📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tereza Ananın sərvəti və xəsisliyi – o, ölənlərə İsa kimi əzab çəkməyi tövsiyə edib

2026-07-09 10:34:20

Tereza Ananın sərvəti və xəsisliyi – o, ölənlərə İsa kimi əzab çəkməyi tövsiyə edib

Tereza Ana “mərhəmət mələyi” adlandırılıb və 2016-cı ildə müqəddəs elan edilib. Lakin rahibənin şəxsiyyətinin başqa bir tərəfi də olub. Tereza ölənlərə dərman verməkdən imtina edib, QİÇS-li insanlara nifrət edib və milyonlarla dollar ayrılmasına baxmayaraq, onun monastırı çörək və cərrahi iynələr üçün vəsaitinin olmadığını bildirib.

Tereza Ana, yəni Aqnes Qonca Boyaçı 26 avqust 1910-cu ildə Serbiyanın kiçik Skopye şəhərində, indiki Şimali Makedoniyanın paytaxtında anadan olub. Tereza Ana sonradan vəftiz olunduğu 27 avqustu əsl ad günü kimi qeyd edib. Aqnes gənc ikən “Qardaşlar” adlı yerli təşkilata qoşulub, katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edərək missionerliyə maraq göstərib. Gənc yaşlarında ilahi tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia edib. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürüb.

032c3f46-6f92-489a-b28a-9256d70b7342.jpeg (1.16 MB)

Papa Tereza Ana ordeninin dünya miqyasında fəaliyyət göstərməsinə icazə verən bir fərman verib. O vaxtdan etibarən bu orden artıq sadəcə köhnə bir kilsədəki xəstəxana deyil, geniş yayılmış bir icma - katolik monastır icmalarının birliyi olub. Hindistandan kənara çıxan ordenin fəaliyyəti yüzlərlə ölkəyə yayılıb, monastırlar və kilsələr öz xəstəxanalarını, sığınacaqlarını, mərhəmət evlərini, cüzam koloniyalarını və məktəblərini yaradıblar. Xeyriyyəçilər, siyasətçilər, iş adamları, din xadimləri və beynəlxalq təşkilatlar ordenin inkişafına külli miqdarda ianələr ediblər. Tereza Ana Kəlküttədən Nyu-Yorka qədər, hər yerdə, ölüm ayağında olanlar və atılanlar üçün müalicə evləri açıb. 45 il ərzində dünya miqyasında yoxsullara, ölmək üzrə olanlara və atılmışlara kömək edib. O, hətta 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görülüb. Yoxsulluq, xəstəlik, fəlakət — Tereza Ana hər bir əhəmiyyətli hadisədə iştirak edib. O, təsəlli sözləri pıçıldayıb, xəstələri qaşıqla yedizdirib və dua etməyə çağırıb.

Rahibənin ölüm və əzab-əziyyətə xüsusi baxışı olub: o deyib ki, onlar sağalmaq yox, izzətləndirilməlidir. O, əzabları Məsihin nəcib əzabı ilə müqayisə edir və ağrıkəsicilərə qarşı olub: “Kasıbların öz taleyini, əzablarını qəbul etməsində gözəl bir şey var, məsələn, çarmıxdakı İsa. Dünya əzablardan çox şey qazanır. Əzab çəkmək İsanın səni öpməsi deməkdir.”

28ffca47-e7f4-4279-9dae-2f61fae976b1.jpeg (419 KB)

Tereza Ananın əsas şöbələri ölüm ayağında olan insanların son günlərini keçirməli olduqları evlər olub. Keçmiş könüllü, yazıçı Meri Laudon bu barədə belə yazıb:

“Görüntülər haqqında ilk təəssüratım... Bergen-Belzendən (nasist konsentrasiya düşərgəsi - red.) çəkilmiş bir fotoşəkil kimi idi, çünki bütün xəstələrin başları qırxılmışdı. Stullar yox idi, yalnız I dünya müharibəsi dövründə istifadə edilənlərə bənzər qatlanan çarpayılar var idi. Bağ, həyət yox idi - heç nə yox idi. Və düşündüm: “Bu nədir? Bunlar iki otaqdır. Birində 50-60 kişi, digərində isə eyni sayda qadın var. Hamısı ölür. Onlara, demək olar ki, heç bir tibbi yardım göstərilməyib. Onlara aspirindən başqa heç bir həb verilməyib”.

Hind əsilli britaniyalı yazıçı və həkim Arup Çatterci isə yazıb ki, ölüm ayağında olanlar üçün evlərdə səriştəli həkimlər çatışmayıb və xəstələrə qulluq çox vaxt tibbi təhsili yetərli olmayan işçilərin üzərinə düşüb. Kəlküttədə ordenin evlərində yerləşən 300-dən çox yoxsul insana 24 saat ərzində heç bir yemək verilməyib və rasion üçün lazım olan ərzaq kartları çox vaxt yalnız xristianlar üçün mövcud olub, digər dinlərin tərəfdarlarına isə təsəlli verilib.

f3e9dddd-90f0-4173-bff4-e6fffcdb143a.jpeg (450 KB)

İşçilərin əsas məqsədi xəstələri katolikliyə keçməyə inandırmaq olub. Ölüm ayağında olanlar soruşmadan vəftiz olunublar: alnına yaş dəsmal, dua - vəssalam, o katolikdir.

1984-cü ildə Hindistanın Bhopal şəhərində Amerikanın “Union Carbide” şirkətinə məxsus kimya zavodunda 60.000 litrlik zəhərli kimyəvi maddələr çəlləyi partlayıb. Dərhal 4000, bir neçə gün ərzində isə 21.000 nəfər ölüb. Tereza Ana şəhərə gəlib və sakinlərə bunun Tanrının cəzası olduğunu izah edib. O, şirkətə qarşı etirazları dayandırmağı bacarıb. Bir neçə il sonra “Union Carbide” rəhbərliyi ölənlərə və onların ailələrinə təxminən yarım milyard dollar təzminat ödəyib. Qəzaya görə heç bir amerikalı işçi məsuliyyət daşımayıb - yeddi yerli sakin həbs edilib. Tereza Ana fondu isə kifayət qədər pul alıb.

Tereza Ana katolik kimi, aborta və boşanmaya qarşı çıxıb. Lakin dostluq etdiyi və kimlərdən faydalana biləcəyi məsələsinə gəldikdə, mövqeyi dəyişib. O, İndira Qandinin kasıbları məcburi şəkildə sterilizasiya etməsi ideyasını dəstəkləyib və şahzadə Diananın Çarlzdan boşanmaq qərarını yeganə doğru qərar adlandırıb.

28db93ca-14e6-46e3-84eb-53e753003253.jpeg (409 KB)

Tereza Ana dünyanı özəl təyyarələrlə və ya biznes-sinif yerlərində gəzməyə üstünlük verib. Çox vaxt aviaşirkətlər onun uçuşlarının xərclərini özləri ödəyiblər. Tereza Ana sağlıq problemləri üzləşəndə ABŞ, İtaliya və Hindistandakı klinikalarda müalicə olunmağa üstünlük verib. O, Pittsburqdakı Müqəddəs Fransis xəstəxanasında 6500 dollarlıq katarakta əməliyyatına imkanının olmadığını bildirib, lakin bir il sonra proseduru Nyu-York dak tibb mərkəzində daha bahalı formada keçirib. Ürək əməliyyatları zamanı Tereza Ana heç vaxt ağrıkəsicilərdən imtina etməyib ki, İsa kimi əziyyət çəksin. O, ömrünün son aylarını müasir avadanlıqlarla dolu bir otaqda keçirib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün