📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səbinə Əliyeva: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün preventiv addımların atılması zəruridir

2026-06-08 10:21:16

Səbinə Əliyeva: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün preventiv addımların atılması zəruridir

Dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir.

Hurriyyet.info xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

O qeyd edib ki, uşaqların rəqəmsal təhlükəsizliyinin qorunmasında valideynlərin rolu danılmazdır:

"Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşmaları, uşaqlarla açıq və etibarlı ünsiyyət qurmaları, həmçinin uşaqların virtual mühitdə qarşılaşa biləcəkləri təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiqi edilməsi çox vacibdir".

Ombudsman bildirib ki, müzakirəyə çıxarılan yeni qanun layihəsi bu sahədə hüquq pozuntularının qarşısının alınması və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir:

"Layihədə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələrin, eləcə də şəxslərin platformada qeydiyyatına dair tələblərin müəyyən edilməsi, habelə provayderlərin Azərbaycanda fəaliyyətinin tənzimlənməsi bu istiqamətdə mövcud problemlərin həlli və uşaqların hüquqlarının müdafiəsi baxımından önəmlidir".