📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada hərbi blogerə qarşı ekstremizm şoku: Volqoqradda əməliyyat

2026-07-10 18:13:22

Rusiyada hərbi blogerə qarşı ekstremizm şoku: Volqoqradda əməliyyat

Rusiya hüquq-mühafizə orqanları Volqoqrad şəhərində keçirdikləri xüsusi əməliyyat zamanı "Trınadtsatıy" (On üçüncü) ləqəbi ilə tanınan məşhur rusiyalı bloger Yeqor Quzenkonu saxlayıblar.

Musavat.com xəbər verir ki, Kremlin hərbi siyasətinə qarşı kəskin çıxışları ilə seçilən blogerə qarşı rəsmi olaraq ekstremizm maddəsi ilə cinayət işi açılıb. Mənbələrin verdiyi məlumata görə, Quzenko Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (nifrət və ya düşmənçiliyin salınması, habelə insan ləyaqətinin alçaldılması) maddəsi ilə ittiham olunur və hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Qeyd edək ki, rusiyalı hərbi bloger Yeqor Quzenkonun adı bundan əvvəl Rusiya Müdafiə Nazirliyi tərəfindən ciddi şəkildə gündəmə gətirilmişdi. Onun Ukraynadakı döyüş mövqelərini özbaşına tərk edərək cəbhədən qaçdığı bildirilirdi.

Hərbi rəhbərlik tərəfindən fərarilik etdiyi üçün rəsmi olaraq federal axtarışa verilən "Trınadtsatıy"ın saxlanılması Rusiya mediasında və hərbi teleqram kanallarında böyük rezonans doğurub.