Şəhərin yay günləri – həftə sonu Bakı boşalır, Xankəndi dolur
Xankəndini diri, axar-baxarlı, qələbəlik, səliqəli gördüm. Şəkillərdə, videolarda çox görmüşdüm, canlı, real mənzərəsi daha gözəlmiş.
Gözümün önündə Avropanın ortaboylu şəhərlərinə bənzəyən yaşayış məntəqəsi vardı. Dostlardan biri Xankəndidə Strasburq sifəti gördü. Yol boyunca çoxu ağ, restavrasiya olunmuş, modernləşdirilmiş sovet binaları, unikal tikililər, villalar görünür, şəhərin küçələri hamar asfaltlı, yamaqsız və enlidir, səliqəli parkları, dağətəyi əraziyə xas gözəl relyefi, təmiz və xoş havası var.
Bu şəhəri tərifləyirdilər, inanırdım, amma təriflərin üstündə olduğunu gözləmirdim.
Xankəndi təməlini azərbaycanlıların qoyduğu, Azərbaycanın puluyla erməni ustaların tikdiyi şəhərdir. Yəni elə çıxmasın ki, bu, sırf erməni əsəridir. Elə deyil. Xankəndinin hələ sovet dövründə ölkəmizin fərqli şəhərlərindən biri olması üçün respublika büdcəsindən milyonlarla rubl\manat vəsait ayrılıb, sadəcə, Gevorkov kimi rəhbərlər o vəsaiti təyinatı üzrə xərcləyiblər.
Yuxarıda əsər dedik, ermənilərin əsl əsəri 2020-ci ilin oktyabrında geri aldığımız Füzuli, ondan bir ay sonra qaytarmağa məcbur olduqları Ağdam şəhərləridir (eləcə də o biri yox edilmiş şəhərlər). Bu şəhərlərin daşları daş üstündə qalmamışdı, parkları, bağları doğranmışdı, evləri qapı-pəncəsərinə, tavan-dəşəməsinə qədər sökülüb daşınmışdı, hər tərəfi yandırılmışdı.

Xankəndi isə 2023-cü ilin sentyabrına qədər necə vardısa, elədir. Hələ bir az da sahmana salınıb. Yolları daha da genişləndirilib və yenilənib, küçələri daha səliqəli hala gəlib.
Bu, ona görə belədir ki, ermənilər Ağdam və Füzulini, eləcə də işğal etdikləri digər şəhər və qəsəbələrin özlərinə məxsus olmadığını, əllərində əbədi qalmayacağını bilirdilər. Azərbaycan dövlətinin və xalqının isə elə bir dərdi yoxdur. Bizdə əminlik var ki, Qarabağ xanı qışlaq yeri olaraq saldığı kəndin yerindəki şəhər bizim həm yaylağımız, həm də qışlağımız olaraq qalacaq, böyüyəcək və daha da inkişaf edəcək.
Şəhərdə dolaşdıqca insanların, avtomobillərin qələbəliyi diqqət çəkirdi. Hətta bir ara tıxaca düşəcəyimizi zənn etdik. Xoşbəxtlikdən, elə olmadı. Bələdçimiz bildirdi ki, həftə sonlarında bu izdihamı şəhərə axışan yerli turistlər yaradır. Yəni həftə sonlarında Bakı boşalır, Xankəndi (və Şuşa) dolur. Əslində isə şəhər hələ tam məskunlaşmadığı üçün ara günlərdə bu qədər sıxlıq olmur. Doğrudan da qoç ətindən yemək verən restorandakı müştəri bolluğu ondan xəbər verirdi ki, yerli adamlar evlərindəki mətbəxi qoyaraq, belə bahalı menyuları kütləvi şəkildə özlərinə rəva görməzlər.
Demək, Xankəndidə təkcə turistlərin çoxluğunu təmin etmək azdır, şəhər daha intensiv şəkildə məskunlaşdırılmalıdır. Düzdür, dövlət bu işi yavaş-yavaş irəliləyən okean layneri kimi aparır və beynəlxalq miqyasda mənfi reaksiya doğurmamağa çalışır, amma daha keçib. Qarabağdan didərgin düşmüş 700 mindən artıq, hazırda artaraq 1 milyonu ötmüş məcburi köçkünlərin və 1988-ci ildə Ermənistandan deportasiya olmuş 300 min göyçəli, irəvanlı və vedibasarlı türklərin ən azı 10 faizinin Xankəndidə, Hadrutda, Ağdərədə və digər şəhər və qəsəbələrdə məskunlaşmaq haqqı var.
Çünki ermənilərlə bir arada, bir şəhərdə yaşamaq gerçəkdən də mümkün olmayacaq. 1991-1994-cü illər arasında baş vermiş və “1-ci Qarabağ müharibəsi” adi torpaq, ərazi müharibəsi olmayıb. Ortada namus davası və Xocalı genosidi var. Bu detallar yaxın onilliklərdə bu iki xalq və ölkə arasında səmimi barışığı mümkünsüz edir. Bundan başqa, “etnik uyğunsuzluq” kimi nasismə xas termini azərbaycanlılar yox, ermənilərin özləri, onları rəhbəri Robert Köçəryan dilə gətirib, beynəlxalq auditoriyalarda dəfələrlə təkrar edib.
Əslində “1-ci Qarabağ müharibəsi” istilah da yanlışdır, 1905-ci ildən 2023-cü ilə qədər olan müddətdə ermənilərlə Azərbaycan türklərinin arasında baş verən müharibələrni nömrələsək, hesab qarışar. Həmin müharibələrin təşəbbüskarının kim olduğu da mübahisə predmeti deyil. Hamısını ermənilər başladıb.
Xankəndinin modern şəhər olduğunu, gündən-günə inkişaf etdiyini dedik, amma eyni sözü şəhərə yaxın qəsəbələrə aid etmək olmaz. O qəsəbələr daha ciddi şəkildə məskunlaşdırılmalı və abadlaşdırılmalıdır. Həmin yaşayış məntəqələrinin içi və qırağı ilə irəlilədikcə, tərk edilmişlik mənzərəsi aydın şəkil alır. Ölkənin hər yerindən olan evsiz insanlara Qarabağ kimi cənnətməkan yerdə, təbii kurort şəhər və kəndlərində yaşamaq, ev sahibi olmaq imkanı təqdim edilməlidir.
Əslində isə insanların işi, məşğuliyyəti və qazanc yeri olsa, bu proses daha effektiv olar. Məskulaşdırma işi ümumi potensialın yarısından keçsə, bu iş daha da sürətlənər və genişlənər. O zaman əlavə iş yerlərini dövlətin açmasına ehtiyac qalmz, bir çox infrastrukturlar, ticarət, xidmət, iaşə obyekləri öz-özünə artar.
Bu mahalın böyük turizm potensialı var. Babat maya qoymaqla Xankəndini və onun yaxın-uzaq ətrafını doğrudan da İsveçrənin dağlıq kurort şəhərlərinə döndərmək olar.