📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."

2026-07-17 18:05:03

Vahid Əhmədov: "Rusiya özünü hələ də SSRİ kimi aparır, lakin bu dövlət çökmək üzrədir. Çin artıq "post-Putin" dövrünə və Rusiyanın şimal torpaqlarına hazırlaşır"

Dünyada və regionda geosiyasi gərginliyin pik həddə çatdığı, böyük güclərin maraqlar toqquşmasının yeni hərbi-siyasi reallıqlar yaratdığı bir dönəmdə Azərbaycanın sərhədlərində mühüm proseslər cərəyan edir.

Yaxın Şərqdəki ABŞ-İran qarşıdurması, Rusiya-Ukrayna müharibəsinin yeni mərhələsi, rəsmi Bakı ilə Moskva arasındakı pərdəarxası gərginliklər və Ermənistanın sürətlə silahlandırılması fonunda ölkəmizi hansı ssenarilər gözləyir?

Bu və digər mühüm mövzularla bağlı “AzPolitika”nın suallarını sabiq millət vəkili, tanınmış iqtisadçı və siyasi xadim Vahid Əhmədov cavablandırır.

"ABŞ sülh yolu ilə yox, hərbi yolla istədiyini almağa çalışır"

– Vahid müəllim, müsahibə üçün təşəkkür edirik. Xatırlayırıq ki, “AzPolitika”ya sonuncu müsahibənizdə ABŞ ilə İran arasında müəyyən anlaşma memorandumunun imzalanmasına baxmayaraq, qarşıdurmanın davam edəcəyini proqnozlaşdırmışdınız. Bu gün həmin proqnozunuz tamamilə özünü doğruldub. ABŞ hazırda İranın Yaxın Şərqdəki hərbi infrastrukturunu hədəf alır, proksi qüvvələr isə ABŞ bazalarını vurur. Bu kəskin qarşıdurmanın sonu hara gedir?

– Ümumiyyətlə, hazırda dünyada elə mürəkkəb və dinamik proseslər gedir ki, yaxın zaman üçün dəqiq proqnoz vermək olduqca çətindir. Baxın, dövlət başçıları arasında müəyyən sənədlər imzalanır, lakin qısa müddət sonra tərəflərdən biri bu razılaşmanı pozur və müqavilələr öz əhəmiyyətini itirir. Amerika Birləşmiş Ştatları ilə İran arasında da rəsmi memorandum imzalanmasına rəğmən, faktiki olaraq hərbi toqquşmalar davam edir. Həm də kifayət qədər ciddi və dağıdıcı müharibə gedir. ABŞ İranın regiondakı hərbi infrastrukturunu tamamilə məhv etmək xəttini götürüb və qarşı tərəfə ağır zərbələr vurur. İranın nəzarətindəki qüvvələr isə ABŞ-nin ərəb ölkələrindəki hərbi obyektlərinə zərbələr endirməyə çalışır.

Mən hələ əvvəldən hiss edirdim və demişdim ki, bu gərginlik ABŞ istədiyini alana qədər uzanacaq. Danışıqlar masasında nəticə əldə olunmadığı üçün Vaşinqton indi hərbi təzyiq variantına əl atıb.

 

– Bəs Vaşinqtonun İrandan əsas istəyi və yekun hədəfi nədir?

– Burada iki mühüm məqsəd var: Birincisi və ən əsası, İran neftinə və onun daşınma yollarına nəzarət etməkdir. Bu, qlobal enerji bazarı üçün strateji əhəmiyyət kəsb edir. Hazırda İran neftinin böyük hissəsi Hörmüz boğazı vasitəsilə Çinə ixrac olunur. Çin iqtisadiyyatının enerji təhlükəsizliyində İran mühüm rol oynayır. ABŞ bunu çox gözəl anlayır və Tehranın neft resurslarına nəzarət etməklə həm də Çinin iqtisadi inkişaf rıçaqlarını ələ keçirməyə çalışır. Vaxtilə Venesuelada tətbiq etdikləri ssenarini indi İranda fərqli formada reallaşdırmaq istəyirlər.

