Sabiq rəis hakim qarşısına çıxarılır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş Murad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün məhkəməyə göndərilib.
Musavat.com xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq nəticəsində Murad Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə təkrar rüşvət almaqda təqsirləndirildiyi bildirilir.
İstintaq materiallarına əsasən, Murad Əhmədov 2024-2025-ci illərdə Saatlı rayon şöbəsində rəhbər vəzifəni icra etdiyi dövrdə sağlamlıq vəziyyətinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə müxtəlif şəxslərdən ayrı-ayrı məbləğlərdə pul vəsaiti alıb.
Hüquq-mühafizə orqanlarının qənaətinə görə, həmin vəsaitlər rüşvət qismində qəbul edilib.
Toplanmış sübutlar əsasında Murad Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (təkrarən rüşvət alma) ilə ittiham irəli sürülüb.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Bundan əlavə, Murad Əhmədov vəzifədən də kənarlaşdırılıb.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilib.
CM-nin 311.3.2-ci maddəsi nəyi nəzərdə tutur?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi rüşvətin təkrarən alınmasına görə cinayət məsuliyyəti müəyyən edir. Bu maddə korrupsiya cinayətləri sırasında daha ağır tərkibli əməllərdən hesab olunur və təqsiri məhkəmədə sübuta yetiriləcəyi halda, təqsirləndirilən şəxsi uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.