Rütte NATO-nun fəaliyyətini futbol yığmasının DÇ-dəki oyunu ilə müqayisə edib
NATO-nun Baş katibi Mark Rütte alyansa üzv ölkələrin birgə fəaliyyətini futbol yığmasının dünya çempionatındakı oyunu ilə müqayisə edib və uğurun yalnız komanda işi sayəsində əldə edildiyini bildirib.
Hurriyyet.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rütte NATO sammiti çərçivəsində Ankarada keçirilən müdafiə sənayesi forumunda bildirib.
"Heç bir komanda bir parlaq oyunçu sayəsində qələbə qazanmır. Qapıçı lazımdır, müdafiəçilər, yarımmüdafiəçilər və hücumçular lazımdır", - NATO-nun Baş katibi deyib.
Onun sözlərinə görə, adətən əsas diqqət qələbə qolunun müəllifinə yönəlsə də, hər bir uğurun arxasında bütün komandanın əməyi dayanır.
"Meydana çıxan hər bir uğurlu oyunçunun və komandanın arxasında başqaları - ehtiyat oyunçular, məşqçilər, analitiklər və fasiləsiz işi təmin edən insanlar dayanır. Heç kim təkbaşına qələbə qazanmır", - Rütte qeyd edib.
O vurğulayıb ki, NATO da eyni prinsiplə fəaliyyət göstərir:
"NATO da bir çox cəhətdən eyni cür qurulub. Effektiv çəkindirmə və müdafiə üçün bütöv bir komanda lazımdır. Komanda işi və uğur qazanmağı bilən bir komanda məhz belə görünür".