İkinci hədəf isə, nə qədər açıq mətbuatda qabardılmasa da, İrandakı teokratik rejimin devrilməsi və ya daxildən zəiflədilməsidir. Hazırda İran rejiminin daxilində də konfiqurasiya baxımından ciddi parçalanmalar və fikir ayrılıqları yaşanmaqdadır. Hökumət, prezident, dini lider xətti və digər tərəfdən dövlət içində dövlət olan SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) kimi hərbiləşmiş qurum arasında daxili rəqabət və çəkişmələr kəskinləşib. Bu daxili ziddiyyətlər fonunda gərginliyin qısa müddətdə səngiyəcəyinə inanmıram.

– Cənubi Azərbaycanda 30 milyondan çox soydaşımızın yaşadığını nəzərə alsaq, bu müharibənin alovlanması bizim üçün hansı riskləri yaradır?

– Təbii ki, mən bir Azərbaycan vətəndaşı olaraq istərdim ki, qonşu müsəlman ölkəsi olan İranda bu cür böyük dağıntılar yaşanmasın, dinc insanlar həlak olmasın. Tərəflər masa arxasında müəyyən razılığa gəlməlidirlər. İran bizim üçün son dərəcə əhəmiyyətli qonşudur. Orada 30 milyondan çox azərbaycanlı yaşayır. Oradakı soydaşlarımızın təhlükəsizliyi və taleyi bizim üçün milli maraq məsələsidir. Bu səbəbdən müharibənin tezliklə bitməsini arzulayırıq. Lakin təəssüf ki, real proseslər qarşıdurmanın hələ uzun müddət davam edəcəyini göstərir.

Ermənistanın silahlandırılması və Paşinyanın "Rusiya manevrləri"

– Hazırda təkcə Yaxın Şərqdə deyil, bizim bilavasitə sərhədlərimizdə də eskalasiya meyilləri güclənir. Ermənistanın bəzi Qərb dövlətləri və Hindistan tərəfindən sürətlə silahlandırılması gələcəkdə regionda yeni müharibə ocağı yarada bilərmi?

– Şübhəsiz, regionda eskalasiya coğrafiyası getdikcə genişlənir. Ermənistan daxilində gedən siyasi qarşıdurmalar və bu ölkənin xarici güclər tərəfindən intensiv şəkildə silahlandırılması yaxşı heç nə vəd etmir. Mən mətbuata açıqlamalarımda da bildirmişəm: Ermənistanı bu səviyyədə silahlandırmaqda məqsəd nədir? Onları kimə qarşı hazırlayırlar?

Baxmayaraq ki, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərin tam qopduğunu iddia edir, lakin Nikol Paşinyan mütəmadi olaraq Moskva ilə təmaslar saxlayır. Bu yaxınlarda da Rusiyaya gedərək hökumət rəhbəri ilə görüşlər keçirdi. Yəni rəsmi İrəvanın indiki "anti-Rusiya" mövqeyini mən daimi və səmimi hesab etmirəm. Bu bölgədə sabitliyin bərqərar olması, eskalasiyanın səngiməsi ilk növbədə Azərbaycan üçün mühümdür. Çünki bu hadisələr birbaşa bizim sərhədlərimizdə baş verir. Sərhədlərimizdəki dövlətlərdə nə qədər sabitlik və inkişaf olsa, bu, bizim təhlükəsizliyimizə bir o qədər müsbət təsir edər.

"Rusiya ilə münasibətlərimiz heç vaxt asan və hamar keçməyib"

– Sərhədyanı sabitlikdən danışarkən, Rusiya-Azərbaycan münasibətlərində də son dövrlər müəyyən dalğalanmalar hiss olunur. Son vaxtlar iki ölkə arasındakı təmasları və bəzi gərginlikləri necə dəyərləndirirsiniz?

