Rusiyada növbə tələbələrə çatdı... - "Birbaşa ön xəttə göndərirlər"
Rusiya Müdafiə Nazirliyinin və onunla əlaqəli qurumların son aylarda universitet və kollec tələbələrini Ukraynadakı müharibəyə cəlb etmək üçün gizli və təzyiq xarakterli kampaniya apardığı iddia olunur. Rəsmi təbliğatda gənclərə PUA (pilotsuz uçuş aparatları) qoşunlarında, cəbhədən uzaqda xidmət vəd edilsə də, araşdırmalara görə, onların bir hissəsi qısa müddət sonra ön xəttə, hücum bölmələrinə göndərilir.
"AzPolitika"nın məlumatına görə, bu barədə "The Insider" və "Sibir.Realii" layihələrinin birgə araşdırmasında bəhs edilir. Bildirilir ki, 2026-cı ilin mayında Müdafiə Nazirliyi və ona bağlı teleqram kanalları tələbələrin guya könüllü şəkildə PUA qoşunlarına qoşulduqlarını göstərən videoçarxlar yayıblar. Lakin həmin dövrdə bu proqramla orduya cəlb olunmuş tələbələrdən birinin Ukraynada həlak olduğu məlum olub.
Buryatiyanın Kyaxta şəhərindəki İnşaat və Sənaye Texnologiyaları Texnikumunun son kurs tələbəsi, 23 yaşlı Valeri Averin 2026-cı ilin yanvarında Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və üç ay dron operatoru hazırlığı keçib. Lakin cəbhəyə göndərildikdən cəmi 12 gün sonra, aprelin 6-da Luqansk vilayətində həlak olub.
Kurs yoldaşlarının sözlərinə görə, təhsil müəssisəsində akademik borcu olan tələbələrə qarşı təzyiqlər artırılıb, onlara qovulacaqları və diplom ala bilməyəcəkləri bildirilib. Onlar hesab edirlər ki, Valeri də məhz bu səbəbdən müqaviləyə razılaşıb və bunu anasından gizlədib.
Valerinin anası Oksana Afanasyeva oğlunun əvvəllər hərbi xidmət keçmədiyini, hətta psixoloji vəziyyətinə görə orduya yararsız sayıldığını bildirib. Oğlu ona "Wildberries"də işləməyə getdiyini desə də, sonradan müqavilə bağladığı üzə çıxıb.
Tələbə yoldaşlarının sözlərinə görə, Valeri son zəngində onların hücum əməliyyatlarına göndərildiyini bildirib: "Üç ay dron öyrətdilər, sonra isə birbaşa ön xəttə göndərdilər. Tələbələrə cəbhədə olmayacaqları deyilsə də, sonradan sənədlərdə ixtisasları dəyişdirilərək atıcı və ya sürücü kimi qeyd olunur".
Kyaxta texnikumunun digər tələbəsi Yevgeni Zvyaginə müqavilə bağlayarkən arxa cəbhədə sürücü kimi xidmət edəcəyi vəd olunub. Təxminən bir ildən sonra isə onu ön xəttə göndərərək hücum bölməsində atıcı təyin ediblər. O, 2025-ci ilin iyulunda Donetsk vilayətində həlak olub. Meyiti ailəsinə yalnız beş ay sonra təhvil verilib.
Mənbələr bildirirlər ki, texnikumda 2022-ci ildən bəri tələbələri hərbi xidmətə həvəsləndirən tədbirlər keçirilir, hərbi hissələr tərəfindən silah və dron sərgiləri təşkil olunur.
Araşdırmada qeyd edilir ki, oxşar hallara Buryatiyanın digər təhsil müəssisələrində də rast gəlinir. M.N. Yerbanov adına Buryatiya Aqrar Kollecinin tələbəsi İqor Dorjiyev də akademik problemlər səbəbindən seçim qarşısında qoyulub: ya qovulmaq, ya da müqavilə bağlayaraq müharibəyə getmək. O, müqavilə bağladıqdan sonra 2026-cı ilin aprelində həlak olub.
Müqavilədən imtina edən bəzi tələbələrin isə akademik borclarını bağlamağa imkan verilmədiyi və təhsil müəssisəsindən xaric edildiyi iddia olunur.
Hüquq müdafiəçilərinin məlumatına görə, 2026-cı ilin əvvəlində Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov universitet rəhbərlərinə tələbələrin müəyyən hissəsinin Müdafiə Nazirliyi ilə müqavilə bağlamasının təmin olunması barədə göstəriş verib. Müstəqil mənbələrin hesablamalarına əsasən, mart ayına qədər 200-ə yaxın universitet və kollecdə bu istiqamətdə təşviqat və təzyiq kampaniyaları aparılıb.
Məsələ ətrafında yaranan narazılıqlardan sonra Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi Viktor Qoremıkin tələbələrin yalnız könüllü şəkildə müqavilə bağladıqlarını və xidmətin bir illik olduğunu bəyan edib.
Lakin hüquq müdafiəçiləri bildirirlər ki, rəsmi sənədlərdə hərbçilərin bir ildən sonra mütləq tərxis ediləcəyi nəzərdə tutulmur. Onların sözlərinə görə, hazırkı şəraitdə bu müqavilələr faktiki olaraq müharibə başa çatanadək qüvvədə qala bilər.
Araşdırma müəllifləri hesab edirlər ki, Rusiya ordusu canlı qüvvə çatışmazlığını kompensasiya etmək üçün bəzi hallarda tələbələri inzibati təzyiq və müxtəlif vədlərlə müqavilə bağlamağa sövq edir və sonradan onları döyüş bölgələrinə göndərir.