Şahin Bağırov: "Rəqəmsal transformasiya və beynəlxalq standartlar gömrük xidmətinin inkişafını sürətləndirir"
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasındakı əməkdaşlıq qarşılıqlı inam, tərəfdaşlıq münasibətləri və ortaq strateji hədəflər əsasında formalaşıb.
"Report" xəbər verir ki, bunu DGK-nın sədri Şahin Bağırov Gömrük Komitəsində keçirilən brifinqdə bildirib.
O vurğulayıb ki, gömrük orqanlarının gündəlik işində ÜGT-nin tövsiyələrindən, metodiki sənədlərindən və beynəlxalq standartlarından geniş şəkildə yararlanılır.
"Bizim üçün 2025–2030-cu illəri əhatə edən gömrük xidmətlərinin strateji planının reallaşdırılması xüsusi önəm kəsb edir. Gündəlik fəaliyyətimizdə tətbiq etdiyimiz müasir vasitələri və texnologiyaları nümayiş etdirmək arzusundayıq. Gömrük əməkdaşlarımız qabaqcıl texnologiyalardan yararlanmaqla ən yüksək nəticələrə nail olmağa səy göstərirlər".
Ş.Bağırov bildirib ki, ÜGT-nin dəstəyi nəticəsində Azərbaycan gömrük xidməti ilə bu təşkilat arasında qarşılıqlı inama, strateji baxışlara və müştərək hədəflərə söykənən əməkdaşlıq daha da güclənib.
"Bu tərəfdaşlıq təkcə rəqəmsal transformasiya, dayanıqlı ticarət və beynəlxalq standartların tətbiqi ilə məhdudlaşmır. ÜGT-nin strateji prioritetləri arasında regional potensialın artırılması, innovativ təşəbbüslərin həvəsləndirilməsi və qlobal, eləcə də regional müstəvidə vahid yanaşmaların yaradılması əhəmiyyətli yer tutur. Biz də bu hədəflərə çatmaq üçün fəaliyyətimizi davam etdiririk ki, Azərbaycan gömrük xidməti beynəlxalq standartlara uyğunluğunu və iqtisadi təhlükəsizliyin təmin olunmasında lider mövqeyini saxlasın".
Ş.Bağırov qeyd edib ki, ÜGT çərçivəsində qəbul edilən beynəlxalq standartlar və metodoloji sənədlər Azərbaycan gömrük sisteminin təkmilləşməsində əsas rol oynayır.
Onun fikrincə, ÜGT-də təsdiqlənən sənədlərin işlənib hazırlanması ciddi əmək tələb edir və Azərbaycan həmin standartların ölkə daxilində həyata keçirilməsində maraqlıdır:
"Beynəlxalq standartların tətbiqi innovativ yanaşmaların gücləndirilməsinə, gömrük sahəsində vahid iş prinsiplərinin qurulmasına və əməkdaşlığın genişləndirilməsinə xidmət göstərir. ÜGT-nin metodoloji sənədləri və qabaqcıl təcrübəsi ölkədə gömrük sisteminin təkmilləşdirilməsində geniş tətbiq olunur. Rəqəmsal transformasiya, müasir biliklərin istifadəsi və kadr potensialının artırılması istiqamətində aparılan işlər gömrük xidmətinin inkişafına sürət verir. Bu gün ölkəmizdə əldə edilən tərəqqi və müasir yanaşmaların tətbiqi aydın şəkildə görünür. Biz beynəlxalq standartların daha geniş miqyasda tətbiqi istiqamətində işimizi davam etdirəcəyik", - deyə Ş.Bağırov əlavə edib.