– Azərbaycan müstəqilliyini bərpa etdiyi 1991-ci il oktyabrın 18-dən bəri Rusiya ilə münasibətlərimiz heç vaxt asan və hamar keçməyib. Bu münasibətlərin həm yoxuşu, həm də enişi olub. Biz zaman-zaman şimal qonşumuzdan ciddi təzyiq və təhdidlərlə qarşılaşmışıq.

Dövlət başçısı İlham Əliyev hər zaman çalışır ki, bu münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq çərçivəsində, yüksək səviyyədə saxlanılsın. Bu yaxınlarda – iyulun 16-da xarici işlər nazirimiz Ceyhun Bayramovun Rusiyaya səfər etməsi və həmkarı Sergey Lavrovla görüşü də bu istiqamətdəki diplomatik səylərin tərkib hissəsidir. Biz də münasibətlərin gərginlikdən uzaq, stabil məcrada inkişafını istəyirik.

Lakin problem burasındadır ki, Rusiya rəhbərliyi bir çox məsələlərdə özünü hələ də SSRİ imperiyası kimi aparır. Onlar anlamaq istəmirlər ki, artıq bu dövlətlər müstəqildir, kifayət qədər inkişaf ediblər, öz orduları, hərbi potensialları və tam müstəqil xarici siyasətləri var. Müstəqil dövlətlərin bu hüquqlarına hörmətlə yanaşmaq lazımdır. Rusiya isə hələ də köhnə iddialarla çıxış edərək hegemonluq nümayiş etdirməyə çalışır. Bu isə müasir dünyada artıq qeyri-mümkündür. Üstəlik, mən hesab edirəm ki, Rusiya çökmək üzrədir. Daha əvvəl də qeyd etdiyim kimi, 2030-cu ilə qədər, bəlkə də ondan daha tez Rusiyada daxili parçalanma proseslərinin başlaması qaçılmaz olacaq. Proses sürətlə bu ssenariyə doğru gedir.

– Rusiya daxilindəki bu potensial parçalanmanı şərtləndirən daxili və xarici faktorlar hansılardır? Dövlət Dumasına gözlənilən seçkilər daxili siyasi mənzərəyə necə təsir edəcək?

– Rusiyada daxili vəziyyət iqtisadi və siyasi baxımdan heç də ürəkaçan deyil. Ukrayna müharibəsinə görə Rusiyanın xaricdəki 300 milyard dollardan çox dövlət aktivi dondurulub və Qərb bu vəsaitləri geri vermək niyyətində deyil. Əksinə, Avropa İttifaqı həmin dondurulmuş vəsaitlərin gəlirlərindən Ukraynanın müdafiəsinə dəstək üçün istifadə edir. Bu, Rusiya iqtisadiyyatına çox ağır zərbədir.

Digər tərəfdən, Rusiya Ukraynaya hücum edərkən əsas bəhanə kimi NATO-nun şərqə doğru genişlənməsini göstərirdi. Nəticə nə oldu? İndiyə qədər neytral qalan İsveç və Finlandiya sürətlə NATO-ya daxil oldular. Gələcəkdə Ukrayna da bu alyansın üzvü olacaq. Rusiya nə qədər müqavimət göstərsə də, geosiyasi məğlubiyyətdən qaça bilmir.

Sentyabrda Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək. Daxili sosial-iqtisadi gərginlik fonunda bu seçkilərin nəticələri və ondan sonrakı daxili siyasi reaksiyalar Kremlin gələcək taleyi üçün həlledici rol oynayacaq.

"Solovyovlar, Simonyanlar, Zatulinlərin hamısını idarə edən vahid mərkəz var"

– Son vaxtlar Rusiya mətbuatında və bəzi siyasətçilər tərəfindən Azərbaycana qarşı açıq təhdidlərin, aqressiv bəyanatların şahidi oluruq. Solovyov, Simonyan, Zatulin və Tolstoy kimi fiqurların Azərbaycana hücumları şəxsi təşəbbüsdür, yoxsa bir mərkəzdən idarə olunur?

