Sumqayıtda küçələr işıqlandırılmır, elektrik enerjisinə qənaət edirlər - ŞİKAYƏT
Sumqayıt sakinləri gecə saatlarında küçə işıqlarının söndürülməsindən narazılıq edirlər.
Avtosfer.az xəbər verir ki, şəhərin Sahib Qarayev və Üzeyir Hacıbəyov küçələrində, eləcə də həmin küçələrin kəsişməsində gecə yarısından sonra işıqlandırma dayandırılır. Sakinlərin iddiasına əsasən, əvvəllər küçə işıqları axşam saat 18:00-dan səhər 05:00-dək yanırdı. Sonradan müəyyən müddət ərzində işıqlar növbəli şəkildə yandırılıb, daha sonra isə bu praktikadan da imtina olunub. Hazırda isə küçə işıqlarının gecə saat 00:00-da söndürüldüyü bildirilir. Sakinlər hesab edirlər ki, xüsusilə yay mövsümündə gecə saatlarında küçələrin qaranlıq qalması həm piyadalar, həm də sürücülər üçün təhlükəsizlik baxımından ciddi risk yaradır.
Mövzu ilə bağlı hüquqşunas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində küçə və yolların işıqlandırılması mühüm əhəmiyyət daşıyır:
.jpg)
"Xüsusilə yaşayış məntəqələrində bu məsələ daha vacibdir. Çünki belə ərazilərdə piyadalar, velosipedçilər, avtomobillər, ictimai nəqliyyat vasitələri və digər hərəkət iştirakçıları çoxluq təşkil edir. Bu isə yol hərəkəti şəraitini daha mürəkkəb edir. Belə mürəkkəb şəraitdə hərəkət iştirakçılarının bir-birini və yol vəziyyətini aydın görməsi olduqca əhəmiyyətlidir. Görünmə səviyyəsi nə qədər yüksək olarsa, sürücülər və piyadalar davranışlarını bir o qədər düzgün qiymətləndirər, hərəkətlərini əvvəlcədən proqnozlaşdıra və səhv etmək ehtimalını azalda bilərlər. Bu da yol hərəkətinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən küçə və yollar maksimum səviyyədə, gecə boyu işıqlandırılmalıdır. Bəzən enerji qənaəti məqsədilə işıqlandırmanın məhdudlaşdırılması başa düşülən olsa da, təhlükəsizlik baxımından bu yanaşma hər zaman məqsədəuyğun deyil. Xüsusilə yay aylarında yaşayış məntəqələrində, şəhər və qəsəbələrdə gecə saatlarında da intensiv hərəkət müşahidə olunur. Buna görə də işıqlandırmanın fasiləsiz təmin edilməsi vacibdir".
Hüquqşunas qeyd edib ki, küçə işıqlandırılması yalnız yol hərəkəti təhlükəsizliyi üçün deyil, həm də ictimai təhlükəsizliyin təmin olunması baxımından mühüm rol oynayır:
"Kriminologiyada uzun illər əvvəl aparılan araşdırmalar göstərib ki, yaxşı işıqlandırılmış küçələrdə cinayətlərin sayı daha az olur. Bu yanaşma "işıqlı vitrinlər küçəsi" prinsipi kimi tanınır. Bu prinsipə əsasən, yaxşı işıqlandırılan küçələrdə insanlar özlərini daha təhlükəsiz hiss edirlər. Ətraf mühit aydın göründüyü, mağazaların vitrinləri işıqlı olduğu və müşahidə imkanları artdığı üçün həm vətəndaşlar rahat hərəkət edir, həm də cinayət törətmək niyyətində olan şəxslər belə yerlərdən çəkinirlər. Müasir müşahidə kameralarının geniş tətbiqi də bu təsiri daha da gücləndirir.
Məhz buna görə də küçə və yolların, xüsusilə insanların sıx hərəkət etdiyi yaşayış məntəqələrinin gecə saatlarında keyfiyyətli və fasiləsiz işıqlandırılması həm yol hərəkəti, həm də ümumi ictimai təhlükəsizliyin təmin edilməsi baxımından vacib hesab olunur".
Nəqliyyat eksperti Rauf Ağamirzənin fikrincə isə, işıqlandırma sahəsində qənaət məsələsinə yalnız maliyyə baxımından yanaşmaq düzgün deyil:

“İnsan həyatından dəyərli heç nə yoxdur və gecə saatlarında yol işıqlandırılması təhlükəsizliyin əsas elementlərindən biridir. Qonşu Gürcüstanda magistral yolların böyük hissəsi işıqlandırılıb. Məsələn, Tbilisidən Qara dəniz istiqamətinə uzanan magistral yol boyunca işıqlandırma sistemi quraşdırılıb. Həmçinin, Tbilisi şəhərinin özü də geniş şəkildə işıqlandırılır. Bu, yenilik deyil, yol təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda isə yanaşma müəyyən qədər fərqlidir. Əsasən yaşayış məntəqələri, yaşayış məntəqələrinə yaxın ərazilər, eləcə də magistral yollarda körpü və yolötürücülər kimi süni qurğuların yerləşdiyi hissələr işıqlandırılır. Lakin təəssüf ki, bəzi ərazilərdə işıq dirəkləri mövcud olsa da, müxtəlif səbəblərdən, o cümlədən qənaət məqsədilə işıqlar yandırılmır".
Ekspertin sözlərinə görə , xüsusilə şəhər mühitində və yaşayış məntəqələrində küçə işıqlandırılması mütləq təmin olunmalıdır:
"Gecə saatlarında görünmə məsafəsi azaldığı üçün keyfiyyətli işıqlandırma həm sürücülər, həm də piyadalar üçün təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, yol işıqlandırması hərəkətin intensivliyinə uyğun layihələndirilməlidir. Hərəkət sıxlığının yüksək olduğu magistrallarda daha güclü, məhəllədaxili və az hərəkətli küçələrdə isə müvafiq standartlara uyğun işıqlandırma sistemləri tətbiq edilməlidir. Bu sahədə beynəlxalq və milli standartlar mövcuddur və işıqlandırma da həmin tələblərə uyğun qurulmalıdır. Yol işıqlandırılmasına qənaət etmək doğru yanaşma deyil. Çünki belə qənaətin nəticəsi sonda insan həyatı bahasına başa gələ bilər".