📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış siyasi icmalçı Nurani komadadır – vəziyyəti kritikdir

2026-07-16 14:31:12

Tanınmış siyasi icmalçı Nurani komadadır – vəziyyəti kritikdir

Azərbaycanın tanınmış siyasi analitiklərindən, Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımova (Nurani) hazırda koma vəziyyətindədir.

Hurriyyet.info xəbər verir ki, onun durumu son dərəcə ağır qiymətləndirilir.

Bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial media hesabında məlumat yayıb. O bildirib ki, Nurani Qasımova hazırda həyatının ən ağır mübarizəsini aparır və vəziyyəti kritik olaraq qalır.

Musavat.com-a danışan Emil Mustafayev bildirib ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyi barədə demək olar ki, heç kimə məlumat verməyib.

Səhhəti kəskin pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib və hazırda həkimlərin nəzarəti altında koma vəziyyətindədir.

Bu xəbər Azərbaycan jurnalist cameəsində dərin kədər hissi yaradıb. Həmkarları və oxucuları tanınmış publisistin tezliklə sağalması üçün dualar edir.

1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. İxtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya olan böyük marağı onu jurnalistikaya gətirib.

O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, Minval Politika xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.

Nurani Qasımova uzun illərdir beynəlxalq münasibətlər, Rusiya, Cənubi Qafqaz, Yaxın Şərq və geosiyasi proseslərə dair analitik yazıları ilə Azərbaycanın ən nüfuzlu siyasi yazarlarından biri kimi tanınır. Onun dərin təhlilləri, peşəkar yanaşması və prinsipial mövqeyi həm media cameəsində, həm də oxucular arasında böyük hörmət qazanıb.

Nurani Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Nurani Qasımova Azərbaycan jurnalistikasında dərin iz qoymuş tanınmış qələm sahibləri – Fazil Qasımov və Dilbər Axundzadənin qızıdır.

Onun atası Fazil Qasımov uzun illər Azərbaycan mətbuatında nüfuzlu jurnalist kimi tanınıb. Anası Dilbər Axundzadə da peşəkar jurnalist kimi media aləmində böyük hörmət qazanmış simalardan olub. Son illərdə əvvəlcə Fazil Qasımov, daha sonra isə Dilbər Qasımova dünyasını dəyişib.

İndi isə həmin ziyalı və jurnalist ailəsinin istedadlı davamçısı, Azərbaycanın ən parlaq siyasi publisistlərindən biri olan Nurani Qasımovanın həyatı üçün mübarizə aparması jurnalist cameəsini dərindən sarsıdıb.

Musavat Media Qrupu olaraq həmkarımız, Əməkdar jurnalist Nurani Qasımovaya Allahdan şəfa diləyir, ailəsinə, doğmalarına və bütün həmkarlarına səbir arzulayırıq.