Türkiyə olmadan olmaz - Fidan NİYƏ Kiyevə getdi?
Rusiya-Ukrayna müharibəsinin diplomatik müstəvidə həlli istiqamətində yeni təmaslar başlayır. Bu dəfə də prosesin əsas iştirakçıları sırasında qardaş Türkiyə yer alır. Xarici işlər naziri Hakan Fidan iyulun 15-16-da Kiyevdə olacaq. Bu səfər təkcə Ankara-Kiyev münasibətləri baxımından deyil, həm də Qara dənizdə artan təhlükəsizlik riskləri fonunda xüsusi diqqət çəkir. Türkiyə bir daha müharibənin dəniz məkanına yayılmasının qarşısının alınması və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı prinsipial mövqeyini ortaya qoymağa hazırlaşır.

Ankara yenidən vasitəçi rolunu gücləndirməyə çalışır? Türkiyənin diplomatik təşəbbüsləri müharibənin gedişinə real təsir edə bilərmi?
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, Hakan Fidanın Kiyevə səfəri Ankaranın Rusiya-Ukrayna müharibəsində yenidən aktiv diplomatik oyunçu kimi mövqeyini gücləndirmək cəhdinin növbəti mərhələsidir: “Bundan əvvəl isə, Hakan Fidan Kiyevə səfər etməzdən əvvəl Moskvada yüksək səviyyəli görüşlər keçirmişdi. Bu isə göstərir ki, Ankara ənənəvi olaraq qorumağa çalışdığı balans siyasətindən geri çəkilmir. Türkiyə bu gün NATO üzvü olsa da, Rusiya ilə siyasi, iqtisadi və enerji sahəsində əlaqələrini davam etdirən, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən nadir dövlətlərdən biridir. Məhz bu xüsusiyyət Ankaraya vasitəçilik üçün müəyyən üstünlüklər qazandırır. Vasitəçi rolunda Türkiyənin əsas hədəfi yalnız sülhə nail olmaq deyil. Ankara üçün Qara dənizdə təhlükəsizlik məsələsi artıq birbaşa milli təhlükəsizlik məsələsinə çevrilib. Müharibənin dəniz məkanında genişlənməsi, limanlara və ticarət marşrutlarına hücumların artması, enerji və logistika xətlərinin risk altına düşməsi Türkiyənin iqtisadi və geosiyasi maraqlarına toxunur. Buna görə də Ankara Qara dənizin nəzarətsiz hərbi qarşıdurma zonasına çevrilməsinin qarşısını almağa çalışır.

Odur ki, Türkiyənin son diplomatik fəallığını məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Ankara anlayır ki, müharibənin davam etməsi təkcə Ukrayna və Rusiya üçün deyil, bütün region üçün yeni təhlükələr yaradır. Xüsusilə Qara dəniz hövzəsində hər hansı ciddi eskalasiya NATO ilə Rusiya arasında riskləri daha da artıracaq. Türkiyə isə belə bir ssenarinin ilk təsirlərini hiss edəcək ölkələrdən biridir. Ankaranın vasitəçilik imkanlarına gəldikdə isə, burada gözləntiləri şişirtmək lazım deyil. Türkiyə tərəfləri eyni masa arxasına gətirə, dialoq üçün platforma yarada, humanitar məsələlərdə, əsir mübadiləsində və ya gəmiçilik təhlükəsizliyi ilə bağlı texniki razılaşmalara töhfə verə bilər. Ancaq müharibənin taleyini müəyyən edən əsas qərarlar Ankara tərəfindən verilmir”.
Siyasi təhlilçi onu da diqqətə çatdırdı ki, bu gün münaqişənin əsas düyün nöqtələri dəyişməz qalır: “Ukrayna ərazi bütövlüyü məsələsində geri addım atmır, Rusiya isə nəzarət etdiyi ərazilərlə bağlı mövqeyini dəyişmək niyyətində görünmür. Digər tərəfdən ABŞ və Avropa da təhlükəsizlik arxitekturası ilə bağlı öz şərtlərini gündəmdə saxlayır. Belə bir şəraitdə heç bir regional güc təkbaşına müharibəni dayandırmaq imkanına malik deyil. Buna baxmayaraq, Türkiyənin rolunu kiçiltmək də olmaz. Son illərin təcrübəsi göstərdi ki, tərəflər arasında birbaşa təmas imkanları azaldıqca Ankara diplomatik körpü funksiyasını yerinə yetirə bilir. İstanbul danışıqları və taxıl sazişi bunun ən aydın nümunələridir. Hazırkı mərhələdə ən real proqnoz ondan ibarətdir ki, Türkiyə yaxın aylarda vasitəçi rolunu daha da fəallaşdıracaq, xüsusilə Qara dəniz təhlükəsizliyi, humanitar məsələlər və məhdud texniki razılaşmalar istiqamətində təşəbbüslərini artıracaq. Lakin genişmiqyaslı sülh sazişi və ya tam atəşkəs üçün hələlik siyasi zəmin formalaşmayıb. Bu baxımdan Hakan Fidanın Kiyevə səfərini müharibəni bitirəcək diplomatik dönüş nöqtəsi kimi deyil, gələcək danışıqlar üçün diplomatik kanalların açıq saxlanmasına yönəlmiş strateji addım kimi qiymətləndirmək daha doğru olar. Ankara bu gün müharibəni dayandıran tərəf deyil, lakin sülhə aparan yolların tam bağlanmasına imkan verməyən əsas regional aktorlardan biri olaraq qalır”.