📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ! VÜQAR TOFİQOĞLU ÖLÜMLƏ ÜZ-ÜZƏ – Ailəsi “həyəcan təbili” çalır

2026-07-22 18:16:29

TƏCİLİ! VÜQAR TOFİQOĞLU ÖLÜMLƏ ÜZ-ÜZƏ – Ailəsi “həyəcan təbili” çalır

Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətində ciddi problemlər yaranıb.

Hurriyyet.info-nun az əvvəl əldə etdiyi məlumata görə, baş redaktor ölüm təhlükəsi ilə üz-üzədir.

Bu haqda saytımıza danışan xanımı Aypara Məmmədova deyir ki, bu gün - 22 iyul tarixində Bakı İstintaq Tədricxanasında həyat yoldaşı ilə görüşmək istəyib. O, xeyli müddət sonra çox çətin vəziyyətdə görüşə gəlsə , demək olar ki, danışmaq imkanı olmayıb. Belə ki, şiddətli böyrək ağrılarından əziyyət çəkən Vüqar Məmmədovun hazırda ayaqda durması belə mümkünsüzdür.

Xanımı deyir ki, həyat yoldaşı böyrək çatışmazlığı səbəbindən günlərdir sidiyə çıxa bilmir. Bu səbəbdən, qarın nahiyyəsində kəskin ağrılar yaranmaqla yanaşı, ayaqlarında və bədənini bir çox nahiyəsində şişkinlik əmələ gəlib.

Günlərdir baş redaktora heç bir tibbi müdaxilə olunmadığını deyən A.Məmmədovanın sözlərinə görə, həyat yoldaşının rəngi kəskin qaraldığından, qanına zəhərlənmə keçdiyini guman edir.

O bildirir ki, V.Məmmədov şiddətli ağrılar səbəbindən başını divara döydüyündən, başının bir tərəfində böyük yaralar əmələ gəlib. Buna baxmayaraq, onun vəkili ilə danışan İstintaq tədricxanasının həkimi baş redaktorun səhhətində “ciddi problem olmadığını” deyib.

Lakin xanımı bu fikirdədir ki, Vüqar Məmmədova ən qısa müddətdə tibbi müdaxilə olunmasa, həyatını itirə bilər.

Həyat yoldaşının başına gələnlərlə bağlı Bakı İstintaq rəhbərliyini, konkret olaraq rəis Elnur İsmayılovu ittiham edən Aypara Məmmədova bildirir ki, o, Vüqar Məmmədovun sağlıq durumunun kritik həddə olduğunu bilsə də, onun tibb müəssisəsinə köçürülməsinə şərait yaratmır. Rəis deyib ki, bunun üçün “yuxarılar”ın göstərişi olmalıdır, əks halda heç nə edə bilməz.

Baş redaktorun xanımı bu fikirdədir ki, V.Məmmədovun qısa müddətdə bu cür ağır vəziyyətə düşməsi şübhəlidir. Onun fikrincə, ola bilər ki, kimlərsə həyat yoldaşının ölümündə maraqlıdır.

Bu baxımdan, ölkə rəhbərliyinə müraciət edən Aypara Məmmədova təcili tədbirlər görülməsini xahiş edir: “Vüqar Məmmədovun ölümü bu dövlətə fayda verəcəksə, buraxın ölsün. Yox, əgər kimlərsə öz siyası çıxarları naminə bundan faydalanmaq istəyirlərsə, əmin olmaq lazımdır ki, onlar dövlətimizin və xalqımızın düşmənləridir. Bu baxımdan, mən cənab Prezident İlham Əliyevə müraciət edərək, ən azı dövlətimizin maraqları naminə Vüqar Məmmədovun xilas edilməsinə göstəriş verməsini xahiş edirəm”, - deyə sonda A.Məmmədova vurğulayıb.

Jalə FAMİLQIZI

Hurriyyet.info