Suriya İranın hücum bəyanatını TƏKZİB ETDİ
Suriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi İran mediasının İraqla sərhəd bölgədə yerləşən Ət-Tanf hərbi bazasına raket zərbəsi endirilməsi barədə yaydığı məlumatları təkzib edib.
Hurriyyet.info xəbər verir ki, bu barədə hərbi nümayəndə "Al Jazeera" telekanalına açıqlamasında bildirib.
"Biz Ət-Tanf bazasının hər hansı bir hücuma və ya bombardmana məruz qalmasını qəti şəkildə təkzib edirik. Bundan əlavə, həmin obyektdə artıq heç bir ABŞ hərbi mövcudluğu yoxdur", - deyə bəyanatda qeyd olunur.
Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ət-Tanfda yerləşən ABŞ-ın xüsusi əməliyyatların idarə edilməsi mərkəzinə zərbə endirdiyini elan edib. İran tərəfi bu hücumun İranşəhr şəhərində iranlı hərbçilərin həlak olmasına birbaşa cavab olduğunu bildirib.
"Reuters" agentliyinin daha əvvəl yaydığı məlumata görə, bu, regionda müharibə başlayandan bəri Tehranın Suriya ərazisinə birbaşa ilk hücumu kimi qiymətləndirilirdi.
Lakin Dəməşqin rəsmi bəyanatı bu məlumatı növbəti dəfə sual altında qoyub. Regionda gərginlik artmaqda davam edərkən, Suriya rəhbərliyi böyük münaqişələrdən kənarda qalmağa çalışdığını bəyan edir.