📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SOS: Evlərdəki bu cihaz TƏHLÜKƏ mənbəyidir! – Yasamaldakı o faciə...

2026-07-06 17:36:43

SOS: Evlərdəki bu cihaz TƏHLÜKƏ mənbəyidir! – Yasamaldakı o faciə...

Azərbaycanda yaşayış evlərində baş verən qaz partlayışları vaxtaşırı insan tələfatı və ağır xəsarətlərlə nəticələnən faciələrə çevrilir. Son illərdə Bakıda və bölgələrdə qeydə alınan oxşar hadisələr qaz təsərrüfatında təhlükəsizlik qaydalarına əməl olunmasının nə qədər vacib olduğunu bir daha gündəmə gətirir.

Növbəti belə hadisə ötən gün Bakının Yasamal rayonunda qeydə alınıb. Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində baş verən partlayışdan sonra yanğın başlayıb. Yanğın nəticəsində ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə külə dönüb. Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər 2010-cu il təvəllüdlü Zəhra İsrafilovanın meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Bəs belə partlayışlara ən çox hansı amillər səbəb olur? Bu cür faciələrin qarşısını almaq üçün vətəndaşlar nələrə diqqət etməlidirlər?

WhatsApp Image 2026-07-06 at 14.48.01.jpeg (140 KB)

Tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Qaz partlayışlarının ən geniş yayılmış səbəbi qaz sızması və yaranan qaz-hava qarışığının alışma mənbəyi ilə təmasda olmasıdır. Lakin partlayışlara yalnız qaz sızması ilə yanaşı, qaz avadanlıqlarının nasazlığı, kustar üsulla hazırlanan qurğulardan istifadə, təhlükəsizlik qaydalarının pozulması və bəzi hallarda tikinti konstruksiyalarına qanunsuz müdaxilələr də səbəb ola bilər. Vətəndaşlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Qaz iyi hiss edildikdə elektrik açarlarını yandırmaq olmaz, kibrit və ya alışqandan istifadə etmək qadağandır. Belə vəziyyətdə məkanın qapı-pəncərələrini açaraq dərhal havalandırmaq və qazın verilişini bağlamaq lazımdır”.

Ekspertə görə, qaz cihazları, şlanqlar və birləşmələr mütəxəssislər tərəfindən ildə azı bir dəfə olmaqla mütəmadi şəkildə texniki baxışdan keçirilməlidir: “Bununla yanaşı, mənzillərin mətbəx hissəsində və ya qaz avadanlıqlarının yerləşdiyi digər ərazilərdə qaz və tüstü detektorlarının quraşdırılması erkən xəbərdarlıq sistemi baxımından mühüm əhəmiyyət kəsb edir. Havalandırma və tüstü bacaları da davamlı olaraq yoxlanılmalıdır. Eyni zamanda, mənzildə uzun müddət olmadıqda qaz kranlarının bağlanması mütləq şəkildə tövsiyə olunur”.