Simonyandan yanacaqdan şikayətlənənlərə həyasız xatırlatma
Rusiyanın “qara təbliğatçıları”ndan olan Marqarita Simonyan ölkədə yanacaq çatışmazlığından narazılıq edən vətəndaşları səbirli olmağa çağırıb.
Musavat.com xarici agentliklərə istinadə xəbər verir ki, o, Vladimir Solovyovun verilişində çıxışı zamanı hazırkı vəziyyətin 1990-cı illərin əvvəllərindəki böhranla müqayisədə daha yüngül olduğunu iddia edib.
“Benzin yoxdur? Mənim nəslim xatırlayır ki, vaxtilə ərzaq talonla verilirdi. Siz bunu unutmusunuz? 1992-ci ildə Krasnodarda kuponlarla alış-veriş edirdik. Mən 11-12 yaşımda vedrələrlə su daşıyırdım. Söhbət Coca-Coladan yox, adi içməli sudan gedirdi, çünki su yox idi”, – deyə Simonyan bildirib.
Simonyanın bu açıqlaması Rusiyada yanacaq böhranının dərinləşdiyi zamana təsadüf edir. Son həftələrdə ölkənin onlarla regionunda benzin qıtlığı yaranıb, bəzi yanacaqdoldurma məntəqələrində satış məhdudlaşdırılıb, hökumət isə daha aşağı keyfiyyətli "Avro-3" standartlı benzinin istehsalı və satışına icazə vermək məcburiyyətində qalıb.