📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şuşada böyük konsert vermək istəyirəm” - Miri Yusif

2026-07-04 14:33:21

“Şuşada böyük konsert vermək istəyirəm” - Miri Yusif

 "5 günlük konsert marafonuna start verdik. Şuşada böyük konsert vermək istəyirəm”.

Hurriyyet.info  xəbər verir ki,  Xalq artisti Miri Yusif konsertinin 2-ci günü, konsert öncəsi jurnalistlərin suallarını cavablayıb. O, 5 günlük konsert  proqramı ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu gün beş günlük konsert proqramımızın ikinci günüdür. İyulun 2-si Azərbaycan Polisi Günü idi və ötən günkü konsert proqramımızı polis əməkdaşlarına həsr edərək onları təbrik etdik.

İnanıram ki, bugünkü və qarşıdakı günlərdə keçiriləcək konsertlərimiz də çox gözəl keçəcək. Tamaşaçı marağı çox yüksək olduğuna görə əvvəlcə üç gün nəzərdə tutduğumuz konsert proqramına daha iki gün əlavə etdik. Bu, dinləyicilərimizin bizə olan sevgisinin və etimadının göstəricisidir. Arzum budur ki, konsertlərimizin davamı gəlsin və hər zaman tamaşaçılarımızla görüşək”.

Xalq artisti vurğulayıb ki, Qarabağda da geniş konsert proqramı ilə çıxış etməyi planlaşdırır:

“Laçında konsert proqramı ilə çıxış etmişəm. Yaxın zamanlarda isə Xankəndidə Xalq artisti Röya Ayxan ilə birlikdə səhnəyə çıxmışıq. İnanıram ki, yaxın gələcəkdə Qarabağda daha böyük konsert proqramımız da baş tutacaq. Mən bu ölkənin vətəndaşı kimi öz borcumu yerinə yetirirəm”.

Gecə ərzində Miri Yusif illərdir dillər əzbəri olan hitlərini, eləcə də repertuarının ən sevilən mahnılarını canlı ifa edərək tamaşaçılara unudulmaz musiqi axşamı yaşadıb.

Konsertin ən təsirli anlarından biri sənətçinin səhnəyə mərhum atasına məxsus tarla çıxması olub. Xalq artisti “Ata” mahnısını həmin tarın müşayiəti ilə ifa edib. Duyğusal çıxış zalda kövrək anlar yaşadıb və tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Miri Yusif gecə ərzində “Sənə qurban” mahnısını da səsləndirib və bu bəstəni həyat yoldaşı Nərgizə həsr etdiyini bildirib.

Qeyd edək ki, pərəstişkarlarından gələn böyük marağı nəzərə alan Miri Yusif iyulun 4, 5 və 6-da da Yaşıl Teatrın səhnəsində solo konsert proqramları ilə çıxış edəcək. Bununla da sənətçi eyni məkanda beş gün ardıcıl konsert verərək öz rekordunu yeniləyəcək.