📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Tofiqoğlu təcridxanada hüquqlarından məhrum edilib – SİFARİŞÇİNİN ÜNVANI BƏLLİ OLDU

2026-06-01 13:59:28

Vüqar Tofiqoğlu təcridxanada  hüquqlarından məhrum edilib – SİFARİŞÇİNİN ÜNVANI BƏLLİ OLDU

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında cidid təzyiqlərə məruz qalır.

Hurriyyet.info xəbər verir ki, bu barədə baş redaktorun qardaşı Cəsur Məmmədov saytımıza açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən həftə V.Məmmədov onunla telefon əlaqəsi yaradaraq, bir çox hüquqlarından məhrum edildiyini deyib. Baş redaktor bununla əlaqədar təcridxana rəhbərliyinə dəfələrlə etirazını bildirsə də, heç bir tədbir görülməyib.

Sonradan müəyyən şəxslər vasitəsilə Vüqar Məmmədova belə bir informasiya ötürülüb ki, bu məsələdə Bakı İstintaq Təcridxanası rəhbərliyinin heç bir rolu yoxdur, sifariş Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) gəlib.

Cəsur Məmmədovun sözlərinə görə, Vüqar Məmmədovun DTX tərəfindən qanunsuz olaraq həbs edildiyi mətbuatda geniş ictimailəşdirildiyi üçün bu qurum ona təcridxanada da təzyiq göstərir. Məqsəd baş redaktoru susdurmaq və qanunsuz həbsinə etiraz etmək imkanından məhrum etməkdir. Bu səbəbdən, onun ailə üzvləri ilə görüşməsinə də məhdudiyyətlər tətbiq olunub.

Saytımız vasitəsilə DTX rəisi Əli Nağıyevə müraciət edən baş redaktor xahiş edir ki, onunla bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə sifariş verən şəxslər aşkara çıxarılaraq barələrində müvafiq tədbirlər görülsün və ona qarşı təzyiqlər dayandırılsın.

Hurriyyet.info