📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın yanacaq böhranı: SOCAR üçün yeni ixrac imkanları yarana bilər

2026-07-03 10:21:11

Rusiyanın yanacaq böhranı: SOCAR üçün yeni ixrac imkanları yarana bilər

Ukrayna müharibəsinin uzanması Rusiyanın enerji sektorunda gözlənilməz mənzərə yaradıb. Dünyanın ən böyük neft ixracatçılarından biri olan Rusiya enerji infrastrukturuna endirilən zərbələrdən sonra yaranan yanacaq çatışmazlığını aradan qaldırmaq üçün Hindistandan benzin idxalına başlayıb. Reuters-in məlumatına görə, ölkənin bəzi bölgələrində yanacaq normalaşdırılmış qaydada satılır, qiymətlər rekord həddə yüksəlib, Moskva isə tələbatı ödəmək üçün xarici tədarükə üz tutub. Bu proses təkcə Rusiyanın daxili bazarı üçün deyil, region ölkələri və beynəlxalq enerji-logistika marşrutları baxımından da yeni suallar yaradır.
Rusiyada yaranan yanacaq qıtlığı region ölkələrinin enerji bazarına necə təsir göstərə bilər?
Bu vəziyyət Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Xəzər regionunda neft məhsullarının qiymətlərinə və logistikasına təsir edəcəkmi?

vusale ehmedova 1

İqtisadçı -alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Hazırda Rusiyada baş verənləri enerji qıtlığı kimi dəyərləndirmək olmaz. Əsas məsələ Rusiyanın neft hasilatında deyil, həmin nefti yüksək əlavə dəyərli məhsullara çevirən emal və logistika infrastrukturunun zədələnməsindədir. Rusiya gündə təxminən 9-10 milyon barel neft hasil edən ölkədir. Dünyanın ən böyük neft ixracatçılarından biridir. Belə bir ölkənin benzin idxal etməsi ilk baxışdan paradoksal görünsə də, əslində bu, bir neçə əsas problemin eyni vaxtda yaranmasının nəticəsidir. Birincisi, neft emalı zavodlarına sistemli pilotsuz uçuş aparatları hücumları təşkil olunub. İkincisi, daxili logistika və dəmir yolu daşımaları pozulub. Yəni, problem neft çatışmazlığı deyil, emal məhsulu çatışmazlığıdır. Müasir müharibələr bizə onu göstərir ki, enerji sektorunun ən həssas hissəsi hasilat deyil, emal və paylama şəbəkəsidir. Əgər Rusiyanın emal gücü uzun müddət məhdud qalarsa, dünya bazarına ciddi təsirlər gözləniləndir. Dolayısıyla, dünya bazarında dizel və benzin təklifi azalacaq. Çünki Rusiya dizel ixracında dünyanın aparıcı ölkələrindən biridir".
İqtisadçı-alim əlavə edib ki, ixracın azalması xüsusilə Afrika, Latın Amerikası və Asiya bazarlarında qiymətləri yüksəldə bilər:"Digər tərəfdən də, neft emalı şirkətləri üçün "crack spread" adlanan emal mənfəət marjası arta bilər. Bu isə Avropa, Hindistan və Yaxın Şərqdə fəaliyyət göstərən emal zavodlarının gəlirliliyini artıracaq".

Azərbaycana gəlincə, Vüsalə Əhmədova qeud edib ki, ölkəmizdə benzin və dizelin əsas hissəsi yerli emal hesabına təmin olunur:"Buna görə də, Rusiyada yaranmış qıtlıq avtomatik olaraq daxili yanacaq qiymətlərinin artmasına gətirib çıxara bilməz. Qısa müddətdə Azərbaycan bazarında ciddi yanacaq bahalaşması gözlənilmir. Çünki qiymətlər daha çox dövlət tənzimlənməsi və daxili istehsaldan asılıdır. Həmçinin, region ölkələrinin əksəriyyətinin müəyyən həcmdə Rusiya yanacağından asılı olduğunu unutmayaq. Əgər Rusiya ixracatı azaltsa, bu ölkələr alternativ təchizatçılar axtarmağa başlayacaqlar. Bu baxımdan Azərbaycan müəyyən həcmdə əlavə ixrac imkanları əldə edə bilər. Bu isə dolayısı ilə SOCAR-ın gəlirlərinə müsbət təsir göstərəcək".