlər üçün son dərəcə təhlükəli tendensiyadır”.

Siyasi şərhçi bildirib ki, baş vermiş bombalı hücumların hər biri ayrıca qiymətləndirilə bilər: “Lakin onların hamısına birlikdə baxanda tamamilə başqa mənzərə yaranır. Bir ölkənin səfirliyi, konsulluğu və dövlət şirkəti ardıcıl olaraq eyni müharibənin zərbələrindən zərər görürsə, bunun sadəcə təsadüf olduğu barədə izahlar getdikcə inandırıcılığını itirir. Azərbaycan bu məsələdə hüquq və diplomatiyanın bütün alətlərindən istifadə etməlidir. Hər hücum sənədləşdirilməli, beynəlxalq təşkilatlara təqdim edilməli, vurulmuş ziyanın hüquqi qiymətləndirilməsi aparılmalı və gələcək kompensasiya tələbləri üçün möhkəm hüquqi baza yaradılmalıdır. Eyni zamanda siyasi nəticə də çıxarılmalıdır. Azərbaycanın diplomatik nümayəndəlikləri və strateji iqtisadi obyektləri koordinatları əvvəlcədən məlum olduğu halda yenə də zərbələrin təsiri altında qalırsa, Moskva bununla bağlı təkzibedilməz və inandırıcı izahat verməyə borcludur. Beynəlxalq ictimaiyyətin bu hadisələri sadəcə müharibənin təsadüfi nəticəsi kimi qəbul etməsi getdikcə çətinləşəcək. Geosiyasətdə etimad illərlə qurulur, lakin bir neçə raket zərbəsi ilə dağıla bilir. Bu gün baş verənlər də məhz Azərbaycan-Rusiya münasibətlərində etimadın ciddi sınağa çəkir. Yəqin dövlətmizin baş verənlərlə bağlı sərt mövqeyi də sərgilənəcək”.