📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Turizm və xidmət sektorunda durğunluq - Sahibkarlar narahatdır

2026-07-07 15:11:24

Turizm və xidmət sektorunda durğunluq - Sahibkarlar narahatdır

Yay aylarında adətən çimərliklərdə və istirahət məkanlarında sıxlıq müşahidə olunsa da, bu mövsüm hava şəraiti əvvəlki illərlə müqayisədə fərqli keçir. Sərin və küləkli günlərin çox olması insanların dənizkənarı məkanlara marağına da təsir göstərir. Bu vəziyyət xüsusilə turizm və xidmət sahəsində çalışan sahibkarların fəaliyyətində hiss olunur. Mövsümün gözlənilən qədər aktiv keçməməsi biznes sahiblərini narahat edən əsas məsələlərdən birinə çevrilib.

Hava şəraiti yay bizneslərinə nə dərəcədə təsir edir və ziyarətçi azlığı gəlirlərdə ciddi fərq yaradır?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yay mövsümündə fəaliyyət göstərən bizneslər üçün hava şəraiti ən mühüm amillərdən biridir.

Onun sözlərinə görə, çimərliklər, açıq havada fəaliyyət göstərən kafe və restoranlar, əyləncə mərkəzləri və digər mövsümi xidmət sahələri ziyarətçi sayından birbaşa asılıdır: “Havanın sərin, küləkli və ya yağışlı keçməsi insanların açıq məkanlara üz tutmasını azaltdığı üçün sahibkarların gündəlik dövriyyəsinə mənfi təsir göstərə bilər. Belə hallarda xüsusilə yalnız yay mövsümündə fəaliyyət göstərən bizneslər daha çox risklə üzləşirlər. Onların gəlirlərinin böyük hissəsi qısa mövsüm ərzində formalaşdığı üçün ziyarətçi sayındakı azalma ümumi mövsüm gəlirlərində nəzərəçarpacaq fərq yarada bilər. Xüsusilə həftəsonları və isti günlər üçün nəzərdə tutulan satış həcmi reallaşmadıqda, mövsümün maliyyə nəticələri zəifləyir”.

A.Nəsirli qeyd edib ki, bununla belə, təsirin dərəcəsi biznesin fəaliyyət istiqamətindən, yerləşdiyi ərazidən və təqdim etdiyi xidmətlərdən asılıdır: “Qapalı məkanlara malik obyektlər və ya xidmətlərini hava şəraitinə uyğun diversifikasiya edə bilən sahibkarlar bu cür dəyişikliklərdən nisbətən az zərər görürlər. Ümumilikdə isə hava şəraitinin uzun müddət mövsüm normalarından fərqli keçməsi yay turizmi və xidmət sektorunda gəlirlərin azalmasına səbəb ola bilər. Bu da bizneslərin mövsümi riskləri nəzərə alaraq fəaliyyətlərini daha çevik planlaşdırmasının vacibliyini göstərir”.