“Təqdim edilən layihə bu boşluğu aradan qaldırır”
Milli Məclisin iclasında “Dövlət satınalmaları haqqında” Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Hurriyyet.info -un məlumatına görə, komitə sədri Azər Əmiraslanov çıxışında deyib ki, qanun layihəsi “Dövlət satınalmaları haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutur və bir konkret praktiki problemi həll edir.
Məsələnin mahiyyətinin nədən ibarət olması barədə danışan komitə sədri bildirib:
“Dövlət xəzinədarlığı büdcə təşkilatlarının xarici təchizatçılardan aldığı mal, iş və xidmətlərə görə ödənişlər edərkən, bir sıra hallarda müqavilə üzrə icra və ya avans təminatı tələb olunur. Lakin praktikada xarici təchizatçılar bu təminatları çox vaxt təqdim edə bilmirlər. Qüvvədə olan qanunda isə belə hallar üçün heç bir istisna yoxdur. Nəticədə təminat verilmədikdə xəzinədarlıq ödənişi edə bilmir və mal, iş və ya xidmət alışı, faktiki olaraq, baş tutmur”.
A.Əmiraslanov deyib ki, təqdim edilən layihə məhz bu boşluğu aradan qaldırır:
“Bunun üçün 49-cu maddəyə — yəni bir mənbədən satınalma bölməsinə — konkret mexanizm əlavə olunur. Belə ki, qeyri-rezident təchizatçı təklifi ilə birlikdə təminat öhdəliyindən azad edilməsi barədə əsaslandırılmış müraciət təqdim edə bilər. Satınalma komissiyası nəzarət orqanının razılığını aldıqdan sonra, təminatın verilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə, satınalan təşkilat on iş günü ərzində müvafiq quruma müraciət edir. Həmin qurum isə iyirmi iş günü ərzində azad etmə və ya imtina barədə qərar qəbul edir”.
Komitə sədri bildirib ki, layihədə səmərəli bir qayda da nəzərdə tutulub: azad etmə qərarından sonra on iki ay ərzində eyni təşkilat eyni təchizatçıdan eyni predmeti yenidən alarsa, təkrar qərar tələb olunmur.
A.Əmiraslanov qeyd edib ki, layihənin əhatə dairəsi məqsədli şəkildə məhduddur — yalnız bir mənbədən satınalmaya və yalnız xarici təchizatçılara aiddir:
“Azadetmə avtomatik deyil; hər bir halda ayrıca əsaslandırma və nəzarət orqanının iştirakı ilə qərar qəbul edilir. Qanunun mətnindəki digər düzəlişlər isə texniki xarakter daşıyır və bu istisnanın bütün maddələrdə uzlaşmasını təmin edir. Nəticədə layihə xarici təchizatçıların təminat verə bilmədiyi hallarda büdcə təşkilatlarının öhdəliklərinin icrasında və xəzinədarlıqda yaranan çətinlikləri aradan qaldıracaq”.
Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.