📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ: Trampın təyyarəsi Ankaraya eniş etdi - FOTOLAR

2026-07-07 16:52:08

SON DƏQİQƏ: Trampın təyyarəsi Ankaraya eniş etdi - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.

Hurriyyet.info xəbər verir ki, Trampı daşıya"n Air Force One" təyyarəsi Ankara şəhərindəki Esenboğa Hava Limanına eniş edib.

ABŞ prezidentinin enişindən bir neçə dəqiqə əvvəl isə ABŞ nümayəndə heyətini daşıyan digər təyyarə də hava limanına çatıb.

Məlumata görə, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə keçirilən NATO Zirvəsində iştirak edəcək. Hava limanında onun qarşılanması üçün rəsmi hazırlıqlar görülüb və daha sonra dövlət başçısının qalacağı hotelə yola düşməsi gözlənilir.

Zirvə ərəfəsində Ankara şəhərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Esenboğa Hava Limanı, əsas magistrallar və dövlət başçılarının hərəkət edəcəyi marşrutlar polis və jandarma qüvvələrinin nəzarətinə götürülüb. Şübhəli hesab edilən avtomobillər saxlanılaraq yoxlanılıb, sənədlərində çatışmazlıq olan və yol hərəkəti qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görülüb.

Sammit münasibətilə Esenboğa Hava Limanı və Turqut Özal Bulvarı boyunca NATO-ya üzv 32 ölkənin bayraqları asılıb. Paytaxt küçələrində "Sülhdə Ortaq Gələcək", "Təhlükəsizliyin Açarları" və "Sülhün Açarları" şüarları əks olunan bannerlər yerləşdirilib.

Rəsmi məlumatlara görə, NATO Zirvəsinin təhlükəsizliyini təmin etmək üçün Ankarada ümumilikdə 56 min təhlükəsizlik əməkdaşı – 49 min polis və 7 min jandarm xidmət aparır. Bildirilir ki, sammit başa çatdıqdan sonra da təhlükəsizlik tədbirləri bir müddət davam etdiriləcək.


ABD Başkanı Trump'ı taşıyan uçak Ankara'ya indi