– Mən Rusiyanın mətbuatını mütəmadi izləyirəm, həmçinin orada müxtəlif dövlət strukturlarında çalışan, tanınmış dairələrlə əlaqələri olan şəxslərlə mütəmadi təmaslarım var. Onlar hələ də imperiya şovinizmindən əl çəkə bilmirlər. Bəziləri elə düşünür ki, bu Solovyovlar, Simonyanlar, Zatulinlər müstəqil şəkildə fərqli fikirlər səsləndirirlər. Qətiyyən belə deyil. Onların hamısını idarə edən vahid mərkəz var və o mərkəz birbaşa Rusiya Prezident Administrasiyasında oturur. Administrasiya rəhbərliyinin xeyr-duası və ssenarisi olmadan onlar bu cür təhdid dolu bəyanatlar verə, Azərbaycanı hədəf ala bilməzlər.

Azərbaycan dövləti və mətbuatı bu cür hücumların qarşısını qətiyyətlə alır və onlara layiq olduqları cavabları verir. Rusiya başa düşməlidir ki, Azərbaycan onun hansısa bir quberniyası deyil. Prezident İlham Əliyev dünyada böyük nüfuza malik müstəqil liderdir və mətbuat nümayəndələrinin suallarına cavab verərkən milli maraqlarımızdan çıxış edərək uzaqgörən siyasət yürüdür.

Dövlət başçısı Şuşadakı Media Forumunda da bəyan etdi ki, Rusiya ilə iqtisadi və rəsmi səviyyədə münasibətlərimiz normaldır, komissiyalar işləyir. Amma bu o demək deyil ki, Rusiya bizə öz iradəsini diktə edə bilər.

"Ağır vaxtlarımızda Ukrayna bizə hərbi yardım edib"

– Bu məqamda Azərbaycan-Ukrayna münasibətlərini də vurğulamaq yerinə düşərdi. Müharibənin ilk günlərindən rəsmi Bakı Kiyevin ərazi bütövlüyünü tam dəstəkləyir. Bizim Ukrayna ilə tarixi bağlarımız və bu gün nümayiş etdirdiyimiz prinsipial mövqe Rusiya ilə münasibətlərə necə təsir edir?

– Azərbaycanın Ukrayna ilə münasibətləri hər zaman yüksək səviyyədə və səmimi olub. Biz hələ 1992-ci ildən bu tərəfdaşlığın möhkəm təməlini qoymuşuq. O çətin illərdə, Birinci Qarabağ Müharibəsi zamanı Rusiya bizə silah vermədiyi, əksinə, Ermənistana açıq dəstək verdiyi vaxtlarda Ukrayna Azərbaycana çox ciddi hərbi yardımlar göstərib. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Ukraynanın ozamankı dövlət başçıları Leonid Kravçuk və Leonid Kuçma ilə yüksək səviyyəli təmaslar qurulmuşdu. Bizim qaldırdığımız bütün strateji məsələləri operativ həll edirdilər. Biz bu tarixi dəstəyi heç vaxt unuda bilmərik.

İndi də Ukrayna öz ərazi bütövlüyü uğrunda müharibə aparır. Rusiya onu yer üzündən silmək istəyir, lakin bu qeyri-mümkündür. Prezident İlham Əliyev tamamilə düzgün və prinsipial mövqe tutaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. Çünki Azərbaycan özü də uzun illər işğal problemi ilə üz-üzə qalıb. BMT-nin kağız üzərində qalan qərarları işə yaramadı və biz ərazi bütövlüyümüzü öz qanımız, şəhidlərimizin canı bahasına, müharibə yolu ilə bərpa etdik. Müharibə itkisiz olmur, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Amma əsas odur ki, biz torpaqlarımızı azad etdik və bu gün Ukraynanın da eyni mübarizəsini haqlı olaraq dəstəkləyirik.

"Payıza doğru hərbi əməliyyatların gedişi Ukraynanın xeyrinə dəyişəcək"

– Qərb Ukraynaya dəstək üçün NATO-da və digər formatlarda çox mühüm maliyyə və hərbi qərarlar verib. Payıza doğru Qərbin bu irimiqyaslı dəstəyi cəbhədəki əməliyyatların gedişinə necə təsir edə bilər? Belə bir şəraitdə Ukraynanın Qara dənizdəki aktiv fəaliyyəti fonunda Rusiya daxilində yanacaq və logistika böhranının dərinləşməsini müşahidə edirik. Bu proseslərin gedişatını necə görürsünüz?

