📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ÜGT Baş katibi: "Azərbaycanın gömrük təcrübəsi dünya üçün nümunə ola bilər"

2026-07-13 14:53:49

ÜGT Baş katibi:

Azərbaycan gömrük xidmətinin topladığı təcrübə təkcə ölkə üçün deyil, beynəlxalq gömrük ictimaiyyəti üçün də mühüm əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Azərbaycanda ilk dəfə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Ian Saunders Dövlət Gömrük Komitəsində (DGK) təşkil edilən brifinq zamanı bildirib.

Onun sözlərinə görə, gömrük sahəsində uğurun əsas şərti ölkələrin bir-birinin təcrübəsindən faydalanması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

"Biz yalnız qlobal şəbəkənin imkanlarından maksimum istifadə etdikdə, eləcə də hər birimizin qazandığı bilik və təcrübəni paylaşdıqda qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik", - deyə İ.Sonders bildirib.

Baş katib vurğulayıb ki, ÜGT-nin Brüsseldəki qərargahında Azərbaycan gömrük xidmətinin fəaliyyəti diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

"Brüsseldə biz sizin gördüyünüz işləri izləyir və yüksək qiymətləndiririk. Ümid edirik ki, fəaliyyətinizi bundan sonra da eyni peşəkarlıqla davam etdirəcəksiniz və qazandığınız təcrübə dünyanın digər gömrük administrasiyalarının inkişafına da töhfə verəcək", - deyə o qeyd edib.

İ.Sonders, həmçinin Azərbaycanın ticarət tərəfdaşları və qonşu ölkələrin gömrük orqanları ilə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.