Saakaşvili Rusiyanı illər əvvəl xəbərdar etmişdi? – Proqnozlar özünü doğrultdu
“Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan-Rusiya münasibətləri kifayət qədər gərgin idi. Onun Rusiyaya münasibəti kompromissiz xarakter daşıyırdı və bu, iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb olan amillərdən biri idi. M. Saakaşvili hələ prezident olduğu dövrdə Rusiyanın aqressiv siyasəti və mümkün planları barədə dəfələrlə xəbərdarlıq etmişdi. Onun çıxışlarına nəzər saldıqda, Gürcüstandan sonra Rusiyanın növbəti hədəfinin Ukrayna ola biləcəyi ilə bağlı proqnozlar səsləndirdiyi görünür. Sonrakı hadisələr bu xəbərdarlıqların müəyyən mənada əsaslı olduğunu göstərdi”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
“Hazırda da Saakaşvili Rusiyanın siyasətini kəskin tənqid edir və Moskvanın regiona yanaşmasını qəbul etmir. O, Qərblə yaxın münasibətlərin tərəfdarı kimi tanınır və vaxtaşırı mediaya açıqlamalar verərək regional proseslərlə bağlı təhlil və proqnozlarını bölüşür. Bununla yanaşı, M.Saakaşvilinin Cənubi Qafqazla bağlı bəzi bəyanatlarında zaman-zaman ziddiyyətli məqamlar görünür. Xüsusilə Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azalması ilə bağlı səsləndirdiyi fikirlər müəyyən hallarda mübahisəli görünür”.
E.Səftərov vurğulayır ki, M.Saakaşvilinin bəyanatları şəxsi siyasi təcrübəsinə əsaslansa da, onların müəyyən hissəsinin daxili siyasi auditoriyaya hesablandığı da istisna deyil. Bu cür açıqlamalar vasitəsilə o, siyasi gündəmdə qalmağa çalışır.
“Onun bəzi fikirləri tarixi hadisələr və son illərdə baş verən proseslərlə üst-üstə düşsə də, açıqlamalarında şəxsi siyasi maraqların da hiss olunduğu görünür. Nəzərə almaq lazımdır ki, böyük dövlətlər və siyasi qüvvələr öz təsir imkanlarını qorumağa çalışırlar. Bu baxımdan,
M.Saakaşvilinin yanaşmalarının hamısını tam doğru hesab etmək mümkün olmasa da, bəzi qiymətləndirmələrində həqiqət payı mövcuddur”.