Vüqar Rəhimzadə: Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana səfəri münasibətlərin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövr üçün yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O qeyd edib ki, hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir.
Milli Məclisin deputatı vurğulayıb ki, əməkdaşlıq əlaqələrinin uğurlu inkişafında sabitlik, təhlükəsizlik amili də əhəmiyyətli rol oynayır.
"Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk. Bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen vurğuladı ki, Avropa İttifaqı regionun parlaq gələcəyinə inanır. Beləliklə gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq".
Millət vəkili bildirib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür.
"Azərbaycanın bütün sahələrdə zəngin təcrübəsi, uğurları, dünyanın enerji təhlükəsizliyinə verdiyi davamlı töhfələr, dünyaya təqdim etdiyi sülh modeli beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Avropa Komissiyasının Prezidentinin səfəri bunun bariz nümunəsidir".