📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Titanik” kimi batırıq...” – Televiziyanın sonu GƏLİR?

2026-07-06 18:21:34

“Titanik” kimi batırıq...” – Televiziyanın sonu GƏLİR?

REAL TV-nin efirində Azərbaycan televiziya məkanının iki tanınmış rəhbərinin səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub. Musavat.com bildirir ki, bir tərəfdən AzTV sədri Rövşən Məmmədov dövlət televiziyasının cəmiyyətdəki problemləri işıqlandırmaq, vətəndaşların səsini çatdırmaq və jurnalistikanın peşə prinsiplərinə uyğun fəaliyyət göstərmək missiyasından danışıb.

Digər tərəfdən İTV-nin baş direktoru Balakişi Qasımov daha sərt və açıq mövqe ortaya qoyaraq ənənəvi televiziyanın son illərini yaşadığını, sosial şəbəkələrin informasiya monopoliyasını əlindən aldığını və televiziyanın artıq əsasən təsdiqləyici platformaya çevrildiyini bildirib: "Mən əminəm ki, televiziya son illərini, onilliyini yaşayır. Ənənəvi formatda. Bu gün artıq ənənəvi medianın o informasiya monopoliyası yoxdur. Sosial şəbəkələr var. Hansısa hadisə baş verən kimi xəbər dərhal saytlarda və sosial şəbəkələrdə yayılır. Biz isə onu müəyyən vaxtda, öz ənənəvi formatımıza uyğun efirə veririk. Artıq o yenilik olmur. Biz batırıq, televiziya batır. Tək Azərbaycanda yox. Bu, bütün dünyada ənənəvi formatda fəaliyyət göstərən televiziyaların problemidir. Bütün dünyada ənənəvi televiziya həmin o "Titanik" gəmisidir".

Balakişi Qasımovun xüsusilə son ifadələri geniş rezonans doğurub. Bəs doğrudanmı televiziya dövrü başa çatır, sosial şəbəkələr və rəqəmsal platformalar ənənəvi televiziyanı sıradan çıxarır? Azərbaycanda televiziya kanalları auditoriyanı geri qaytarmaq üçün hansı addımları atmalıdır?

Bu kitab bəzi adamlarda qarınağrısı yaradıb” - Qulu Məhərrəmli | Modern.az

Mövzu ilə bağlı tele-tənqidçi, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb.

Professorun fikrincə, Televiziya indi özünün çox mürəkkəb, çətin dövrünü yaşayır: “Çünki indiyə qədər o, kinoya, radioya, qəzetə rəqib idi. İndi isə onun daha böyük rəqibi və televiziyanın rəqib olduğu bütün sahələrə təsir göstərə bilən yeni media, internet və onun müxtəlif media törəmələri meydana çıxıb. Bunların hamısı da, əlbəttə ki, bizim informasiya almaq, məlumatlandırılmaq sahəsində tamamilə yeni və fərqli mənzərə yaradıb.

Birinci növbədə televiziyanın auditoriyası parçalanıb. İkincisi, televiziyanın öz təbiəti ilə bağlı olan bir çox məsələlərdə, xüsusilə də məlumatın çatdırılması ilə bağlı ciddi geriləmə var. Üçüncüsü, yeni dövrə uyğunlaşmağın çətinlikləri televiziyanı xeyli dərəcədə geri salır".

Qulu Məhərrəmli televiziyanın tamam “batıb”, sıradan çıxdığını və tarix səhnəsini tərk etdiyini düşünmədiyini deyib: “Bunu dünyanın qabaqcıl təcrübəsi də göstərir. Bəs televiziya nə etməlidir? Televiziya ilk növbədə rəqabət gücünü artırmalıdır. Nəyin hesabına? Məlumatları dəqiq, dürüst çatdırmağın hesabına. Televiziya tamaşaçıları necə cəlb etməlidir? Öz auditoriyasının içərisinə girməyinin hesabına. Yəni, özünün gücünü, mötəbərliyini və peşəkarlığını saxlaya bilən televiziya yaşayacaq. Bunlar müasir televiziya üçün çox önəmlidir.

Digər bir tərəfdən, tamaşaçı nəyə görə televiziyadan üz döndərir? Bunları araşdırmaq lazımdır. İndiki halda, əlbəttə, bir çox televiziyalar sıradan çıxa bilər. Amma məsələn, universal televiziyalar qalır. Xəbər televiziyaları yaşayır. O cümlədən İctimai Televiziya tipli, tamaşaçı üçün bir çox mənbələri və xəbərləri birləşdirib çatdıra bilən televiziyalar yaşaya bilir. Bunun üçün televiziyanın sərbəst seçim imkanları, operativliyi və mötəbərliyi qalmalıdır. Bunlar qaldıqca, deməli, televiziya da qalacaq.

Avropada kim iddia edə bilər ki, BBC sıradan çıxır? Yaxud Fransanın aparıcı televiziya qurumları, Almaniyanın "ZDF" kanalı bağlanmaq təhlükəsi ilə üz-üzədir? Eyni vəziyyəti Skandinaviya ölkələrində də görürük. Orada televiziya indiki rəqəmsal dəyişikliklər fonunda da öz mövqeyini qoruyur, insanlar normal şəkildə televiziya izləməyə davam edirlər. Çünki cəmiyyətin strukturu, informasiyaya olan tələbatı və media savadlılığı kimi obyektiv amillər televiziyanın yaşamasına və inkişaf etməsinə dəstək verir.

Ona görə də bu məsələlərdə mən bədbin deyiləm. Amma başqa məsələdir ki, televiziya yenidən transformasiya olunmalı, təzədən qurulmalıdır, öz strukturuna və proqram siyasətinə yenidən baxmalıdır. Bunu edə bilən televiziyalar qalacaq, edə bilməyənlər isə təbii ki, zamanla “əriyib” gedəcəklər”.