📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşadan verilən yeni geosiyasi mesaj: Azərbaycan orta gücdür!

2026-07-13 20:34:28

Şuşadan verilən yeni geosiyasi mesaj: Azərbaycan orta gücdür!

Bu gün Şuşada Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Prezident tədbirdə bildirib ki, Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni ortasəviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür.

Dövlət başçısı əlavə edib:

“Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”.

Təvazökarlıqdan uzaqlaşmadan deyim ki, illərdir müdafiə etdiyim tezislərdən biri məhz bu idi ki, Azərbaycan artıq kiçik dövlət deyil, regional aktor mərhələsini də geridə qoyub və orta güc statusuna iddia edir.

Bəli, prezident Əliyevin açıqlaması Azərbaycanın rolunun beynəlxalq sistemdə yenidən müəyyənləşməsinin təzahürlərini əks etdirir.

Beynəlxalq münasibətlər nəzəriyyəsində "orta güc" (middle power) anlayışı ərazi və ya əhali ilə deyil, dövlətin sistemə təsir etmək qabiliyyəti ilə ölçülür.

Belə ölkələr supergüc deyillər, lakin hadisələrin gedişinə təsir edə, koalisiyalar qura, regional təhlükəsizliyə töhfə verə və qlobal gündəmdə təşəbbüslərlə çıxış edə bilirlər.

Son on beş ildə Azərbaycan məhz bu istiqamətdə inkişaf edib.

İlk mərhələ iqtisadi müstəqilliyin təmin edilməsi idi. Enerji layihələri ölkəyə yalnız maliyyə resursları deyil, geosiyasi manevr imkanları da qazandırdı.

İkinci mərhələdə hərbi güc formalaşdırıldı. 2020-ci ildən başlayaraq ərazi bütövlüyümüzün bərpası göstərdi ki, Azərbaycan təkcə beynəlxalq hüquqa istinad edən dövlət deyil, zərurət yarandıqda həmin hüququ hərbi-siyasi vasitələrlə təmin etmək iradəsinə və imkanına da malikdir.

Üçüncü mərhələ isə diplomatik təsirin genişlənməsidir. Qoşulmama Hərəkatına sədrlik, COP29-un Bakıda keçirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, Avropanın enerji təhlükəsizliyində artan rol, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanın regional aktordan daha geniş funksiyalar daşımağa başladığını göstərir.

Orta gücün əsas əlaməti hərbi qüvvənin böyüklüyü deyil. Əsas göstərici müxtəlif güc mərkəzləri ilə eyni vaxtda işləyə bilməkdir.

Azərbaycan bu gün Türkiyə ilə strateji müttəfiqdir. Eyni zamanda Avropa İttifaqının enerji tərəfdaşıdır. Rusiya ilə dialoqu davam etdirir, Çinlə iqtisadi əməkdaşlığı genişləndirir, Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyanı dərinləşdirir, İslam dünyasında fəal mövqe tutur və Qlobal Cənubun mühüm platformalarında iştirak edir.

Bu qədər fərqli geosiyasi istiqamətdə eyni vaxtda fəaliyyət göstərmək yalnız balans siyasəti deyil. Bu, orta güclərə xas diplomatik davranış modelidir.

Orta güc status, eyni zamanda, Azərbaycanın məsuliyyətini də yenidən müəyyən edir.

Belə dövlətlər regional sabitliyin istehsalçısına çevrilməlidir. Onlar yalnız öz təhlükəsizliyini deyil, qonşu coğrafiyalarda da əməkdaşlıq mexanizmlərini formalaşdırmalıdırlar. Enerji ixracatçısından enerji təhlükəsizliyinin təminatçısına, tranzit ölkəsindən logistika mərkəzinə, regional oyunçudan normativ gündəm yaradan dövlətə çevrilmək bu mərhələnin əsas çağırışlarıdır.

Məhz buna görə Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikir Azərbaycanın qarşıdakı onilliklər üçün geosiyasi hədəfini də müəyyənləşdirir.

Düşünürəm ki, prezident İlham Əliyevin səsləndirdiyi tezis dövlətin strateji identifikasiyasının tərkib hissəsinə çevrilməklə gündəmə gəlib.

Sözün açığı, növbəti mərhələ Azərbaycan üçün daha mürəkkəb olacaq.

Azərbaycan yeni statusunu davamlı iqtisadi inkişaf, texnoloji üstünlük, institusional keyfiyyət və yumşaq güc vasitələri ilə möhkəmləndirməlidir.

XXI əsrdə orta güclərin taleyini məhz bu amillər müəyyən edir.