Simonyan deputat mandatından imtina edir
Ermənistan parlamentinin hazırkı spikeri Alen Simonyan yeni çağırış parlamentdə deputat mandatından imtina edəcək.
Hurriyyet.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Simonyan bu barədə bugünkü brifinqdə məlumat verib.
“Mən Baş nazir, həmçinin partiyanın rəhbərliyi ilə müzakirə etdim - mandatı götürməyəcəyəm və parlamentə deputat qismində gəlməyəcəyəm. İlk növbədə bir az istirahət etmək istəyirəm”, - Simonyan bildirib.
Seçkilərdə qalib gəlmiş “Vətəndaş Müqaviləsi” partiyasının rəhbərliyinin onu yeni çağırışın spiker namizədi olaraq seçməməsinə gəlincə, buna görə incimədiyini deyib.
“Güman edirəm ki, hansısa bir dövrdə ölkəmizə, partiyamıza faydalı olacağam... Mən partiyanın təsisçilərindən biriyəm, siyasi prosesin bir hissəsiyəm, dostlarımın yanında qalacağam və onlara lazım olduğum müddətdə yanlarında olacağam”, - Simonyan əlavə edib.
Xatırladaq ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin ötən həftə keçirilmiş iclasında müzakirə və qapalı gizli səsvermə nəticəsində Ruben Rubinyan parlamentin sədri vəzifəsinə namizəd seçilib. Ruben Rubinyan bundan əvvəl parlament sədrinin müavini vəzifəsini icra edib və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsidir.