📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VÜQAR TOFİQOĞLU ÖLÜMƏ TƏRK EDİLİB? – “Hürriyyət” Milli Mətbuat Günündə Prezidentə müraciət etdi

2026-07-22 12:19:08

VÜQAR TOFİQOĞLU ÖLÜMƏ TƏRK EDİLİB? – “Hürriyyət” Milli Mətbuat Günündə Prezidentə müraciət etdi

“Hürriyyət” qəzetinin kollektivi həbsdə olan baş redaktor Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətində yaranmış problemlə bağlı Milli Mətbuat Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Hurriyyet.info qəzetin baş direktoru Cəsur Məmmədovun imzası ilə ünvanlanan həmin müraciəti olduğu kimi dərc edir:

“Cənab Prezident!

Diqqətinizə çatdırmaq istəyirik ki, “Hürriyyət” qəzetinin və “Hürriyət” TV-nin baş redaktoru Vüqar Məmmədov 29 oktyabr 2025-ci il tarixindən həbsdədir. Həmin tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin “Hürriyyət” qəzetinin və “Hürriyət” TV-nin redaksiyasında keçirdiyi əməliyyat nəticəsində saxlanılan baş redaktor Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham olunur.

Təxminən 7 ay  DTX-nın istintaq təcridxanasında saxlanılan baş redaktor daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürüldü.

Çox təəssüflə qeyd edirik ki, əvvəllər də sağlıq durumunda problem olan Vüqar Məmmədovun, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılma şəraiti əlverişsiz olduğundan, səhhətində ciddi problem yaranıb. Belə ki, baş redaktor kəskin ürək ağrıları ilə yanaşı, böyrək çatışmazlığı problemi ilə üzləşib. Ayaqlarında şişkinlik əmələ gəldiyindən, hərəkət etməsi də çətinləşib.

Cənab Prezident!

Milli Mətbuat Günündə Sizdən xahiş edirik ki, “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovun müalicə olunması üçün tibb müəsisəsinə köçürülməsinə, eləcə də məhkəmə istintaqı müddətində onun ev həbsində qalmasına göstəriş verəsiniz.

İnanırıq ki, fəaliyyəti boyu dövlətçilik mövqeyində dayanan, hər zaman Sizin - Azərbaycan Prezidentinin siyasətini dəstəkləyən bir jurnalistin həbsdə ölməsi nə cəmiyyətimizin, nə də dövlətimizin maraqlarına xidmət etmir.

Sizdən xahiş edirik ki, “Hürriyyət”in baş redaktoruna açılmış cinayət işini şəxsi nəzarətinizə götürəsiniz və ədalətin bərqərar olmasına göstəriş verəsiniz”.

Hurriyyet.info