Ştilerman: Ukrayna öz raketlərini istehsal edəndən Rusiyaya zərbə endirmək üçün heç kimdən icazə almır - MÜSAHİBƏ
"Flaminqo" uzaqmənzilli raketinin və bir sıra milli dronlarının ixtiraçısı və baş konstrukturu, "Fire Point" şirkətinin təsisçisi Denis Ştilerman "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın milli raket sənayesindən, dron istehsalından yerli istehsalın Rusiya ilə müharibəyə necə təsir göstərməsindən danışıb:
- Uzaqmənzilli raket olan "Flaminqo"nun yaradılması prosesi necə oldu?
- Biz genişmiqyaslı işğalın başlamasından əvvəl ölkəmizdə hansısa güclü müdafiə müəssisələrin olması barədə illüziya ilə yaşayırdıq. Düşünürdük ki, bu müəssisələr hücum zamanı kütləvi şəkildə raketlər istehsal etməyə başlayacaq, kütləvi şəkildə ballistik raketlər, qanadlı raketlər buraxacaq və Rusiya nəzərəçarpacaq cavab alacaq. Öz qüvvələrimiz hesabına rusları Kiyevdən geri atmağımız, "Luç" konstruktor bürosunun istehsal etdiyi "Neptun" raketi ilə "Moskva" kreyserinin batırılması bizdə ruh yüksəkliyi yaratdı.
Amma böyük təəssüf ki, Rusiya ərazisinə heç bir uzaq zərbənin vurulmasını görmədik. Mən öz hesabıma ordu üçün dron alırdım. Amma sonra anladım ki, biz həmin dronlardan da ucuzunu özümüz düzəldə bilərik. Biz özümüzün FPV-1 dronumuzu yaratdıq və bu hazırda əsas zərbə dronudur. Rusiya ərazisinə dron zərbələrinin əksəriyyəti FPV dronla endirilir. Daha sonra 2024-cü ildə raketlərin hazırlanması barədə düşünməyə başladıq. Öz raketimiz olan "Flaminqo"nu doqquz aya hazırladıq, sınaqlardan keçirdik, silahlanmaya qəbul olundu. Hazırda bu raketlə Rusiyanın daxilindəki hədəfləri uğurla vururuq. Bu raketin yaradılmasından sonra Ukraynanın Rusiyanın hansı hissəsində hər hansı hədəfi məhv etməsi üçün Qərb tərəfdaşlarından icazə almağa ehtiyacı yoxdur. Bundan əvvəl bir çox hallarda Ukrayna belə icazəni ala bilmirdi.
- Bildirilir ki, Ukrayna istehsalı olan raketlərlə Rusiyanın tam dərinliklərə zərbə vurmaq olmur. Belə zərbələr perspektiv hədəfinizdə var?
- Biz onların hərbi zavodlarını hədəfə alırıq. Hər gün bizim həm raketlər, həm də pilotsuz uçuş aparatları onları vurur. Ümid edirik ki, belə zərbələr Rusiyanın bizə hücum etmə imkanlarını azaldacaq. Rusiyada hər şeyi nəhəng zavodlarda cəmləşdirməyə öyrəşiblər ki, bunlar da faktiki olaraq bizim üçün yaxşı hədəfdir. Biz, şirkət olaraq, hədəf seçimi ilə məşğul olmuruq. Bütün əməliyyatı hərbçilər planlaşdırır. "Flaminqo" raketi əsasən Rusiyanın iri müdafiə müəssisələrində olan sovet tipli betonlaşdırılmış zavodları dağıtmaq üçün nəzərdə tutulub.
- Əlavə yeni raketlər hazırlamağı düşünürsünüz?
- Bəli, indi ballistik raket hazırlayırıq. Biz iki tip ballistik raket hazırlayırıq. FP-7. Bu artıq tam sınaqdan keçib. Bundan başqa FP-9 raketi olacaq.
FP-7 uçuş məsafəsi 300 kilometr olacaq və o sovetin S-400 raketinin klonudur. FP-9 isə 800 kilometr məsafəyə uçacaq və döyüş hissəsində 850 kiloqram daşıyacaq.
- Ukrayna istehsalı olan dronlar barədə nə deyə bilərsiniz?
