Türkiyə-Ermənistan yaxınlaşması regionu dəyişəcək
“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda qüvvələr balansına ciddi təsir göstərə bilər”.
Hurriyyet.info xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu analitik mərkəzi olan "Stratfor"un hesabatında deyilir.
Təhlilçilərə görə, Ankara ilə İrəvan arasında yaxınlaşma həm Türkiyənin regional rolunu gücləndirə, həm də Ermənistanın Rusiyadan asılılığını qismən azalda bilər.
“Beyin mərkəzi” qeyd edir ki, son illərdə Ermənistan və Türkiyə uzun fasilədən sonra münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlayıb: “Bu proses xüsusilə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra daha nəzərəçarpan xarakter alıb”.
"Stratfor" hesab edir ki, Ermənistan paralel şəkildə Rusiyadan daha müstəqil siyasət yürütməyə, Qərblə siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini genişləndirməyə çalışır. Bu fonda Ankara ilə münasibətlərin yaxşılaşması İrəvan üçün yeni iqtisadi və geosiyasi imkanlar yarada bilər.