📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna dronları Türkiyəyə gedən qaz xəttini hədəf aldı: Rusiyada kompressor stansiyasına zərbə

2026-07-08 15:24:11

Ukrayna dronları Türkiyəyə gedən qaz xəttini hədəf aldı: Rusiyada kompressor stansiyasına zərbə

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyadan Türkiyəyə birbaşa təbii qaz nəqlini təmin edən mühüm ixrac magistralının infrastrukturunu hədəf alıb. Krasnodar diyarında yerləşən və strateji əhəmiyyət kəsb edən qaz kompressor stansiyasına hava zərbəsi endirilib.

Hurriyyet.info  xəbər verir ki, Rusiyanın dövlət enerji nəhəngi "Qazprom" şirkəti iyulun 7-si axşam saat 19:51-də Rusiya qazını Qara dənizin dibi ilə Türkiyə bazarında daxili istehlaka nəql edən "Mavi Axın" (Goluboy potok) qaz kəməri zəncirinə daxil olan "Krasnodarskaya" kompressor stansiyasının Ukrayna dronlarının hücumuna məruz qaldığını rəsmən bəyan edib. Şirkətin yaydığı rəsmi açıqlamada iddia olunur ki, bu kütləvi hava hücumu bilavasitə Türkiyə istiqamətində həyata keçirilən fasiləsiz və sabit mavi yanacaq tədarükünü tamamilə iflic etmək, ixracı dayandırmaq məqsədi daşıyıb. Rusiya tərəfi dərhal operativ tədbirlərin görüldüyünü, obyektə dəymiş zədələrin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığını və hazırda qaz nəqli prosesində hər hansı bir fasilənin və ya pozuntunun yaranmadığını, tədarükün ştat rejimində davam etdiyini vurğulayıb.

Hücum faktı Krasnodar diyarının regional hakimiyyət orqanları tərəfindən də dolayısı ilə təsdiqlənib. Vilayətin Operativ Qərargahı iyulun 7-si axşam saatlarında Krasnodarın Severnı rayonunun Smolenskaya stanisası ərazisinə vurulub salınmış Ukrayna PUA-larının qalıqlarının düşdüyünü və bunun nəticəsində yerli sənaye müəssisələrindən birinin ərazisində güclü yanğın hadisəsinin qeydə alındığını açıqlamışdı. Müstəqil hərbi-analitik mənbələr və "Astra" monitorinq qrupu hadisə yerindən yerli sakinlərin çəkdiyi video və fotoşəkilləri analiz edərək, zərbəyə məruz qalan və alovlanan həmin müəssisənin məhz "Qazprom"a məxsus "Krasnodarskaya" kompressor stansiyası olduğunu rəsmən sənədləşdirib.