📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Məmmədovun sağlıq durumu kritik həddə çatıb – BAŞ REDAKTOR ÇƏTİNLİKLƏ YERİYİR

2026-07-17 14:05:03

Vüqar Məmmədovun sağlıq durumu kritik həddə çatıb – BAŞ REDAKTOR ÇƏTİNLİKLƏ YERİYİR

İki gün əvvəl xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzeti və “Hurriyyet TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətində problem yaranıb.

Hurriyyet.info bildirir ki, baş redaktorun qardaşı Cəsur Məmmədov az əvvəl redaksiyamızla əlaqə saxlayaraq, Vüqar Məmmədovun səhhətində yaranan problemin kritik həddə çatdığını deyib. Onun sözlərinə görə, V.Məmmədovun ürəyində yaranan problemlə yanaşı, son iki gün ərzində şiddətli böyrək ağrılarından da əziyyət çəkir. Üstəlik, ayaqlarında da şişkinlik əmələ gəldiyindən hərəkət etməsi çətinləşib.

Cəsur Məmmədov deyir ki, tədricxana şəraitində yetərli tibbi müdaxilə olmadığından, qardaşının təcili olaraq tibb müəsisəinə köçürülməsinə ehtiyac var. Əks halda Vüqar Məmmədov ölümə tərk edilər.

Xatırladaq ki, V.Məmmədov həbsdən öncə anju (angioqrafiya) olunub və bir neçə gün əvvəl ürəyində ciddi ağrılar baş qaldırıb. Bu baxımdan, onun tibb müəsisəsinə köçürülməsi üçün vəkili tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Baş redaktor hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

Jalə FAMİLQIZI

Hurriyyet.info