– Hazırda Ukrayna ordusu Qara dəniz və Azov sularında Rusiyanın kölgə donanmasının 150-yə yaxın gəmisini sıradan çıxarıb, Rusiyanın daxilindəki neft emalı zavodlarına endirilən zərbələr nəticəsində düşmən ölkədə ciddi yanacaq böhranı yaranıb. Bunu anlamaq lazımdır ki, Qara dəniz və Azov dənizi tək Rusiyanın deyil, həm Ukraynanın, həm də Türkiyənin strateji maraq dairəsidir. Rusiyanın orada birtərəfli qaydada kölgə iqtisadiyyatı qurmaq, gəmilər vasitəsilə sanksiyalardan yayınmaq cəhdlərinə Ukrayna öz hərbi gücü ilə cavab verir.

Qərb tərəfindən qəbul edilən son maliyyə və silah paketləri, xüsusən də uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemlərinin ötürülməsi payıza doğru müharibənin gedişatını Ukraynanın xeyrinə ciddi şəkildə dəyişəcək. Yunanıstanın bəzi məsələlərdə veto qoymaq cəhdlərinin də tezliklə digər Avropa ölkələri tərəfindən hüquqi və maliyyə yolları ilə neytrallaşdırılacağını görəcəyik. Qərbin dəstəyi Ukraynaya cəbhədə böyük üstünlük qazandırır.

"Çin artıq "post-Putin" dövrünə və Rusiyanın şimal torpaqlarına hazırlaşır"

– Qərb mətbuatında belə iddialar var ki, Rusiya elitası daxilində Putinin ilin sonuna qədər devrilməsi ssenariləri müzakirə olunur. Hətta Çinin artıq “post-Putin” dövrünə ciddi hazırlaşdığı barədə təhlillər dərc edilir. Sizcə, Rusiya-Çin ittifaqı göründüyü qədər səmimidir, yoxsa Pekin sadəcə fürsət gözləyir?

– Rusiya-Çin münasibətlərində mənzərə tam fərqlidir. Putinin daxili və xarici vəziyyəti həqiqətən son dərəcə ağırdır. İqtisadi tənəzzül, hərbi uğursuzluqlar və daxili siyasi gərginlik Rusiyanı sürətlə zəiflədir. Moskva xilas yolunu Çinlə strateji tərəfdaşlıqda görsə də, Pekinin burada tamamilə fərqli hesabları var. Çin sadəcə Rusiyanın daha da zəifləməsini, taqətdən düşməsini gözləyir ki, onun şimalındakı zəngin resurslara malik əraziləri tam nəzarətə götürsün. Hazırda onsuz da Sibirdə və Rusiyanın uzaq şərqində çinlilər geniş şəkildə məskunlaşıb, orada iqtisadi fəaliyyətlə məşğul olurlar. Demək olar ki, Çin rəsmi şəkildə post-Putin dövrünə hazırlaşır və bu hazırlığı ən yüksək səviyyədə həyata keçirir.

Burada digər önəmli məqam isə ABŞ prezidenti Trampın xarici siyasət kursu ilə bağlıdır. Trampın Çinə gözlənilən səfərindən və Ağ Evin Çinlə əldə edə biləcəyi müəyyən razılaşmalardan sonra qlobal güc balansında yeni xətt formalaşa bilər. Bu isə Rusiyanın beynəlxalq təcridini daha da dərinləşdirəcək.

"Bölgədə güvəndiyimiz yeganə qüvvə Türkiyədir və Rusiya bunu qəbul etməlidir"

– Kremlin həzm edə bilmədiyi digər reallıq isə Türkiyənin Cənubi Qafqazda getdikcə möhkəmlənən hərbi-siyasi varlığıdır. Bu reallıq Rusiya ilə münasibətlərimizdə bizə hansı üstünlükləri verir?

