📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna HHQ-nin rəsmisi: Hava hücumundan müdafiə üçün raket çatışmazlığı var

2026-07-14 13:02:30

Ukrayna HHQ-nin rəsmisi: Hava hücumundan müdafiə üçün raket çatışmazlığı var

Hazırda Ukraynada hava hücumundan müdafiə üçün ciddi raket çatışmazlığı var.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi, polkovnik Yuri İqnat bildirib.

"Bu gün bizdə ciddi raket çatışmazlığı var. Biz demirik ki, onlar ümumiyyətlə yoxdur, lakin ballistik raketlərlə hücumları dəf etmək üçün onlar kifayət qədər azdır" - o bildirib.

O xatırladıb ki, Ukrayna son bir həftə ərzində ballistik raketlərlə və ballistik trayektoriya ilə hücum edən raketlərdən 50-yə yaxın atəşə məruz qalıb və onlar müəyyən obyektiv səbəblərə görə zərərsizləşdirilməyib.

Y. İqnat vurğulayıb ki, ümumilikdə 124 raket hücumu olub və ballistika kimi hücum edən "İskəndər-M", "Sirkon", "S-300", "S-400" raketləri ilə 50-ə yaxın atış olub.

"Əvvəllər, müdafiə qüvvələrində daha çox raket - Patriot, PAC-2, PAC-3 - sistemlərinə raketlər olduğu zaman, Ukrayna müəyyən sayda raketləri məhv etmək imkanına malik idi. Ukrayna bu məsələni həll etmək üçün bütün addımları atır".

Ukrayna preventiv addımlar kimi Rusiya ərazisinə zərbələr endirir və hədəflər arasında ballistik və qanadlı raketlərə komponentləri təmin edən istehsalat müəssisələri var:

"Belə hədəfləri vurmağın çox effektiv üsuludur. Bu, düşmənin döyüş potensialını azaldır. Digər effektiv tədbir iqtisadi sanksiyalardır".

Y. İqnat ümid etdiyini bildirib ki, Ukrayna tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində öz silahını yaradacaq, onlar texnologiyalarını Ukrayna ilə bölüşəcək, "Patriot" raketlərinin, sistemlərinin birgə istehsalını etmək mümkün olacaq".