Ukrayna dövləti bu azərbaycanlını medalla təltif etdi - FOTOLAR
Ukraynada yaşayan daha bir soydaşımız dövlət səviyyəsində yüksək qiymətləndirilib. Yeni Müsavat Media Qrupunun Ukrayna təmsilçisi, tanınmış jurnalist və ictimai fəal Anar Natiqoğlunun redaksiyamıza verdiyi məlumata görə, Mikolayev azərbaycanlıları diasporunun lideri, əslən Azərbaycanın Salyan rayonundan olan Zaur Ağabəyov Mikolayev Vilayət Şurasının xüsusi medalı ilə təltif edilib.
Mükafat Ukraynanın Konstitusiya Günü münasibətilə keçirilən rəsmi tədbirdə təqdim olunub. Təltif qərarında Zaur Ağabəyovun Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına verdiyi şəxsi töhfə, ölkə əhalisinə və Silahlı Qüvvələrə göstərdiyi davamlı dəstək, eləcə də Mikolayevin müdafiəsi zamanı nümayiş etdirdiyi qətiyyət və vətəndaş mövqeyi xüsusi vurğulanıb.
Qeyd edək ki, Zaur Ağabəyov uzun illərdir Mikolayevdə yaşayan və şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən nüfuzlu diaspor nümayəndələrindən biridir. O, oğlu Ramil Ağabəyov ilə birlikdə Rusiyanın genişmiqyaslı hücumunun ilk günlərindən etibarən həm şəhər sakinlərinə, həm də Ukrayna ordusuna yardım göstərilməsi istiqamətində geniş fəaliyyət həyata keçirib.
Ramil Ağabəyov hazırda Mikolayev Şəhər Şurasında hakim “Xalqın xidmətçisi” Partiyasının fraksiya sədridir. O, eyni zamanda Mikolayev Rayon Hərbi Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışır.
Atalı-oğullu Ağabəyovlar xüsusilə müharibənin ən ağır mərhələlərində, rus qoşunlarının Mikolayevə cəmi 20 kilometr məsafəyədək yaxınlaşdığı günlərdə fəallıqları ilə seçiliblər. Həmin dövrdə şəhərdə ciddi su qıtlığı, çörək və ərzaq çatışmazlığı yaşanarkən onlar humanitar yardımın təşkili, əhalinin zəruri ehtiyaclarının ödənilməsi və müdafiə qüvvələrinin dəstəklənməsi istiqamətində mühüm işlər görüblər.
Mikolayev Vilayət Şurasının təqdim etdiyi bu təltif məhz həmin xidmətlərin və müharibə şəraitində göstərilən fədakarlığın rəsmi qiymətləndirilməsi kimi dəyərləndirilir.
Zaur Ağabəyovun bu mükafata layiq görülməsi Ukraynada yaşayan Azərbaycan diasporunun ölkənin müdafiəsi və ictimai həyatına verdiyi töhfələrin daha bir nümunəsi kimi qiymətləndirilir. Bu təltif eyni zamanda Azərbaycan icmasının Ukrayna cəmiyyətində qazandığı etimadın və nüfuzun göstəricisi hesab olunur.