- Bizdə əsas istehsal uzağı vuran dron FP-1 və "Middle Strike" (orta məsafəyə zərbə - red.) FP-2-dir. Bunlarla, Rusiyada körpülər dağıdılır, müvəqqəti işğal olunmuş ərazilərdə logistikaya zərbələr vurulur. Bu, hazırda 60 kiloqram partlayıcını 3 000 kilometrə və ya 200 kiloqram partlayıcını 380 kilometrə qədər daşıyan dronlardır.
- Ukrayna ordusunun arsenalını 4 il əvvəl ilə necə müqayisə edərdiniz?
- Çox təəssüf ki, dünyada hazırda müasir müharibə aparmağı bacaran yalnız iki ordu var. Bunlar Ukrayna və Rusiya ordularıdır. Mən düşünürəm ki, Ukrayna ordusu daha güclüdür, texnoloji cəhətdən daha irəlidədir. Təkamül kökündən baş verib. Hər şey dəyişib. Dörd il əvvəl effektiv olan silahlar, hansısa haubitsalar, "Haymers"lər artıq döyüş meydanında heç bir əhəmiyyət daşımır.
Cəbhə xəttindən 80 kilometr artıq ərazi də təhlükəli zonadır. Yəni, təhlükəsiz məsafədən atış açmaq istəsən gərək ən azı 100 kilometr və daha uzaq məsafə seçməlisən. Müharibə konsepsiyası tamamilə dəyişib. 4 il əvvəl effektiv olan şeylər indi ümumiyyətlə heç kimə lazım deyil. Artilleriya, tanklar, ümumiyyətlə lazımsız bir texnikaya çevrilib. Amma biz görürük ki, Avropa 2025-ci ildə tank almağa on milyardlarla avro xərcləyib. Bu ən azı mənasızdır.
- Ukrayna ordusunun müharibəni hansısa bir uğurlu nöqtədə bitirməsinə nə mane olur?
- Tərəfdaşlarımız.
- Bunu bir az geniş izah edə bilərsinizmi?
- İzah edim. Rusiya başa düşür ki, Ukrayna artıq əvvəlki Ukrayna deyil ki, onu hansısa tank kolonnaları ələ keçirmək mümkün olsun. Onlar hesab edirdilər ki, burada hamını alıblar, hamını korrupsiyaya cəlb ediblər, buna görə də sakitcə buraya daxil olub ölkəni bir neçə günə ələ keçirəcəklər. Ukrayna isə əksinə, təkcə öz taleyini deyil, həm də bütün Avropa üçün gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən ölkəyə çevrildi.
Hazırkı duruma gəldikdə isə bizim məsələn, Azərbaycanın öz ordusunun inkişafına yatıra biləcəyi qədər imkanlarımız yoxdur. Biz müttəfiqlərimizin bizə necə kömək etməsindən, Avropa pullarından çox asılıyıq. Hazırda Ukraynanın imkanları budur.
Məsələn bir il yarımdan çoxdur ki, bizim bir gün ərzində Rusiyanın Baltik dənizində, Qara dənizdə bütün neft ixracını bağlaya bilmək imkanımız var. Amma bu, Avropada neftin, benzinin qiymətinə çox güclü təsir göstərə bilər və buna görə biz bunu hələ də etmirik. Yəni Rusiyanın dəniz blokadasını təşkil etmək bizim üçün realdır. Bunu ən azı dronlarımızla edə bilərik. Buna görə yəqin ki, müttəfiqlərimiz (Avropa İttifaqı) öz seçiciləri ilə belə problemlər istəmirlər.
- Müxtəlif səviyyələrdə rəsmi açıqlamalarda Ukraynanın ən ağrılı yerinin hava hücumundan müdafiə sistemi çatışmazlığıdır. Milli istehsal haqqında nə düşünürsünüz?
- Hava Hücumundan Müdafiə üzrə biz FP-7 raketini hazırlayırıq. O, ballistik raketlərin vurulması üçün nəzərdə tutulub. İndi biz uçuş sınaqlarından keçmişik və biz bütün Avropa ölkələrinə təklif edib, deyirik ki, sizin üçün çətin olan raket istehsalına yardım edə bilərik. Bizim raket, o böyükdür, uzağa uça bilir, böyük məsafələrdə ələ keçirir, böyük radius yaradır, örtür.
Biz tərəfdaşlarımız üçün onun proqram təminatını, kodunu açırıq. Biz təklif edirik ki, bunun əsasında ümum-Avropa sistemi – antiballistik qalxan yaradılsın. Biz onu FREYA adlandırdıq.