Türkiyəli general Trampın F-35 bəyanatını şərh etdi
Xəbər verdiyimiz kimi ötən gün ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı tətbiq edilən S-400 sanksiyalarının ləğv ediləcəyini bəyan edib.
"ABŞ-ın artıq heç bir narahatlığı yoxdur. Mən müttəfiqimizə qarşı sanksiyalar tətbiq etmək istəmirəm", – deyə Tramp vurğulayıb.
Tramp Ərdoğanın ona iki münaqişəni - İran və Ukrayna məsələlərini həll etməkdə dəstək verdiyini bildirib.
Xatırladaq ki, bir neçə il əvvəl Türkiyənin Rusiyadan S-400 "Triumf" zenit-raket kompleksləri alması NATO daxilində ciddi gərginliyə səbəb olmuş, Ankara müttəfiqləri tərəfindən sərt tənqid edilmiş, Ankara NATO müttəfiqləri tərəfindən sərt tənqid edilmiş, ABŞ isə CAATSA çərçivəsində sanksiyalar tətbiq etmiş və Türkiyəni F-35 proqramından çıxarmışdı.
Trampın bu addımı daha çox şəxsi siyasi xəttinin nəticəsidir, yoxsa ABŞ dövlət siyasətində də Türkiyəyə münasibətin dəyişdiyini göstərir? Sanksiyaların aradan qaldırılması Türkiyənin yenidən F-35 proqramına qayıtması ehtimalını artırırmı?

Mövzu ilə bağlı ehtiyatda olan türkiyəli general Yücel Karauz Musavat.com-a danışıb.
Generalın fikrincə, Trampın bəyanatı təkcə Türkiyə–ABŞ münasibətlərində deyil, NATO daxilində də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər: "Lakin bunu hələlik tam siyasət dəyişikliyi deyil, siyasi iradənin elan edilməsi kimi qiymətləndirmək daha düzgündür. Çünki sanksiyaların ləğvi və xüsusilə F-35 məsələsi ABŞ Konqresi və hüquqi prosedurlardan da asılıdır. Trampın bu addımının onun şəxsi siyasi xəttindən, yoxsa ABŞ-ın ümumi xarici siyasətindəki dəyişiklikdən qaynaqlandığı məsələsinə gəldikdə isə, hesab edirəm ki, burada hər iki amil öz rolunu oynayır. Birincisi, Donald Tramp uzun illərdir Prezident Rəcəb Tayyib Ərdoğan ilə şəxsi diplomatiyaya üstünlük verir və Türkiyəni NATO-nun əvəzolunmaz üzvü hesab edir. Bu baxımdan açıqlama onun şəxsi siyasi yanaşmasının davamıdır. İkincisi isə ABŞ dövlət strukturlarında da Türkiyəyə baxış müəyyən qədər dəyişməyə başlayıb. Bunun əsas səbəbləri bunlardır:
-Rusiyanın yaratdığı təhlükə fonunda NATO-nun cənub cinahının gücləndirilməsi;
-Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqazda Türkiyənin artan strateji rolu;
-Türkiyənin güclü müdafiə sənayesi və NATO-nun istehsal potensialına verdiyi töhfə;
-İran, Suriya və Ukrayna məsələlərində Ankaranın dialoq qura bilən nadir dövlətlərdən biri olması.
Deməli, söhbət yalnız Trampın şəxsi münasibətindən deyil, dəyişən geosiyasi reallığın Vaşinqton tərəfindən qəbul edilməsindən gedir".
General qeyd edib ki, Donald Trampın bu qərarı Türkiyənin F-35 proqramına qayıtması ehtimalını artırır. Lakin bu, Ankaranın proqrama avtomatik şəkildə geri dönəcəyi anlamına gəlmir:
"CAATSA sanksiyalarının aradan qaldırılması F-35 yolunda ən böyük siyasi maneələrdən birini zəiflədə bilər. Lakin qarşıda hələ də bir neçə ciddi məsələ qalır - ABŞ Konqresinin razılığı, S-400 sisteminin gələcək statusu, F-35-in təhlükəsizlik tələbləri, NATO daxilində texniki uyğunluq məsələləri. Bu səbəbdən yaxın perspektivdə Türkiyənin F-35 proqramına tam qayıdışı deyil, əvvəlcə mərhələli müdafiə əməkdaşlığının genişlənməsi daha real görünür. Trampın özü də F-35 satışını nəzərdən keçirəcəyini bildirsə də, hüquqi və Konqres maneələrinin qaldığını etiraf edib".

General Yücel Karauz Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran və Ukrayna məsələlərinin həllində ona dəstək verdiyi barədə açıqlamasını da şərh edib. O bildirib ki, bu bəyanat Türkiyənin son illər regional və qlobal böhranların həllində oynadığı vasitəçi rolunun Vaşinqton tərəfindən yüksək qiymətləndirildiyini göstərir:
"ABŞ Prezidenti faktiki olaraq etiraf edir ki, Türkiyə artıq yalnız regional oyunçu deyil, qlobal böhranların həllində iştirak edən əsas vasitəçilərdən biridir. Bu, Ankaranın İranla dialoq kanallarını açıq saxlaması, Ukrayna–Rusiya müharibəsində hər iki tərəflə danışa bilməsi, taxıl sazişi kimi təşəbbüslərdə əldə etdiyi təcrübə, NATO üzvü olmaqla yanaşı, regional aktorlarla əlaqələrini davam etdirməsi sayəsində mümkün olub. Beləliklə, Türkiyə “cəbhə dövləti” olmaqdan çıxaraq “danışıqlar platforması” rolunu da gücləndirir. Əgər bu proses davam etsə, qarşıdakı dövrdə aşağıdakı nəticələr mümkündür. Yəni, Türkiyə–ABŞ müdafiə əməkdaşlığında yeni mərhələ başlaya bilər, F-35 və digər yüksək texnologiyalı layihələr yenidən gündəmə gələ bilər, NATO daxilində Türkiyənin siyasi və hərbi çəkisi daha da artar, Ankara İran, Ukrayna və Yaxın Şərq məsələlərində əsas vasitəçi dövlət statusunu möhkəmləndirə bilər, ABŞ–Türkiyə münasibətləri qarşıdurma modelindən strateji tərəfdaşlığın yenilənməsi mərhələsinə keçə bilər".