– Rusiya artıq qəbul etməli və barışmalıdır ki, Cənubi Qafqaz regionunda Türkiyə kimi qlobal və hərbi cəhətdən olduqca güclü bir dövlət var. Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən biridir, NATO-da ABŞ-dən sonra ikinci ən böyük hərbi qüvvəyə malik ölkədir. Vaşinqtonda Trampın prezident seçilməsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev ilə olan yüksək şəxsi münasibətlər fonunda Türkiyənin regiondakı və dünyadakı mövqeyi daha da güclənib.

Azərbaycan Türkiyə ilə tarixi Şuşa Bəyannaməsini imzalayıb. Bu sənəd sadəcə kağız parçası deyil, hərbi-siyasi müttəfiqliyin rəsmi təminatıdır. Əgər Türkiyənin Azərbaycanda hərbi kontingenti yerləşdirilirsə, birgə təlimlər keçirilirsə, Rusiya da daxil olmaqla hamı buna normal yanaşmalıdır. Çünki bizim bu coğrafiyada arxayın olduğumuz, tam güvəndiyimiz yeganə qardaş dövlət məhz Türkiyədir. Bu amil Rusiya üçün nə qədər arzuolunmaz olsa da, reallıqdır və Moskva özünün imperiya şovinizmi siyasətindən əl çəkərək bu reallıqla barışmalıdır.

"Peskov başa düşməlidir ki, orada insanlar qırılır, şəhərlər dağılır"

– Şuşa Qlobal Media Forumunda cənab Prezident rusiyalı jurnalistin sualına cavabında Rusiya rəhbərliyinə Ukrayna müharibəsini dayandırmağı tövsiyə etdiyini bildirdi. Buna cavab olaraq Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu mövqenin yanlış olduğunu "bütün kanallarla Azərbaycana izah etməyə çalışacağıq" deyə reaksiya verdi. Rəsmi Moskvadan Azərbaycana qarşı hansısa real təzyiqlər və ya təxribatlar gözləyirsinizmi?

– Cənab Prezident Qlobal Media Forumunda beynəlxalq jurnalistlərin, o cümlədən rusiyalı müxbirin suallarına heç bir çəkinmədən, son dərəcə açıq və cəsarətlə cavab verdi. Real vəziyyəti olduğu kimi dilə gətirdi. Təbii ki, bu həqiqətlər Kremlin xoşuna gəlmədi. Dövlət başçımızın Rusiya rəhbərliyinə bu mənasız müharibəni dayandırmağı tövsiyə etməsində qeyri-adi və ya qanunsuz nə var ki? Dünyada kim bu dağıdıcı müharibənin davam etməsini istəyər?

Peskov deyir ki, guya Azərbaycan rəhbərliyinin bu mövqeyi yanlışdır. Bu, Peskovun məsələni hansı səviyyədə dərk etdiyini göstərir. Peskov başa düşməlidir ki, orada hər gün günahsız insanlar qırılır, bütöv şəhərlər yerlə-yeksan olunur, nəhəng bir infrastruktur məhv edilir. Müharibənin dayandırılmasını tələb etmək bəşəri və tamamilə doğru mövqedir.

O ki qaldı Rusiyanın Azərbaycana qarşı mümkün təzyiqlərinə, mən hər hansı ciddi təhdid gözləmirəm. Çünki bu cür gizli və ya aşkar təzyiq cəhdləri tarix boyu həmişə olub. Amma dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan heç kimdən qorxmur və çəkinmir. Ölkəmizin kifayət qədər güclü, müasir silahlarla təchiz olunmuş ordusu, daxili birliyi və Türkiyə kimi qüdrətli müttəfiqi var. Rusiya Azərbaycanla ancaq bərabərhüquqlu, suveren bir dövlət kimi danışmağı öyrənməlidir. Biz əvvəlki zəif Azərbaycan deyilik. Müstəqil siyasətimiz var və bu yolda addımlamağa davam edəcəyik.

E.Rüstəmli

E.Bəyməmmədli